
İtaliyanın nəhəng futbol klubları “İnter” və “Milan” San-Siro stadionunu əvəz edəcək yeni arenanın layihəsini təqdim ediblər. 71 min 500 tamaşaçı tutumuna malik olacaq stadionun 2031-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihənin diqqətçəkən məqamlarından biri isə 20 il müddətinə bağlanan və ümumi dəyəri 650 milyon avro olan sponsorluq müqaviləsidir.
Qaynarinfo xəbər verir ki, klublar İtaliyanın sığorta şirkəti “Generali” ilə stadionun ad hüququna dair razılığa gəliblər. Yeni arena bu müqaviləyə əsasən “Generali Stadionu” adlandırılacaq. Tərəflər razılaşmanı qlobal idman dünyasında ən böyük stadion adlandırma müqavilələrindən biri kimi qiymətləndiriblər.
Mövcud planlara görə, lazımi icazələr alındıqdan sonra tikinti işlərinə 2028-ci ildə başlanılacaq. Arenada ilk matçın isə 2031-2032-ci il mövsümündə keçirilməsi nəzərdə tutulur. Beləliklə, stadionun Türkiyə və İtaliyanın birgə ev sahibliyi edəcəyi AVRO-2032 futbol çempionatına qədər hazır olması hədəflənir.
Yeni stadionun memarlıq konsepsiyası Milanın məşhur Duomo Katedralinin dizaynından ilhamlanaraq hazırlanıb. İki mərtəbəli tribunalar 360 dərəcəlik bütöv quruluş yaradacaq. Arenanın hər iki tərəfində azarkeş tribunaları dik divar formasında yüksələcək, oturacaqların 37 dərəcəyədək maililiyi isə tamaşaçıların meydançaya daha yaxın olmasına imkan verəcək.
Layihə yalnız stadionun tikintisi ilə məhdudlaşmır. Ərazidə ictimai məkanların, yaşıllıq sahələrinin, əyləncə və ticarət obyektlərinin yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, 1926-cı ildə inşa edilən San-Siro stadionu uzun illər “İnter” və “Milan”ın ev oyunlarına ev sahibliyi edib. Yeni layihə ilə Milan futbolunda yeni mərhələnin başlanması planlaşdırılır.
Aydın