
Dünyanın ən böyük kriptovalyuta birjalarından biri olan Binance mümkün təhlükəsizlik pozuntusu ilə üzləşib. İlkin araşdırmalara əsasən, insidentin ümumi maliyyə təsirinin 6,3 milyard dollara çata biləcəyi bildirilir. Şirkət indiyədək təxminən 3 milyard dollar dəyərində kriptoaktivin blokçeyn üzərində dondurulduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Binance şirkətinin açıqlamasında bildirilib. Şirkətin məlumatına görə, dondurulan aktivlərin təsdiqlənmiş ümumi məbləği hazırda 2,54 milyard dollardır. Araşdırmalar davam etdikcə bu rəqəmin artacağı istisna edilmir.
İlkin ehtimallara görə, hücum şirkətin proqram təminatı və sistem infrastrukturuna cavabdeh mühəndislərindən birinin kompüterinin ələ keçirilməsi nəticəsində baş verib. Hücum edən şəxslərin bu yolla Binance-in xidmət infrastrukturuna giriş əldə edərək icazəsiz pul köçürmələri həyata keçirdiyi güman olunur. Bununla belə, kriptovalyuta cüzdanlarının özəl açarlarının ələ keçirilməsinə dair hələlik hər hansı sübut aşkarlanmayıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində platformada depozit və vəsait çıxarılması əməliyyatları müvəqqəti dayandırılıb. Şirkət itkilərin istifadəçilərin qorunması üçün yaradılmış SAFU fondu və öz maliyyə resursları hesabına tam qarşılanacağını bəyan edib. Binance həmçinin istifadəçi vəsaitlərinin təhlükəsiz olduğunu vurğulayıb.
Şirkətin təsisçisi və keçmiş rəhbəri Çanpen Çjao da sosial şəbəkədəki açıqlamasında istifadəçilərin aktivlərinin qorunduğunu bildirib. O, Tether və Circle şirkətlərinin müvafiq olaraq təxminən 971 milyon və 823 milyon dollar dəyərində aktivləri qısa müddətdə dondurmasını müsbət qiymətləndirib.
Binance TR isə Türkiyədəki platformanın xidmətlərinin fasiləsiz davam etdiyini və bütün istifadəçi aktivlərinin təhlükəsiz olduğunu açıqlayıb.
Hadisə ilə bağlı xəbərlərdən sonra Bitcoin və digər kriptovalyutaların qiymətlərində də eniş qeydə alınıb. Binance araşdırma başa çatdıqdan sonra insidentin texniki təfərrüatlarını və yenilənmiş ehtiyat məlumatlarını əhatə edən hesabat dərc edəcəyini bildirib.
Aydın