

Rəhmətlik Turqut Özalın oğlu var, adı Ahmet Özal. Oğul Özal Türkiyədə özünün qalmaqallı açıqlamaları ilə məşhurdur. Atasının şübhəli ölümünü daim diqqət mərkəzində saxlayan, hədəfləri fərqli istiqamətlərə yönəldən Ahmet bəy “babamı filankəs öldürdü” deyimi ilə gündəmə gəlib. Həmin o “filankəs” yerində isə fərqli adlar, fərqli təşkilatların adı çəkilib. Ötən müddət ərzində bu iddiaların heç biri öz rəsmi təsdiqini tapmayıb, beləcə dövlət rəhbərinin ölüm işi ciddiyyətdən çıxıb, zarafat mövzusuna çevrilib.
Allah Turqut Özala rəhmət eləsin, Azərbaycanın çətin günlərində bizə arxa-dayaq olduğunu, qardaş köməyini bizdən əsirgəmədiyini yaxşı xatırlayırıq. Biz onu kimin öldürdüyünü bilmirik. Ümid edirik ki, bu ölüm işində hansısa sirr varsa onu aşkara çıxarıb, günahkarları cəzalandıracaqlar. Bununla da atasını itirən Ahmet Özal da nigaran qalmayacaq, atasının ölümünə görə araşdırmalar aparıb, fərqli adlar çəkməkdən qurtulacaq.
Biz isə qayıdaq futbolla bağlı fikirlərimizi bölüşməyə. Turqut Özalı kimin öldürdüyü bilməsək də, “Turan Tovuz”la oyunda “Neftçi”ni “öldürən” adamın kimliyini bilirik. Yox, bu dəfə “Neftçi” azarkeşlərinin hakimlərdən şikayətlənməsi, hakimləri günahlandırması üçün səbəb yoxdur. Əksinə, Əli Əliyev və onun VAR-da oturan həmkarları oyundakı iki qırmızı vərəqə epizodundan birində “Neftçi”yə güzəşt etməklə “ağ-qaralar”ı görüşü 9 nəfərlə başa vurmaqdan qorudular. Amma 29-cu dəqiqədə meydandan qovulan İqor Ribeyro hakimlər qədər “Neftçi”yə fayda verib, komandasını azlıqda qalmaqdan xilas edə bilmədi.
Əli Əliyevin ciddi qayda pozuntusu kimi protokola saldığı, əslində “Turan Tovuz”un futbolçusu İbrahima Vadjiyə ölümcül xəsarət yetirə biləcək kobudluğa görə müdafiəçi yarım saat tamam olmamış meydandan qovuldu. Yeri gəlmişkən, Ribeyro bununla da “Turan Tovuz”a qarşı keçirdiyi oyunlarda üçüncü dəfə meydandan qovulmuş oldu. Ötən mövsüm onun qırmızı vərəqə alıb, “Neftçi”ni azlıqda qoyduğu görüşdə “Turan Tovuz” Bakıdan 3 xal aparmışdı. Bu dəfə “Turan Tovuz” qələbə qolunu vura bilməsə də, “Neftçi”ni vacib iki xaldan məhrum etdi. Bununla da ardıcıl üçüncü görüşdə “Neftçi” qələbə qazana bilmədi.
Breno Almeyda qolçuluq məharətini göstərib, Rüfət Abbasovun gözəl ötürməsini tora qovuşdurmaqla “Neftçi”nin fasiləyə qalib yollanmasını təmin etmişdi. Hücum potensialı o qədər də yüksək olmayan “Turan Tovuz” çətin ki, “Neftçi”yə cavab verib, məğlubiyyətdən qaça bilərdi. Amma bunun üçün komandalar meydanda eyni sayda futbolçu ilə oynamalıydılar. Azlıqda qalan “Neftçi” rəqibinə sonadək müqavimət göstərib, qapısının toxunulmazlığını qoruya bilmədi. “Neftçi”nin qapısına vurulan qolun dəqiqəsi də qələbənin əldən çıxmasına məhz fiziki yorğunluq səbəbindən müdafiədə boşluq verilməsinə işarədir. Bu boşluq və yorğunluq da komandanın azlıqda qalmasından qaynaqlanır.
Yuri Vernidub İqorun qırmızı vərəqəsiylə bağlı suala ötəri cavab verib. Deyib ki, onun beyninin içində nə olduğunu bilmir. Müdafiəçinin rəqibə qarşı bu cür amansız davranmasının səbəbini bilmək üçün onun beyninə girməyə ehtiyac yoxdur, cənab Vernidub. Siz bu komandanın baş məşqçisi kimi onların davranışına cavabdehsiz, həm də onlardan hesabat tələb etməlisiz. Qoy futbolçu izah etsin ki, rəqibinə ciddi xəsarət yetirəcək bu davranışın səbəbi nə idi? Bu hədsiz aqressiyası ilə İqor təkcə Vadjinin həyatını təhlükəyə atmadı, həm də “Neftçi”yə zərbə vurdu. Deməli, müdafiəçiyə AFFA-nın kəsdiyi cəzayla yanaşı klub da cəza verməlidir. Belədə digərləri də meydandakı davranışlarına diqqət yetirəcəklər.
Kim bilir, Ribeyronun bu aqressiyası “Neftçi” üçün hansı fəsadlara yol açacaq? İtirilən vacib iki xal “Neftçi”ni mövsümün sonunda medala, yaxud da avrokuboklara vəsiqəyə həsrət qoyacaqmı?! Yaşayarıq, görərik.
Amal Abuşov