
Kolumbiya millisinin və “Amerika de Kali” klubunun keçmiş ulduzu Antoni de Avila futbol meydanlarından uzaqda, İtaliyanın ən ağır rejimli həbsxanalarından birində cəza çəkir. “Şirin” ləqəbi ilə tanınan sabiq hücumçu narkotik qaçaqmalçılığı ilə bağlı iş üzrə 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 2033-cü ilədək həbsdə qalacağı gözlənilir.
Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşri geniş araşdırma dərc edib.
63 yaşlı keçmiş futbolçu 2021-ci il sentyabrın 21-də Neapolda polis tərəfindən saxlanılıb. O, şəhərdə turist olduğunu desə də, harada qaldığı barədə suala metro stansiyasında gecələdiyini bildirməsi polislərdə şübhə yaradıb. Araşdırma zamanı onun barəsində 17 il əvvəl çıxarılmış axtarış qərarı üzə çıxıb.
İtaliya məhkəməsi de Avilanı 2004-cü ildə beynəlxalq narkotik istehsalı və qaçaqmalçılığı ilə bağlı iş üzrə qiyabi mühakimə edərək 12 il həbs cəzasına məhkum edib. Futbolçunun Neapolda saxlanılması ilə uzun müddət açıq qalan iş yenidən gündəmə gəlib.
Kolumbiya futbolunun parlaq ulduzlarından biri idi
1962-ci ildə Santa-Marta şəhərində anadan olan Antoni de Avila karyerasına yerli meydançalarda başlayıb. Daha sonra “Maqdalena” klubuna qoşulan hücumçu oyun qabiliyyəti ilə “Amerika de Kali”nin diqqətini çəkib.
Cəmi 1,57 metr boya malik olmasına baxmayaraq, sürəti, texnikası və hava mübarizəsindəki bacarığı ilə seçilən futbolçuya “Şirin” ləqəbi verilib.
De Avila “Amerika de Kali” ilə beş dəfə ardıcıl olmaqla ümumilikdə yeddi dəfə Kolumbiya çempionu olub. O, klub tarixinin ən məhsuldar futbolçusu hesab edilir. Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores Kubokunda isə üç dəfə finala yüksəlib, lakin hər dəfə çempionluqdan məhrum olub.
Kolumbiya millisində də çıxış edən hücumçu 1987-ci ildə Amerika Kubokunda üçüncü yeri tutan komandanın heyətində yer alıb. Daha sonra Argentina, ABŞ və Ekvador klublarında oynayıb.
2009-cu ildə, 46 yaşında yenidən “Amerika de Kali”yə qayıdan futbolçu iki qol vurduqdan sonra karyerasını başa vurub.
Narkokartel rəhbərləri ilə əlaqələri gündəmə gəldi
De Avilanın adı hələ futbolçu olduğu dövrdə Kolumbiyanın narkotik kartelləri ilə bağlı müzakirələrdə hallanıb.
1997-ci ildə Ekvador millisinə qarşı qələbədən sonra verdiyi açıqlamada o, qələbəni həbsdə olan Gilberto və Migel Rodriges Orexuela qardaşlarına həsr etdiyini bildirib. Həmin şəxslər kokain qaçaqmalçılığı və çirkli pulların yuyulmasına görə məhkum edilmiş Kali kartelinin rəhbərləri idi.
Qeyd edək ki, Rodriges Orexuela qardaşları “Amerika de Kali” klubunun sahibləri olublar. Həmin dövrdə Kolumbiya futbolunda narkotik kartellərinin təsiri, oyunların nəticələrinə müdaxilə və futbol rəsmilərinə təzyiqlərlə bağlı çoxsaylı iddialar mövcud idi.
1995-ci ildə polis kartelin maliyyə işlərini aparan şəxsin ofisində apardığı əməliyyat zamanı müxtəlif nüfuzlu şəxslərə ödənişləri əks etdirən sənədlər də əldə edib. Həmin siyahıda de Avilanın da adının olduğu və onun 3 milyon peso məbləğində çek aldığı bildirilirdi.
Futbolçu sonradan kartel rəhbərlərinə həsr etdiyi qələbə ilə bağlı açıqlamasının yanlış başa düşüldüyünü deyərək üzr istəyib.
Neapoldakı ağır həbsxanada saxlanılır
Hazırda keçmiş futbolçu Neapolda yerləşən Poççoreale həbsxanasında cəza çəkir. Bu müəssisə məhbusların sayının normadan artıq olması, insan hüquqlarının pozulması ilə bağlı iddialar və yüksək intihar göstəriciləri ilə tanınır. Həbsxanada işgəncə və təcridlə əlaqələndirilən xüsusi bölmənin də olduğu bildirilir.
De Avilanın həyat yoldaşı Lyda Valensuela onun müdafiəsi üçün vəsait toplamaq məqsədilə ailəyə məxsus əmlakları satıb. O, həmçinin Kolumbiyadakı siyasətçilərə, futbolçunun keçmiş klubuna və idman ictimaiyyətinə müraciət etsə də, ciddi dəstək ala bilmədiklərini bildirib.
"Antoni ilə vaxtilə bir yerdə olmuş futbolçulardan, rəhbərlərdən, məşqçilərdən və azarkeşlərdən kömək istəməkdən yorulmuşam. Yardım edəcəklərini deyirlər, amma sonra ortalıqda görünmürlər", – deyə həyat yoldaşı bildirib.
De Avilanın vəkili Fabrizio de Maio isə müdafiə etdiyi şəxsin günahsız olduğunu, məhkum edildiyindən və axtarışa verildiyindən xəbərsiz qaldığını iddia etdiyini açıqlayıb. Bununla belə, vəkilin sözlərinə görə, İtaliyada bu kateqoriyadan olan cinayətlərə görə məhkum edilən şəxslərin cəzalarını tam çəkməsi tələb oluna bilər.
“Bu işi qeyri-mümkün vəzifə adlandırardım”, – deyə vəkil futbolçunun azadlığa çıxmaq perspektivlərini qiymətləndirib.
Nəşrin məlumatına görə, de Avila və ailəsinə dəstək məqsədilə xeyriyyə futbol qarşılaşması da təşkil olunub. Lakin onun həbsdən vaxtından əvvəl azad edilməsi perspektivi hələ də qeyri-müəyyən olaraq qalır.
Aydın