
Şamaxıda bir qrup sakin sosial şəbəkədə traktor təkərləri və qoşqusu almaq istəyərkən aldadılıblar. Dələduzlar onlara pul ödəndikdən sonra malları göndərəcəyinə inandırıblar. Lakin pulları aldıqdan sonra telefonu söndürüblər.
Xezerxeber.az-ın məlumatına görə, Şamaxı rayonunun Sabir qəsəbəsində yaşayan bir neçə sakin “TikTok” platformasında təkərli qoşqu satışı ilə bağlı elanla rastlaşıblar. Satıcı ilə əlaqə saxlayaraq razılığa gəlib, təklif olunan məhsulu almaq üçün pul ödəyiblər. Onlara texnikaların idarəyə məxsus olduğu, sonradan metal tullantısı kimi satıldığı, təkərlərin isə artıq qaldığı üçün ucuz qiymətə təklif edildiyi deyilib.
Vətəndaşlar bildirirlər ki, satıcının göndərdiyi karta ümumilikdə 1600 manat pul köçürüblər. Lakin razılaşdırılmış vaxtda nə təkərlər, nə də traktor qoşqusu onlara çatdırılıb. Bundan sonra qarşı tərəflə əlaqə saxlamağa çalışsalar da, telefon zənglərinə cavab verilməyib.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, sözügedən məsələ ilə bağlı zərərçəkmişlərin müraciəti əsasında polis araşdırma aparır. Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində zəruri tədbirlər görülür. Vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb olunan təkliflərə qarşı diqqətli olmaq tövsiyə olunur.