
Dünya siyasətində elə məqamlar var ki, onların əhəmiyyəti qəbul edilən qərarlarla deyil, həmin qərarların hansı siyasi niyyətlərlə müzakirəyə çıxarılması ilə ölçülür. Noyabrın 19-da Çinin Şençjen şəhərində Donald Tramp, Si Szinpin və Vladimir Putinin bir masa arxasında əyləşməsi də belə hadisələrdəndir. Müasir tarixdə ilk dəfə üç nüvə dövlətinin liderləri bu formatda görüşəcəklər. Söhbət yalnız üç ölkənin münasibətlərindən getmir. Bu görüş beynəlxalq təhlükəsizlik arxitekturasının, iqtisadi rəqabətin, regional münaqişələrin və gələcək dünya nizamının müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Görüşün 33-cü Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi də təsadüfi deyil. Çin bu platformadan həm iqtisadi gücünü nümayiş etdirmək, həm də özünü qlobal siyasi proseslərin əsas təşkilatçılarından biri kimi təqdim etmək üçün istifadə edir. Pekin üçün Vaşinqton və Moskvanın eyni masa arxasında iştirakı diplomatik nüfuz məsələsidir. Tramp üçün bu görüş ABŞ-nin dünya siyasətində təşəbbüsü ələ almaq imkanlarından biridir. Putin isə Qərbin siyasi təcrid cəhdlərinə baxmayaraq, Rusiyanın böyük dövlət statusunu qoruduğunu nümayiş etdirmək istəyir.
Siyasi müşahidəçilərin fikrincə, bu görüşün əsas nəticəsi konkret sənədin imzalanmasından daha çox, üç güc mərkəzinin bir-birinin maraq və imkanlarını hansı həddə qəbul etməsi ilə bağlı ola bilər.
Şençjendəki görüşü artıq 1945-ci il Yalta konfransı ilə müqayisə edənlər var. Həmin vaxt ABŞ, Böyük Britaniya və SSRİ İkinci Dünya müharibəsinin yekunlarını və müharibədən sonrakı dünya nizamını müzakirə edirdilər. Ancaq tarixi paralellərin müəyyən sərhədləri var.
Yalta konfransı keçiriləndə Almaniya faktiki məğlubiyyətə uğramış, sovet ordusu Şərqi Avropanın böyük hissəsində yerləşmişdi. Qalib dövlətlər müharibədən sonrakı siyasi sərhədləri və təsir zonalarını müəyyənləşdirmək imkanına malik idilər.
Bugünkü dünya isə tamamilə fərqlidir. ABŞ, Çin və Rusiya nə qədər böyük hərbi-siyasi potensiala malik olsalar da, beynəlxalq münasibətlərin bütün iştirakçılarını öz qərarlarına tabe etdirə bilməzlər. Hindistanın yüksələn gücü, Avropa İttifaqının iqtisadi və maliyyə imkanları, Yaponiyanın texnoloji potensialı, Türkiyənin regional təsiri və digər dövlətlərin müstəqil maraqları üçtərəfli razılaşmanın sərhədlərini müəyyənləşdirir.
Deməli, Şençjendə dünyanın xəritəsinin yenidən çəkiləcəyini söyləmək şişirtmə olardı. Ancaq böyük dövlətlərin öz aralarında müəyyən anlaşmalara gəlməsi və bunun nəticəsində üçüncü ölkələrin maraqlarına təsir göstərməsi ehtimalı kifayət qədər realdır.
Görüşün ən mürəkkəb tərəfi Ukrayna və İran məsələləridir. Trampın nüvə silahlarının azaldılması məsələsini gündəmə gətirmək niyyəti artıq açıqlanıb. Ağ Evin nümayəndələrinin açıqlamalarına görə, İran ətrafındakı müharibə də müzakirə mövzularından biri ola bilər. Bununla belə, ABŞ rəsmiləri Ukrayna müharibəsinin üçtərəfli danışıqların əsas mövzusu olacağını gözləmirlər.
Çinin mövqeyi burada xüsusi diqqət çəkir. Pekin Rusiya ilə strateji tərəfdaşlığını qorumağa çalışır, eyni zamanda ABŞ ilə iqtisadi münasibətlərin tamamilə pozulmasında maraqlı deyil. Çin üçün Ukrayna müharibəsinin davam etməsi müəyyən geosiyasi üstünlüklər yaratsa da, qlobal ticarətə, enerji bazarlarına və beynəlxalq investisiya mühitinə təsirləri də var.
Pekin Moskvanın zəifləməsini istəmir. Lakin Rusiyanın həddindən artıq güclənməsi də Çinin maraqlarına uyğun olmaya bilər. Çünki iki ölkə arasında münasibətlər bərabərhüquqlu tərəfdaşlıq görüntüsü yaratsa da, iqtisadi imkanlar və bazar potensialı baxımından Çin daha üstün mövqedədir.
Ukraynanın taleyinin üç lider tərəfindən həll edilə biləcəyi düşüncəsi isə siyasi reallığa uyğun deyil. Kiyevin öz dövlətçilik maraqları, Avropanın təhlükəsizlik narahatlıqları və müharibənin yaratdığı geosiyasi nəticələr bu məsələdə kənar razılaşmaların imkanlarını məhdudlaşdırır. Avropa dövlətlərinin iştirakı olmadan Ukrayna ilə bağlı davamlı siyasi həllin əldə edilməsi də çətin görünür.
Şençjen görüşünün Azərbaycan üçün əhəmiyyəti məhz bu məqamda başlayır. Cənubi Qafqaz artıq yalnız regional münaqişələrin mövcud olduğu coğrafiya deyil. Region Çinlə Avropanı birləşdirən nəqliyyat marşrutlarının, enerji təhlükəsizliyinin və yeni geosiyasi rəqabətin mühüm istiqamətlərindən birinə çevrilib.
Çin üçün Orta Dəhliz Avropa bazarlarına çıxışın alternativ yollarından biridir. Rusiya ərazisindən keçən ənənəvi marşrutlara alternativlərin aktuallaşması Azərbaycanın tranzit əhəmiyyətini artırır. Dünya Bankının 2026-cı ilin sentyabrında açıqladığı hesablamalara görə, Transxəzər nəqliyyat dəhlizinə yatırılacaq strateji investisiyalar yükdaşımaların həcmini 2040-cı ilədək üç dəfədən çox artıra, daşınma müddətini isə yarıya endirə bilər. Bu, Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də Avrasiya nəqliyyat sisteminin mühüm iştirakçısı kimi mövqeyini gücləndirir.
Digər tərəfdən, ABŞ-nin Cənubi Qafqazda artan iştirakı da diqqətdən kənarda qalmamalıdır. Vaşinqtonun təşəbbüsü ilə gündəmə gələn TRIPP layihəsi Azərbaycan, Ermənistan və ABŞ arasında yeni əməkdaşlıq formatı yaradıb. Noyabrın 6-da üç ölkənin nümayəndələri nəqliyyat və elektrik enerjisi üzrə texniki planlaşdırma qruplarının yaradıldığını elan ediblər. Noyabrın 12-də isə İlham Əliyev və Nikol Paşinyan Dublində görüşərək TRIPP-in dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılmasını müzakirə ediblər.
Bu faktlar göstərir ki, Cənubi Qafqazda nəqliyyat məsələsi artıq yalnız Bakı ilə İrəvanın müzakirə etdiyi mövzu deyil. ABŞ-nin də prosesə birbaşa qoşulması regionun geosiyasi çəkisini artırır.
Rusiya isə bu proseslərə kənardan baxmaq niyyətində deyil. Moskva Cənubi Qafqazı ənənəvi təsir dairəsinin bir hissəsi hesab edir. Lakin Ukrayna müharibəsi Rusiyanın əvvəlki regional imkanlarını xeyli məhdudlaşdırıb. Çin və ABŞ-nin iqtisadi və siyasi fəallığının artması Moskvanı yeni reallıqlarla hesablaşmağa məcbur edir.
İranın mövqeyi də ayrıca əhəmiyyət daşıyır. Tehran Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini bildirsə də, regionda sərhədlərin və geosiyasi balansın dəyişməsinə həssas yanaşır. Xüsusilə Zəngəzur istiqamətində kommunikasiyaların açılması məsələsi İranın təhlükəsizlik və tranzit maraqları ilə birbaşa əlaqəlidir.
Siyasi müşahidəçilərin fikrincə, Azərbaycanın əsas vəzifəsi böyük dövlətlər arasındakı rəqabətin tərəfinə çevrilmək deyil, bu rəqabətin yaratdığı imkanlardan milli maraqlar naminə istifadə etməkdir.
Bakı üçün ən mühüm məsələ regional sülhün real iqtisadi əməkdaşlığa çevrilməsidir. Ermənistanla münasibətlərin normallaşması, kommunikasiyaların açılması, Orta Dəhlizin inkişafı və enerji layihələrinin genişləndirilməsi Azərbaycanın strateji mövqeyini daha da gücləndirə bilər.
Ancaq bir reallığı da unutmaq olmaz, böyük dövlətlərin maraqları dəyişkəndir. Bu gün ortaq məxrəcə gələn Vaşinqton, Moskva və Pekin sabah tamamilə fərqli mövqelərdən çıxış edə bilərlər. Ona görə də Azərbaycanın təhlükəsizlik və inkişaf strategiyası hansısa bir güc mərkəzinin siyasi iradəsinə bağlanmamalıdır.
Şençjendəki görüşün nəticəsi, ola bilsin, dünya tarixini dəyişməyəcək. Lakin həmin masa arxasında səslənəcək fikirlər gələcək beynəlxalq münasibətlərin istiqamətinə təsirsiz ötüşməyəcək.
Dünya yenidən bölüşdürülməyə bilər. Amma onun siyasi və iqtisadi qaydalarının yenidən müəyyənləşdirilməsi prosesi artıq gedir. Cənubi Qafqazın gələcəyi isə bu prosesdə kimin daha çox danışmasından yox, kimin öz maraqlarını daha düzgün müdafiə etməsindən asılı olacaq...
Siyasət şöbəsi