
Britaniyanın nüfuzlu “The Economist” jurnalı 2027-ci il üçün qlobal miqyasda baş verə biləcək əsas siyasi, iqtisadi, texnoloji və ekoloji dəyişiklikləri əhatə edən 10 proqnozunu açıqlayıb. Nəşrin qiymətləndirməsinə görə, gələn il İran müharibəsinin nəticələri, ABŞ-da Trampdan sonrakı siyasi dövr, Tayvan ətrafında gərginlik və süni intellektə qarşı artan narazılıq diqqət mərkəzində olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə jurnalın “The World Ahead 2027” adlı illik nəşrinin redaktoru Tom Standage yazıb:
"Müasir həyat bəzən elmi-fantastik hekayəni xatırladır. Kompüterləri kosmosa yerləşdirmək istəyən raket maqnatı dünyanın ilk trilyonçusuna çevrilib. Pilotsuz uçuş aparatları müharibə anlayışını dəyişib. Taksi avtomobilləri sürücüsüz hərəkət edir. Süni intellekt modelləri nəzarətdən çıxır. İnsana bənzər robotlar sürətlə yayılır. İnsanları daha arıq və sağlam edən, lakin yalnız maddi imkanı olanların yararlana bildiyi inyeksiyalar mövcuddur. Bütün bunların fonunda çatışmayan yeganə şey yadplanetlilərdir. Çox güman ki, onlar 2027-ci ildə peyda olmayacaqlar. Ancaq diqqət yetirməli olduğumuz digər on mühüm hadisə var.
1. Trampdan sonrakı dövr
Aralıq seçkilərindən sonra vəziyyət nisbətən sabitləşdikcə Donald Trampın varisini müəyyənləşdirmək uğrunda mübarizə başlayacaq. Lakin Tramp siyasi təsirini itirmiş prezident olmayacaq. Əksinə, daha çox dağıdıcı təsir göstərən bir fiqura çevriləcək.
Onun nüfuzunu qorumaq və siyasi irsini formalaşdırmaq üçün qəzəbli şəkildə mübarizə aparacağı gözlənilir. Bu məqsədlə daha çox sərəncamlar imzalayacağı, hüquqi mübahisələrə girəcəyi, qəfil ad dəyişikliklərinə əl atacağı, irimiqyaslı tikinti layihələri həyata keçirəcəyi və hərbi avantüralara baş vuracağı ehtimal olunur.
Eyni zamanda dünya Trampdan sonrakı Amerikanın necə görünəcəyi barədə düşünməyə başlayacaq.
2. İran müharibəsinin nəticələri
Münaqişənin tam və qəti şəkildə həll olunması ehtimalı azdır. Buna görə də qeyri-müəyyənlik davam edəcək.
Lakin Trampın düşünülməmiş müharibəsi ABŞ-ın beynəlxalq nüfuzuna zərbə vurub. Artıq müttəfiqləri ona əvvəlki kimi etibar etmir, rəqibləri isə ondan əvvəlki qədər çəkinmirlər.
Müharibənin nəticələri 2027-ci il ərzində də özünü göstərəcək, regionun siyasi mənzərəsini dəyişəcək, enerji axınlarını yenidən formalaşdıracaq və ərzaq təhlükəsizliyini təhdid edəcək. Xüsusilə gübrə çatışmazlığı ciddi problemə çevrilə bilər.
İranın özündə isə hakimiyyət rejimi nəzarəti daha da sərtləşdirəcək.
3. Yenidən rekord isti il
2027-ci ilin müşahidələr tarixində ən isti il olacağı gözlənilir.
“Super El Nino” hadisəsi bizi qarşıda gözləyən daha isti və qeyri-sabit gələcəyin ilkin mənzərəsi ilə tanış edəcək. Emissiyalar sürətlə azaldılmasa, quraqlıqların, istilik dalğalarının, meşə yanğınlarının və ekstremal hava hadisələrinin sayı artacaq.
Lakin Tramp özü də bilmədən bərpa olunan enerji mənbələrinin dünyadakı ən böyük təbliğatçısına çevrilib. Bu enerji mənbələri yalnız iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün deyil, həm də qlobal enerji bazarındakı qiymət dalğalanmalarından qorunmaq üçün ən yaxşı vasitədir.
4. Süni intellektə qarşı narazılıq artır
Süni intellektin yaratdığı risklər getdikcə daha ciddi araşdırılır.
Süni intellekt şirkətlərinin mürəkkəb və şəffaf olmayan razılaşmalar çərçivəsində daha çox borc götürməsi bazarda kəskin çöküş riskini artıracaq. Maliyyə bazarlarında nə baş verməsindən asılı olmayaraq, daha güclü süni intellekt modelləri kiberhücumların genişlənməsinə şərait yaradacaq.
Şirkətlər və hökumətlər süni intellekt təchizat zəncirlərindəki siyasi risklərdən narahat olacaqlar.
Bununla belə, iş yerlərinin itirilməsi, eləcə də məlumat mərkəzlərinin enerji və su istehlakı ilə bağlı narahatlıqlar mövcud məlumatlarla təsdiqlənmir. Süni intellektə qarşı artan etirazlar real təsirlərdən deyil, ehtimal edilən nəticələrlə bağlı qorxulardan qaynaqlanır.
50 yaşına çatmasına baxmayaraq, “Ulduz müharibələri” 2027-ci ildə əvvəlkindən daha aktual görünür.
5. Avropada populist sağın yüksəlişi
Sağçı populizm artıq bir müddətdir ki, dünyanın müxtəlif ölkələrində güclənir. Lakin 2027-ci ildə bütün diqqətlər Fransaya yönələcək. Burada populist sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penin prezident seçkilərində qalib gəlmək şansı yüksəkdir.
Belə bir nəticə Avropa İttifaqının fəaliyyətində mühüm rol oynayan Fransa-Almaniya əməkdaşlığına ciddi zərbə vura bilər. Eyni zamanda yüksək dövlət borcu olan Fransanın onsuz da kövrək vəziyyətdəki dövlət maliyyəsi ilə bağlı narahatlıqları artıracaq.
6. İstiqraz bazarlarının təzyiqi
Lakin istiqraz bazarlarını narahat edən yeganə ölkə Fransa deyil.
Dövlət xərclərinin məsuliyyətsiz şəkildə artırılması, süni intellekt infrastrukturu sahəsində tikinti bumu və enerji qiymətlərinin yüksəlməsi nəticəsində yenidən alovlanan inflyasiya inkişaf etmiş ölkələrdə hökumətlərin borclanma xərclərini artırır.
Yüksək faiz dərəcələri şirkətlərə və ev təsərrüfatlarına da təzyiq göstərir.
Bu vəziyyət sonsuza qədər davam edə bilməz. Nə vaxtsa, haradasa nəsə qırılmalıdır.
7. Tayvan üçün son tarix
Texnologiya müharibələrin xarakterini dəyişib. Ukrayna və İranda müşahidə olunduğu kimi, bu dəyişiklik kiçik dövlətlərə daha güclü rəqiblərin hücumlarını dəf etməyi asanlaşdırır.
Bəs bu, Çinin Tayvanla bağlı planları üçün nə deməkdir?
Bildirilir ki, Si Cinpin Çin silahlı qüvvələrinin adanı ələ keçirməyə hazır olması üçün 2027-ci ili son tarix kimi müəyyənləşdirib. ABŞ isə diqqətini başqa məsələlərə yönəldib.
Çin hərbi əməliyyata başlayacaq, yoxsa 2028-ci ildə Tayvanda keçiriləcək seçkilərin nəticələrini gözləyəcək? Qarşıdakı iki il təhlükələrlə dolu olacaq.
8. Ozempic effekti
Arıqlamağa kömək etməklə yanaşı, bu dərmanlar istehlakçı davranışlarını da dəyişir.
Yeni həyat enerjisi qazanan və arıqlayan insanlar “intiqam alış-verişi” adlandırılan tendensiyaya qoşularaq geyim, kosmetika və fitnes məhsullarına daha çox pul xərcləyirlər.
Bu dərmanların uğuru əczaçılıq şirkətlərinin uzunömürlülüyü artıran müalicə üsullarına marağını da yenidən canlandırıb.
9. Kosmosa uçuşların ucuzlaşması
“SpaceX” şirkətinin nəhəng “Starship” raketi peyklərin müntəzəm olaraq orbitə çıxarılmasına başlayacaq.
Çin raket istehsalçıları isə daşıyıcı raketlərin gücləndirici pillələrinin təkrar istifadəsini nümayiş etdirəcəklər.
Kosmosa uçuşların ucuzlaşması özəl kosmik stansiyaların yaradılmasına və bəli, orbitdə məlumat mərkəzlərinin tikintisinə də yol açacaq. İlk baxışdan bu fikir nə qədər qeyri-real görünsə də, əslində düşündüyümüz qədər çılğın olmaya bilər.
10. Hollivudun yenidən qurulması
“Ulduz müharibələri”nin 50 illiyi münasibətilə film yenidən nümayiş etdiriləcək və franşizanı yenidən canlandırmaq məqsədilə yeni ekran əsəri təqdim olunacaq. “Qisasçılar” yenidən geri dönəcək, yeni Ceyms Bond filmi də yoldadır.
Lakin “YouTube” istifadəçilərinin aşağı büdcəli filmlərinin uğurlarını nəzərə alsaq, tamaşaçıların həqiqətən də yeni məzmun istəyib-istəmədiyi sual doğurur.
Bəlkə də istəyirlər. Bununla belə, kiçik və ucuz kosmik aparatların böyük hərbi gücü məğlub etdiyi, öz məqsədləri ilə hərəkət edən itaətsiz robotların yer aldığı, zəif təhlükəsizlik tədbirlərinin və oğurlanmış məlumatların nəticələrini göstərən “Ulduz müharibələri” 2027-ci ildə əvvəlkindən daha aktual ola bilər. Görünür, reallıq artıq elmi fantastikanı geridə qoyub".
Aydın