

“Ey mənim gözəl bacım Nazlı, səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox! Bax, həyətdə gün çıxıb, sən ki, onu görməyəcəksənsə, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, ağaclar çiçək açıb, amma nəyə lazımdır sənsiz o çiçəklər, o çəmənlər?”
Mirzə Cəlil, "Ölülər".
Bəli, böyük Mirzə Cəlildən başlamaq istədik sözümüzü. Sözümüz də yenə hicab haqdadır. Deyəsən, mövzu bir az səngiyib. Şükür ki, növbəti müsibət qurulmadı, Bakının hansısa kəndi “anklava” çevrilmədi, amma cəhdlər çox oldu, min şükür alınmadı.
Mənim məsələdə diqqətimi çəkən yenə də bir detal oldu. Hamımız nədənsə narazı ola bilərik, amma bu, o demək deyil ki, cəmi narazılarla, hətta “qatıq qaradır” deyən narazılarla da birləşməliyik.
Bəşəriyyət böyük yol keçib. Qadınlara böyük hüquqlar verilib, bunlar dəyərləndirilməlidir. Amma bizdə, hətta cəmi müsəlman şərqində hamı təzədən köhnəni qaytarmaq istəyir. Nədir bu? İlk dəfə Frommun qələmə aldığı “azadlıqdan qaçış”mı?
Heç kim demir ki, Azərbaycanda hicab tamam qadağandır, guya polis küçədə hicablı xanım görəndə tutub onu cəzalandırmalıdır. Yox, belə şey yoxdur. Amma biri var özü qərar qəbul edən yaşlı xanım, biri də var uşaq! Biri var dini təhsil məktəbi, biri də var dünyəvi təhsil məktəbi!
Məscidə girən, pirə daxil olan bütün qadınlarımız baş örtüyündən istifadə edirlər. Kimsə bunları yasaq etməyib. Amma icazə verin uşaqların himayəçisi belə məsələlərdə dövlət özü olsun, axı onlar hələ özləri qərar verməkçün zəruri yaşa çatmayıblar...
Həm də kimə və ya nəyə lazımdır bütün bunlar? Bütün dünyaya Əfqanıstan və onun talibləri, İran və onun “əxlaq polisi” bəs etmirmi? Yetmədimi? Bəs etmədimi? Gəlin, bir fikirləşək: azad olmayan qadının, savadsız bir qadının, mövhumatçı bir qadının dünyaya gətirdiyi uşaq kim olacaq? Onun missiyası dünyaya taliblər, iranlı “molla”lar üçün qul gətirməkdirmi? Nə olacaq bunun axırı? Yeni–yeni Şeyx Nəsrullahlar peyda olmayacaqmı?
Bir tərəfdən süni intellektdən danışırıq, o biri tərəfdən gecəbəgündüz xanımlar üçün qadağalar-yasaqlar fikirləşirik, unuduruq ki, axı qadın da insandır.
Əvvəlcə bu xüsusda böyük Mirzə Cəlil, daha sonra Cəfər Cabbarlı böyük və gözəl sözlər yazmışdı. Həqiqətən də kimə lazım? Gözəl insan gözəl dünyadan, gözəl dünya da gözəl insandan gizlənəcəksə kimə lazım onlar? Nəyə lazım onlar?
Baxırsan, gənc xanımdır. Amma ikicə gözləri görünür. Olub ki, yaxınlaşıb soruşmaq istəmişəm ki, qızım, kimdən, nədən gizlənirsən? Bəlkə ehtiyatlanırsan? Amma dərhal da vaz keçmişəm bu fikrimdən, ona görə ki, yaşlı adamam, hörmətsiz olmaq istəmirəm. Həm də bir şəxsi iş sayılır bu. Amma örtüklü qadın (hicab, çadra, pərəncə və s.) tərbiyə etdiyi övladını da bu səmtə yönəldəcək. Sonrası nə olacaq? İsgəndərlər yenə də işkiyə qurşanacaqmı?..
Demokratiyanın da çox zəif tərəfləri var, heç də həmişə müdafiə edə bilmir özünü. Qadın azadlıqlarının əleyhdarları indi bunu onunla izah edir, əsaslandırırlar ki, hicabdan, çadradan, pərəncədən istifadə etmək də qadın üçün azadlıq məsələsidir. Qadınları demirik, amma bu işdə canfəşanlıq edənləri əslində başqa şeylər maraqlandırır: bəli, bu gün hicab, sabah pərəncə, ertəsi gün də bəyanatlar ki, qadına təhsil lazım deyil, onun elmi bozbaş bişirməyi öyrənməkdir...
Ona görə də belə adamlara dəstək verməyə tələsməyin. Qonşu İranda “molla”ların 80 milyon insanı necə aldatmasını gözümüzlə gördük. Taliban da hamımızın gözü qabağında gəlib keçdi yuxarı başa. Yoxsa bizə də bu lazımdır? Demokrat tək qalar, amma anti-demokratla birləşməz, çünki gec-tez belə “ittifaq”ın bədəlini ödəmək lazım gələcək.
Hüseynbala Səlimov