
Gələcəkdə Yer kürəsində humanoid robotların sayı insan əhalisinin sayına çata, hətta onu üstələyə bilər. Alimlərin riyazi modelləşdirməsinə əsaslanan araşdırmasına görə, bunun reallaşması üçün robotların öz istehsal prosesində fəal iştirak etməsi vacibdir.
Qaynarinfo xəbər verir ki, bu barədə “ZME Science” məlumat yayıb.
Hazırda dünyada təxminən 10 min insanabənzər robotun olduğu bildirilir. Bununla belə, bəzi proqnozlara əsasən, 2050-ci ilə qədər onların sayı bir milyarda çata bilər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) qiymətləndirməsinə görə, dünya əhalisinin sayı 2025-ci ildəki 8,2 milyarddan 2080-ci illərin ortalarında təxminən 10,3 milyarda yüksələcək. Bundan sonra isə azalma başlayacaq.
Milan Universitetinin fiziki Alessio Zakone, Ekseter Universitetinin riyazi bioloqu Tomas Tanstell və Rokfeller Universitetinin alimi Cessi Ozubel robotların sayının nə vaxt insanlarla bərabərləşə biləcəyini araşdırmaq üçün xüsusi riyazi model hazırlayıblar.
Modeldə robotların istehsal sürəti, istismar müddəti, sıradan çıxma ehtimalı və özlərinə bənzər yeni robotların hazırlanmasında iştirak etmək imkanları nəzərə alınıb.
Tədqiqatçılar iki ssenarini müqayisə ediblər. Birinci halda robotlar insanların çalışdığı adi zavodlarda istehsal olunur. İkinci ssenaridə isə humanoid robotlar yeni maşınların yığılmasında iştirak edir, istehsal xətlərinin genişlənməsinə kömək edir və buraxılış sürətini artırırlar.

Əsas şərt özlərini istehsal edə bilmələridir
Hesablamalara görə, robotlar yalnız mövcud istehsal sistemində hazırlanarsa, 2100-cü ilə qədər onların sayı təxminən 4 milyard olacaq. Bu isə həmin dövrdə gözlənilən 10,2 milyardlıq dünya əhalisindən xeyli azdır.
Lakin 2050-ci ildən sonra robotlar özlərinin istehsal prosesinə fəal şəkildə qoşularsa, vəziyyət dəyişə bilər. Modelləşdirmənin nəticələrinə əsasən, istehsalın genişlənmə sürətindən asılı olaraq, robotların sayı insanlarla 2083, 2090 və ya 2100-cü ildə bərabərləşə bilər.
Alimlər robotların sayının hələ 2050-ci ilə qədər insan əhalisinə çatmasının nəzəri baxımdan mümkün olduğunu da hesablayıblar. Ancaq bunun üçün istehsal həcmlərinin real şəraitdə çətin görünən sürətlə artırılması tələb olunur.
Bununla yanaşı, milyardlarla robotun istehsalı ciddi resurs problemləri yarada bilər. Belə miqyasda istehsal üçün böyük həcmdə elektrik enerjisi, yarımkeçiricilər və metal ehtiyatları lazımdır. Hətta yüksək səviyyədə avtonom işləyən robotlar belə zavodlardan, investisiyalardan və digər infrastrukturlardan asılı qalacaqlar.
Tədqiqatçılar vurğulayırlar ki, hazırlanan model robotların dünyada nə vaxt üstünlük təşkil edəcəyini dəqiq müəyyənləşdirmir, sadəcə bunun mümkün ola biləcəyi şərtləri göstərir.
Maraqlı məqamlardan biri isə robotların sayca insanlara çatmasının onların iqtisadi və sosial baxımdan üstünlük qazanması demək olmamasıdır. Belə ki, nisbətən azsaylı robot ordusu belə milyardlarla insanın görə biləcəyindən daha çox faydalı iş yerinə yetirə bilər.
Aydın