Xəbər lenti

İordaniya milli təhlükəsizlik səbəbilə "Telegram"ı bloklayır
Dünya13:51 16.11.2026

İordaniya milli təhlükəsizlik səbəbilə "Telegram"ı bloklayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İordaniya hakimiyyəti milli təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək ölkə ərazisində “Telegram” sosial şəbəkəsinin fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsinin bazar ertəsi yaydığı açıqlamada qərarın cəmiyyəti müxtəlif təhlükələrdən qorumaq məqsədi daşıdığı bildirilib. Qurumun mövqeyinə görə, söhbət ekstremizmin və radikallaşmanın yayılması cəhdlərinin qarşısının alınmasından, ictimai təhlükəsizliyin və milli maraqların qorunmasından gedir. Qərarın qüvvədə olan qanunvericiliyə uyğun qəbul edildiyi qeyd olunub.

Bu qərar ötən ay ölkədə baş verən və doqquz nəfərin ölümü ilə nəticələnən kilsə hücumundan sonra verilib. Hadisədən sonra İordaniya qonşu Suriyaya hava zərbələri endirib. Amman bu əməliyyatlar nəticəsində İŞİD-in 20 silahlısının öldürüldüyünü açıqlayıb. Hücumu törədən üç nəfər isə bazar günü ölüm cəzasına məhkum edilib.

Bundan başqa, noyabrın 5-də İordaniya paytaxtı Ammanda baş verən terror xarakterli bıçaqlı hücum nəticəsində bir təhlükəsizlik əməkdaşı öldürülüb, digəri yaralanıb. Hadisə ilə bağlı şübhəli şəxs saxlanılıb.

“Telegram”ın yaradıcısı, Rusiyadan kənarda yaşayan Pavel Durovun yaratdığı mesajlaşma platformasından illər ərzində İŞİD silahlıları da bəyanatlarını yaymaq üçün istifadə ediblər.

“Reuters”in məlumatına görə, “Telegram” şirkəti agentliyin məsələ ilə bağlı sorğusuna dərhal cavab verməyib.

Qeyd edək ki, Pavel Durov bir sıra ölkələrdə araşdırmalarla üzləşib. Bu ilin iyulunda Rusiya Federal Təhlükəsizlik Xidməti onu terror fəaliyyətinə yardım etməkdə ittiham edərək barəsində cinayət işi açıb. Rusiya tərəfi “Telegram”ın Ukrayna kəşfiyyatı tərəfindən ölkə daxilində hücumların təşkilində istifadə edildiyini iddia edib.

Durov isə qanun pozuntusu törətmədiyini bildirir. O, “Telegram”ın məzmun moderasiyası və cinayətkarlıqla mübarizə sahəsində dövlət qurumları ilə əməkdaşlıq öhdəliklərini artıqlaması ilə yerinə yetirdiyini bəyan edib.