XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Fənərbaxça"nı Bakıya gətirmək arzusu
Amal Abuşov
İdman12:20 04.10.2026

"Fənərbaxça"nı Bakıya gətirmək arzusu

“Qonaq qəbul eləmək sizin üçün pambıq yığmaq deyil. Bu çox ciddi bir məsələdir. Qonaq üçün süfrə açarlar, süfrə! Yoxsa o tarla sənin, bu tarla mənim... Kabab, plov, qırqovul” (“Görüş” filmindən).

Deyəsən, “Fənərbaxça”nı Bakıya qonaq çağıran “Turan Tovuz”in idarəçiləri bu səfərin təşklinə məhz “Görüş” filmindəki nöqteyi-nəzərdən yanaşıblar. Əks halda adicə bir yoxlama görüşünün təşkilatçılığında bu qədər problem yaşanmazdı. Hava limanında qarşılaşnan qonaqlar Bakıdakı dəbdəbəli restoranların birində şam yeməyinə aparılıb. Masaların üzərinə milli və Avropa mətbəxindən təamlar doldurulub, futbolçuların qarşısında rəqqasələr və incəsənət adamları çıxış edib.

Bura qədər hər şey əla, mükəmməl. “Görüş” filmindəki Şıxəli demişkən, qonağa süfrə açıblar. Amma bu süfrənin təşklinə o qədər diqqət və zaman ayrılıb ki, beynəlxalq səviyyəli yoldaşlıq görüşünün peşəkar şəkildə təşkili üçün zəruri addımlar atılması unudulub. Düzdür, hər bir işdə qüsur olur. Lakin “Turan Tovuzun” gördüyü bu dəfəki işdəki qüsurlar o qədər ciddi və gözəbatan oldu ki, onları görməzdən gəlmək mümkün deyildi. Futbolçularla birlikdə meydana çıxan azyaşlıların geyimlərinin üst hissəsi nostalji dolu idisə, uşaqların şalvarlarının fərqli rənglərdə olması ümumi görüntüyə xələl gətirirdi. Uşaqlara verməyə eyni rəngli şort hazırlanmamışdısa və ya hava soyuq olduğuna görə onların isti geyinməsi düşünülmüşdüsə, əvvəlcədən valideynlərə tapşırmaq olardı ki, hamı övladını eyni rəngdə şalvarla stadiona gətirsin.

Geyim məsələsinin üzərindən keçək, deyək ki, “Turan Tovuz”un bu səviyyədə oyunun təşkilatçılığı ilə bağlı təcrübəsi olmayıb. Amma himnlər çalınarkən ortaya çıxan xoşagəlməz mənzərəni gözardı etmək mümkün deyil. Heç kimin yadına düşməyib ki, əvvəlcədən futbolçulara himnlərin səsləndiriləcəyi ilə bağlı xəbərdarlıq edilsin? Himnləri səsləndirən texniki işçi ən azından görə bilərdi ki, futbolçular hazırlıqlı deyil və himnin səsləndirilməsini bir qədər yubadıb aşağıda nizam-intizamın yaradılması ilə bağlı rəsmilərin hansınasa məlumat verilərdi. Məktəbli uşaq da bilir ki, himn çalınarkən farağat dayanmaq lazımdır. Deyəsən, bunu “Turan Tovuz”un futbolçuları bilmirdi. Yaxud da adamlar Türkiyənin himnini heç vaxt eşitməyiblər, səsucaldıcılardan gələn səsin hansısa musiqi və ya marş olduğunu düşünüb, meydanda ora-bura qaçmağa başlayıblar. İstənilən halda bu məsələnin üzrü günahından betər olacaq.

Bütün Türkiyə futbolu “Fənərbaxça”nın əməllərindən, hakimlərə və “fair-play” qaydalarına sayğısızlığından əziyyət çəkir. Təəssüflər olsun ki, İstanbuldan gələn əziz qonaqlarımız bunu Bakıda da gizlədə bilmədilər. Rəqibinə qarşı sərt oyunun, təpik atıb ayağa zərbə vurmağın cəzası hər yerdə qırmızı vərəqədir. Buna etiraz etməyi, rəqibi və hakimi şantaj etməyə çalışıb, meydan çəkiləcəyinə işarə verməyi “Fənərbaxça”dan başqa kim bacarardı?! Böyük Atatürk “mən idmançının əxlaqlısını sevərəm” deyib. Deyəsən, türk millətinin ulu öndərinin sözlərini “Fənərbaxça”nın futbolçularına deyən olmayıb. Yaşlı-başlı məşqçilərin də futbolçulara qoşulub, hakim Rəvan Həmzəzadəyə etiraz bildirməsi, sonra da heç nə olmamış kimi 11 nəfərlə oynamağa razılaşması hansı çərçivəyə sığır?

Oyundan əvvəl mətbuat konfransının keçirilməməsini, məşqçilərin qarşıdakı oyunla bağlı fikirlərini bölüşməməsini başa düşdük. Adamlar qonaqları restorana aparıb ziyafət verməyə tələsiblər. Bəs oyundan sonra jurnalistləri saatlarla ayaq üstə gözlətmək, sonra da suallardan qaçmaq nəyin əlamətidir?

“Turan Tovuz” rəsmiləri bu dəfə də öz tələskənliklərini göstərdilər. Ümid edək ki, təşkilatçılıqdakı qüsurlar “Fənərbaxça”nı Bakıya gətirib, onunla oynamaq həyacanından qaynaqlanıb. Bu qədər həyacanlanmağa isə gərək yox idi. Azərbaycan klubları indiyə qədər “Arsenal”, “Roma”, “Ayaks”, “Çelsi”, “Borussiya”, “Qalatasaray”ı Bakıya gətiriblər. Sadəcə, bir qədər öyrənmək və daha peşəkar olmaq lazımdır. Vəssalam.

Amal Abuşov