
Misli Premyer Liqasının IX turu bir sıra əlamətdar hadisələrlə yadda qalıb. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov rəhbərliyi altında 250-ci oyununa çıxıb, Davit Volkov isə komandanın heyətində çempionatda 40-cı qolunu vurub. Turda, həmçinin “Turan Tovuz” 150-ci liqa matçını keçirib, “İmişli” 10-cu qələbəsini qazanıb, “Sabah” isə son 10 mövsümün rekordunu təkrarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı yazıb.
“Zirə”nin “Sumqayıt” üzərində 3:2 hesablı qələbəsi Rəşad Sadıqov üçün yubileylə əlamətdar olub. 2020-ci ilin iyulundan komandaya rəhbərlik edən mütəxəssisin başçılığı altında qəsəbə təmsilçisi 250 matç keçirib. Bu görüşlərin 206-sı Premyer Liqada, 28-i ölkə kubokunda, 16-sı isə avrokuboklarda olub.
Sadıqovun rəhbərliyi altında “Zirə” 112 qələbə qazanıb, 76 heç-heçə edib və 62 dəfə məğlub olub. Komanda bu oyunlarda 316 qol vurub, 237 top buraxıb. Baş məşqçinin debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər matçına təsadüf edib. Həmin görüş 1:1 hesabı ilə başa çatıb.
“Zirə”nin “Sumqayıt”la qarşılaşmasında fərqlənən Davit Volkov da şəxsi yubileyini qeyd edib. Gürcüstanlı hücumçu klubun heyətində Premyer Liqada 40-cı qolunu vurub. O, bu göstəriciyə 121-ci oyununda çatıb və orta hesabla hər matçda 0,33 qol vurub.
Volkov Azərbaycan çempionatlarının yüksək liqa tarixində eyni klubun heyətində 40 və daha çox qol vuran 30-cu futbolçu olub. O, bu göstəricidə Fernando Peres (“Bakı”) və Mehman Allahverdiyevlə (“Kəpəz”) eyni nəticəyə malikdir. Rekord isə “Qarabağ”ın heyətində 109 qol vuran Müşfiq Hüseynova məxsusdur.
Turun digər əlamətdar hadisəsi “Turan Tovuz”la bağlı olub. Komanda “Neftçi” ilə səfər matçında 1:1 hesablı heç-heçə edərək Premyer Liqada 150-ci oyununu keçirib. Bu qarşılaşmaların 74-ü evdə, 76-sı səfərdə baş tutub. Tovuz təmsilçisi 58 qələbə qazanıb, 42 heç-heçə edib və 50 dəfə uduzub. Komanda bu müddətdə 186 qol vurub, 174 top buraxıb.
Beləliklə, “Turan Tovuz” Azərbaycan çempionatının tarixində ən azı 150 oyun keçirən 26-cı komanda olub. Klubun Premyer Liqadakı ilk matçı 2022-ci il avqustun 8-də “Qəbələ”yə qarşı baş tutub və 0:2 hesabı ilə yekunlaşıb.
“İmişli” də IX turda yubiley qələbəsini əldə edib. “Şamaxı” ilə görüşdə 2:1 hesabı ilə qalib gələn komanda Premyer Liqada 10-cu dəfə üç xal qazanıb. İmişli təmsilçisi bu nəticəyə 42-ci matçında nail olub. Qələbələrin ikisi evdə, səkkizi isə səfərdə əldə edilib. Bununla da “İmişli” ölkə çempionatının tarixində ən azı 10 qələbə qazanan 52-ci komanda kimi qeydə alınıb. Komandanın ilk qələbəsi 2025-ci il avqustun 31-də “Sabah”la səfər oyununda 1:0 hesablı nəticə ilə əldə olunub.
Turun diqqətçəkən göstəricilərindən biri də “Sabah”ın müdafiə performansı olub. Paytaxt təmsilçisi çempionatın ilk səkkiz oyununda cəmi bir qol buraxaraq orta hesabla hər matça 0,125 top göstəricisi ilə yadda qalıb. Bununla komanda Misli Premyer Liqasının tarixindəki rekordu təkrarlayıb.
1992-ci ildən keçirilən ölkə çempionatında bu nəticəyə ümumilikdə beşinci dəfə imza atılıb. Sonuncu dəfə belə göstərici 2016/2017 mövsümündə “Qəbələ” tərəfindən qeydə alınıb. Daha əvvəl isə 2001/2002 mövsümündə “Neftçi” bu uğura nail olub, altı il sonra AZAL, daha doqquz il sonra isə “Xəzər Lənkəran” həmin nəticəni təkrarlayıb.