Xəbər lenti

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi
Dünya23:40 25.10.2026

Qrenlandiyada 60 il unudulan torpaq nümunələri alimləri təəccübləndirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qrenlandiyada təxminən 60 il əvvəl götürülmüş torpaq nümunələrinin araşdırılması adanın keçmiş iqlimi ilə bağlı maraqlı faktları üzə çıxarıb. Məlum olub ki, təxminən 400 min il əvvəl ərazinin hazırda buzla örtülü olan hissəsi buzdan azad olub, yay temperaturu isə indiki göstəricilərdən 4,7 dərəcə yüksək olub.

Qaynarinfo xəbər verir ki, bu barədə “Phys.org” nəşri məlumat yayıb.

Nümunələr 1960-cı illərdə ABŞ-nin Soyuq müharibə dövründə həyata keçirdiyi məxfi hərbi layihə çərçivəsində, təxminən 1,6 kilometr qalınlığında buz təbəqəsinin altından götürülüb. Həmin vaxt amerikalı hərbçilər “Camp Century” adlı baza yaratmağı və buz örtüyünün altında nüvə raketləri üçün sığınacaqlar sistemi qurmağı planlaşdırırdılar. Lakin nümunələr uzun müddət unudulub və yalnız 2018-ci ildə yenidən alimlərin diqqətini cəlb edib.

Buffalo Universitetinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqat qrupu çöküntülərdə qorunub qalmış bakteriyaların istehsal etdiyi yağ turşularını təhlil edib. Bu molekulların tərkibi temperaturdan asılı olaraq dəyişdiyinə görə alimlər keçmişdəki iqlim şəraitini müəyyənləşdirə biliblər.

Araşdırmanın ilk müəllifi Con Maykl Aquiler bildirib ki, nisbətən isti dövrün Qrenlandiya buz örtüyünün əhəmiyyətli dərəcədə geri çəkilməsi ilə üst-üstə düşməsi diqqətçəkən nəticədir. Alimlərin hesablamalarına görə, nümunələrin götürüldüyü “Camp Century” ərazisinin buzdan azad olması üçün Qrenlandiya buz örtüyü həmin bölgədə indiki sərhədindən 97 kilometrdən çox geri çəkilməli idi.

Tədqiqat göstərib ki, buzlaqların əriməsində yalnız temperaturun səviyyəsi deyil, isti iqlimin nə qədər davam etməsi də mühüm rol oynayır. Təxminən 5–10 min il əvvəl Qrenlandiyada yay temperaturu bəzi göstəricilərə görə qədim isti dövrdəki səviyyəyə yaxın olsa da, “Camp Century” yenə buz altında qalıb. Ehtimala görə, təxminən 416 min il əvvəl isti iqlim on minlərlə il davam edib və buz örtüyünün daha çox əriməsinə şərait yaradıb.

Bununla belə, alimlər keçmişdəki iqlim dəyişikliklərini müasir dövrlə birbaşa müqayisə etməyin düzgün olmadığını vurğulayırlar. İnsan fəaliyyəti nəticəsində baş verən hazırkı qlobal istiləşmə daha sürətli gedir. Araşdırma isə uzunmüddətli istiləşmənin Qrenlandiyanın buz örtüyünə necə təsir göstərə biləcəyini anlamaq baxımından əhəmiyyətlidir.

Aydın