Xəbər lenti

Mayalılar əsrlər boyu öz sularını zəhərləyiblər - Səbəb sevimli rəngləri olub
Dünya22:43 17.11.2026

Mayalılar əsrlər boyu öz sularını zəhərləyiblər - Səbəb sevimli rəngləri olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qədim mayalıların qırmızı rəngə olan xüsusi marağı ətraf mühit üçün ciddi nəticələrə səbəb olub. Alimlərin araşdırmasına görə, onların istifadə etdiyi civə tərkibli boya su hövzələrini zəhərləyib, bəzi ərazilərdə bu çirklənmənin təsiri əsrlərlə davam edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “National Geographic” məlumat yayıb.

Maya mədəniyyətində qırmızı rəng Günəşi, qanı və həyatı simvolizə edirdi. Bu səbəbdən həmin rəngdən heykəllərin, tikililərin divarlarının, keramika nümunələrinin boyanmasında, eləcə də dəfn mərasimlərində istifadə olunurdu.

Qırmızı rəng əldə etmək üçün müxtəlif maddələrdən yararlanan mayalılar arasında civə sulfidindən ibarət kinovar da geniş yayılmışdı. Məhz bu maddənin ətraf mühitə yayılması sonradan ciddi ekoloji problemlər yaradıb.

Tədqiqatçılar müəyyən ediblər ki, boyadan yuyulan civə su hövzələrinə qarışıb. Oksigensiz çöküntülərdə mikroorqanizmlər civəni daha təhlükəli maddə olan metilcivəyə çevirib. Bu toksik birləşmə qida zəncirində toplanaraq balıq və digər su canlıları vasitəsilə insanlara da keçə bilərdi.

Metyu Uoters və həmkarları Meksikanın Yukatan yarımadasında yerləşən iki ərazidə – qədim Koba şəhəri yaxınlığındakı göldə və Xkaç senotunda araşdırma aparıblar. Onlar 2 min ildən artıq dövrü əhatə edən çöküntü nümunələrini təhlil ediblər.

Nəticələrə görə, eramızın 40-820-ci illəri arasında müəyyən dövrlərdə su hövzələrində civə çirklənməsi qeydə alınıb. Ən çirklənmiş çöküntü qatlarında civənin miqdarı hər qramda 2,3 mikroqrama çatıb.

Çirklənmə su ekosisteminə də təsir göstərib. Alimlər civənin yüksək olduğu qatlarda şirin su molyusklarının qalıqlarını aşkar etməyiblər. Həmçinin yosunların çoxalmasına dair izlər də xeyli az olub. Tədqiqatçılar bunu zəhərli maddənin su canlılarına mənfi təsiri ilə əlaqələndirirlər.

Kinovar Yukatan yarımadasında təbii şəkildə rast gəlinmədiyindən, mayalıların bu maddəni ticarət əlaqələri vasitəsilə başqa ərazilərdən gətirdiyi ehtimal olunur. Güman edilir ki, onun mənbəyi indiki Honduras ərazisi olub.

Araşdırmaya əsasən, Koba yaxınlığındakı göldə civənin səviyyəsi təxminən 520-ci ildən etibarən təbii həddə enib. Xkaç senotunda isə çirklənmə klassik Maya sivilizasiyasının tənəzzülünə qədər davam edib.

Bununla belə, alimlər civə zəhərlənməsini Maya sivilizasiyasının VIII-IX əsrlərdə süqutunun əsas səbəbi hesab etmirlər. Onların fikrincə, bəzi ərazilərdə ekoloji təsirlər daha əvvəl zəifləyib. Lakin ayrı-ayrı yaşayış məntəqələrində zəhərli maddələrin yaratdığı problemlər mövcud çətinlikləri daha da dərinləşdirmiş ola bilər.

Aydın