
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı elm, milli mətbuat və mədəniyyət sahələrinin maliyyələşdirilməsi ilə bağlı bir sıra mühüm təklif və çağırışlarla çıxış edib.
Deputat bildirib ki, dövlət büdcəsi yalnız iqtisadi inkişafın deyil, cəmiyyətin mənəvi və intellektual rifahının da əsas təminatlarından biridir. Onun sözlərinə görə, ölkənin gələcəyini müəyyən edən sahələrə ayrılan vəsaitə yalnız xərc kimi deyil, milli inkişafın strateji sərmayəsi kimi yanaşmaq lazımdır.
E. Akimova çıxışında elmin inkişafı və gənc alimlərin beynəlxalq elmi məkana inteqrasiyası məsələsinə xüsusi diqqət çəkib. O, fransız alimi Lui Pasterin “Elmin vətəni yoxdur, alimin isə vətəni olmalıdır” fikrini xatırladaraq bildirib ki, Azərbaycan alimlərinin dünya elminə töhfə verməsi üçün həm dövlətin, həm də cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür.
Onun sözlərinə görə, elmdə təcrid inkişafın qarşısını alan əsas amillərdəndir və Azərbaycan elminin gələcəyi aparıcı beynəlxalq elmi mərkəzlərlə əməkdaşlığın genişləndirilməsindən keçir. “Gənc elmi potensialımız dünyanın aparıcı elm mərkəzlərində hansı səviyyədə təmsil olunur? Onların elmi tədqiqatlarını daha səmərəli aparmaları üçün dövlət büdcəmizdən kifayət qədər vəsait ayrılırmı? İnanırıq ki, 2027-ci il üçün büdcə layihəsində elm adamlarımızın sosial-iqtisadi rifahı diqqətdən kənarda qalmayacaq”, – deyə Elnarə Akimova vurğulayıb.
O, dünya elminə mühüm töhfələr vermiş Nobel mükafatı laureatlarının təcrübəsinə də toxunaraq, Pakistan əsilli Əbdüs Salam və türkiyəli Əziz Səncərin nümunəsini diqqətə çatdırıb. Deputatın fikrincə, Azərbaycan alimlərinin də beynəlxalq elmi mühitdə yetişməsi və rəqabətədavamlı tədqiqatlar aparması üçün onların sosial təminatı, elmi ezamiyyətləri və tədqiqat imkanları daha geniş dəstəklənməlidir.
Millət vəkili çıxışında milli mətbuatın maliyyələşdirilməsi məsələsini də gündəmə gətirib. O bildirib ki, mətbuat yalnız gündəlik informasiya ötürən vasitə deyil, həm də xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini gələcək nəsillərə daşıyan mühüm institutdur.
Deputat xatırladıb ki, 1990-cı illərin əvvəllərində ədəbi mətbuatın maddi vəziyyəti ağırlaşanda Ümummilli Lider Heydər Əliyev 1997-ci ilin noyabrında “Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnallarının dövlət büdcəsindən maliyyələşdirilməsi barədə sərəncam verib. Onun sözlərinə görə, həmin nəşrlər bu gün də 1997-ci ildə müəyyənləşdirilmiş maliyyələşmə çərçivəsində fəaliyyət göstərir. “Ötən illər ərzində iqtisadiyyatımız sürətlə inkişaf edib. Biz həmin mətbuat orqanlarının fəaliyyətini daha yüksək səviyyədə davam etdirməsi məsələsinə həm də Ulu Öndərimizin tövsiyəsi kimi yanaşmalı, büdcədən onlara ayrılan vəsaitin artırılmasına diqqət ayırmalıyıq”, – deyə deputat bildirib.
Elnarə Akimova mədəniyyət sahəsində regionların imkanlarının genişləndirilməsinin vacibliyini də vurğulayıb. O, Bakı Beynəlxalq Kitab Sərgisində müşahidə olunan yüksək ictimai marağın cəmiyyətdə kitaba və mütaliəyə ehtiyacın göstəricisi olduğunu bildirib. Deputat hesab edir ki, paytaxtda yaradılan müasir mədəniyyət infrastrukturu ölkənin digər bölgələrində də qurulmalı, yeni texnoloji imkanlara uyğun kitabxanalar, kitab satış mərkəzləri və mədəniyyət ocaqları yaradılmalıdır.
“Xalqın inkişafını həm də onun mədəni-intellektual tələbatının təmin olunması şərtləndirir. Müasir kitabxanalar və mədəniyyət mərkəzləri yalnız tədbirlərin keçirildiyi məkanlar deyil, insanların dünyagörüşünü formalaşdıran, gəncləri elmə, mütaliəyə və yaradıcı düşüncəyə yönəldən ictimai mühitdir”, – deyə deputat diqqətə çatdırıb.
E. Akimova çıxışında Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində müasir mədəniyyət mərkəzinin yaradılmasını təklif edib. Təxminən 40 min sakinin yaşadığı qəsəbədə belə bir mərkəzin qurulmasının həm mədəni tədbirlərin keçirilməsinə, həm də gənclərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verəcəyini bildirib.
O, Hacı Zeynalabdin qəsəbəsində gənclər üçün idman infrastrukturunun yaradılması ilə bağlı əvvəlki çıxışının müsbət nəticə verdiyini də xatırladaraq bildirib ki, ötən ilin noyabrında Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsinin müzakirələri zamanı qəsəbədə müasir idman komplekslərinin və idman məkanlarının yaradılması məsələsini qaldırıb. Prezident İlham Əliyevin diqqət və qayğısı, eləcə də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Sağlam məhəllə” layihəsi çərçivəsində bu il qəsəbədə yeni idman zonalarından biri istifadəyə verilib.
Deputat layihənin həyata keçirilməsinə görə dövlət başçısına və Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. “İdman məkanının yaradılması gənclərin sağlam inkişafı üçün nə qədər vacibdirsə, mədəniyyət mərkəzinin yaradılması da onların mənəvi və intellektual inkişafı üçün bir o qədər əhəmiyyətlidir. İnanıram ki, Hacı Zeynalabdin qəsəbəsində mədəniyyət mərkəzi ilə bağlı çağırışımız da tezliklə öz müsbət həllini tapacaq”, – deyə Elnarə Akimova vurğulayıb.
Deputat çıxışının sonunda ölkənin tərəqqisinə xidmət edən 2027-ci il dövlət büdcəsi layihəsini dəstəklədiyini bildirib. O, elm adamlarının sosial rifahının yaxşılaşdırılmasının, milli mətbuatın maliyyə imkanlarının artırılmasının və bölgələrdə müasir mədəniyyət infrastrukturunun genişləndirilməsinin Azərbaycanın intellektual və mənəvi inkişafına mühüm töhfə verəcəyini qeyd edib.