Xəbər lenti

Bir uçurum, dörd ölüm və gizli əməliyyat - MKİ-nin əməliyyatı ifşa olundu
Dünya19:00 15.11.2026

Bir uçurum, dörd ölüm və gizli əməliyyat - MKİ-nin əməliyyatı ifşa olundu

Meksikada 90 metr hündürlüyündəki uçuruma yuvarlanan avtomobil karvanı dörd nəfərin ölümünə səbəb olub. Lakin qəzadan sonra üzə çıxan həqiqətlər hadisənin adi faciə olmadığını ortaya qoyub. İki MKİ əməkdaşının da həyatını itirdiyi əməliyyatın pərdəarxasında gizli əməkdaşlıqlar, mübahisəli şəxslər və diplomatik böhrana çevrilən hadisələr dayanırdı. Bəs Meksikanın dağlarında nələr baş verib və kimlər nəyi gizlətməyə çalışıb?

Gecə saatlarında Meksikanın Çihuahua ştatının dağlıq yolları ilə hərəkət edən doqquz avtomobildən ibarət karvan sıx toz buludunun içərisində irəliləyirdi. Karvandakı yük maşınlarından biri idarəetmədən çıxaraq təxminən 90 metr hündürlüyündəki uçuruma yuvarlandı. Dəhşətli qəzada dörd nəfər həyatını itirdi.

Lakin hadisə yerindən gələn məlumatlar qəzanın adi yol-nəqliyyat hadisəsi olmadığını üzə çıxardı. Çünki ölənlər arasında ABŞ-nin iki kəşfiyyat əməkdaşı da var idi.

Bu ölümlər Meksika ilə ABŞ arasında diplomatik böhrana çevrilən araşdırmanın başlanğıcı oldu. Qəzadan sonra üzə çıxan sənədlər ölkənin ən həssas təhlükəsizlik məsələlərindən birinin pərdəarxasında baş verənlərlə bağlı diqqətçəkən təfərrüatları ortaya qoydu.

Üstəlik, araşdırmanın izləri keçmişi mübahisəli olan meksikalı məmura və aylardır davam edən gizli əməkdaşlığa gedib çıxırdı. Budur, film kimi hadisənin pərdəarxası...

MKİ ilə əməkdaşlığın mərkəzindəki şəxs: Gilyermo Zuani

Əməliyyatların mərkəzində Çihuahua ştatında prokurorluq və polis orqanlarında rəhbər vəzifələrdə çalışmış Gilyermo Zuani Portilyo dayanır.

“New York Times” qəzetinin məlumatına görə, MKİ 2025-ci ildə Gilyermo Zuani ilə əməkdaşlığa başlayıb. Lakin Zuaninin ABŞ rəsmiləri baxımından mübahisəli keçmişi var idi. ABŞ onunla əməkdaşlığa başlamazdan cəmi bir neçə ay əvvəl narkotik kartelləri ilə şübhəli əlaqələrinə görə Zuaninin vizasını ləğv etmişdi.

Bundan başqa, Zuani barəsində korrupsiya və mütəşəkkil cinayətkarlıqla əlaqələrinə dair müxtəlif iddialar mövcud idi.

“New York Times” qəzetinin araşdırdığı şikayətlərdə dörd şahidin Zuanini 2022-ci ildə iki polis əməkdaşının öldürülməsi ilə əlaqələndirdiyi və onun hadisə ilə bağlı istintaqın gecikdirilməsində rol oynadığını iddia etdiyi bildirilirdi. Şahidlərdən ən azı birinin sonradan müdafiə tələb etdiyi, ABŞ rəsmilərinin isə həmin şəxsi şahidlərin müdafiəsi proqramına daxil etdiyi qeyd olunurdu.

Bütün bunlara baxmayaraq, MKİ-nin Zuanidən əməliyyat bölgəsində etibarlı əlaqələndirici şəxs kimi istifadə etdiyi bildirilir. Mənbələrin məlumatına görə, Zuani amerikalı agentlərin Çihuahua polis bölmələri ilə əlaqə yaratmasına şərait yaradıb.

Bunun qarşılığında ona ABŞ vizasının yenidən verildiyi bildirilir.

MKİ agentləri polis təlimlərində və əməliyyatlarda iştirak edib

Dörd meksikalı rəsminin sözlərinə görə, 2025-ci ilin payızında Gilyermo Zuani Çihuahua ştatının polisi ilə MKİ əməkdaşlarından birini tanış edib. Bildirilir ki, amerikalı rəsmi yeni xüsusi təyinatlı bölmənin yaradılmasına kömək etmək məqsədilə ştata gəlib.

MKİ əməkdaşı sonrakı aylarda ştat polisinin taktiki təlimlərini izləyib, avadanlıqları yoxlayıb və təlimlərdə iştirak edib. Sonrakı mərhələdə digər MKİ əməkdaşlarının da əməliyyatlara qoşulmağa başladığı bildirilir.

“New York Times” qəzetinin məlumatına görə, amerikalı agentlər bəzi əməliyyatlarda taktiki geyimlər geyinib, silah daşıyıb və real vaxt rejimində kəşfiyyat məlumatlarını ötürmək üçün kompüter və planşetlərdən istifadə ediblər. Bəzi hallarda onların üzərində Çihuahua ştat polisinin emblemi olan gödəkçələr də olub.

MKİ əməkdaşlarının əməliyyatlarda birbaşa silahlı toqquşmalara qatılmadığı, əsasən kəşfiyyat məlumatlarının təmin edilməsi, hədəflərin müəyyənləşdirilməsi və sahədəki qrupların istiqamətləndirilməsi vəzifələrini yerinə yetirdiyi bildirilir.

Əməliyyatlardan birində Zuaninin və amerikalı rəsmilərin barda olduğu güman edilən kartel liderini ələ keçirməyə çalışdığı, lakin Meksika qüvvələri əraziyə çatanda şübhəlilərin artıq oranı tərk etdiyi qeyd olunur.

Bəzi əməliyyatların uğursuzluqla nəticələnməsi meksikalı təhlükəsizlik əməkdaşları arasında kartel üzvlərinin əvvəlcədən məlumatlandırılmış ola biləcəyi ilə bağlı şübhələr yaradıb.

Digər bir basqın zamanı MKİ əməkdaşlarından birinin meksikalı polislər binaya daxil olarkən çöldə silahlı şəkildə təhlükəsizliyi təmin etdiyi, başqa bir amerikalı agentin isə ələ keçirilən rəqəmsal cihazları araşdırdığı və şübhəlilərdən birinin dindirilməsində iştirak etdiyi iddia olunur.

Metamfetamin laboratoriyasına əməliyyat faciə ilə nəticələndi

MKİ-nin Çihuahuadakı fəaliyyətlərinin üzə çıxmasına səbəb olan hadisə isə aprel ayında baş verib.

“New York Times” qəzetinin əldə etdiyi istintaq sənədlərinə görə, MKİ əməkdaşları Çihuahuanın dağlıq ərazilərində fəaliyyət göstərən böyük metamfetamin laboratoriyasının aşkarlanması və məhv edilməsinə yönəlmiş əməliyyatda iştirak ediblər.

Əməliyyatdan əvvəl MKİ əməkdaşlarının Gilyermo Zuani və digər ştat rəsmiləri ilə bir neçə görüş keçirdiyi, bəzi agentlərin ştat hökumətinə məxsus binalarda uzunlüləli silahlarla görüntüləndiyi bildirilir.

Dörd amerikalı əməkdaşın 60-dan çox meksikalı təhlükəsizlik işçisindən ibarət karvanla dağlıq əraziyə getdiyi qeyd olunur. İki gün davam edən əməliyyat zamanı MKİ agentlərinin kimliklərini gizlətmək üçün üzlərini örtdükləri bildirilir.

Təhlükəsizlik qüvvələri yaxın vaxtlarda istifadə edildiyi güman olunan laboratoriyanı aşkar ediblər. Ərazidə qaz balonları və kimyəvi maddələrlə dolu çəlləklər tapılıb. Lakin əməliyyat zamanı laboratoriyada heç kim olmayıb.

Geri dönüş yolunda isə karvandakı yük maşınlarından biri uçuruma yuvarlanıb. Meksika istintaq sənədlərinə görə, avtomobil təxminən 90 metr aşağı düşərək partlayıb.

Qəza nəticəsində iki MKİ əməkdaşı və iki meksikalı rəsmi olmaqla, ümumilikdə dörd nəfər həyatını itirib.

Qəzadan sonra MKİ-nin mövcudluğunun gizlədilməyə çalışıldığı iddia edilir

Qəzadan sonra araşdırma çərçivəsində alınan ifadələr MKİ-nin Meksikadakı fəaliyyəti ilə bağlı yeni iddiaları da gündəmə gətirib.

Həbs tələbinə əlavə edilən ifadələrə və hadisə yerində olan şəxslərin danışdıqlarına görə, əməliyyatda iştirak etməyən Gilyermo Zuani qəza baş verdikdən sonra meksikalı rəsmilər tərəfindən telefonla axtarılıb.

Zuaninin həlak olan MKİ əməkdaşlarının kimliklərinin gizlədilməsi və cəsədlərin üzərində Meksika hökumətinə məxsus hər hansı bir emblemin olmamasının təmin edilməsi barədə göstəriş verdiyi iddia olunur.

Üç nəfərin ifadəsinə görə, Zuani sonrakı mərhələdə meksikalı rəsmilərə MKİ-nin əməliyyatda iştirakını gizlətmələri üçün təzyiq göstərib.

Meksika hakimiyyəti qəzanı yol-nəqliyyat hadisəsi kimi qiymətləndirsə də, MKİ-nin ölkədəki fəaliyyətlərinin hüquqi əsasları və federal hökumətin bu fəaliyyətlərdən xəbərdar olub-olmaması ilə bağlı araşdırmaya başlayıb.

Şeynbaumdan reaksiya: Suverenlik mübahisəsi böyüyür

Meksika Prezidenti Klaudia Şeynbaum MKİ-nin Çihuahuadakı fəaliyyətlərindən federal təhlükəsizlik kabinetinin xəbərdar olmadığını açıqlayıb.

Şeynbaum ABŞ administrasiyasından və Çihuahua ştatının hökumətindən izahat tələb edib. O, xarici təhlükəsizlik qüvvələrinin Meksikada icazəsiz fəaliyyət göstərməsinin ölkənin suverenliyini pozacağını dəfələrlə bəyan edib.

Şeynbaum administrasiyasının ABŞ ilə təhlükəsizlik əməkdaşlığını tamamilə rədd etmədiyi, lakin bu əməkdaşlığın kəşfiyyat məlumatlarının mübadiləsi və logistik dəstək çərçivəsində həyata keçirilməsini istədiyi bildirilir.

Xüsusilə ABŞ Prezidenti Donald Trampın Meksikadakı narkotik kartellərinə qarşı birtərəfli hərbi müdaxilə təhdidləri iki ölkə arasındakı təhlükəsizlik əməkdaşlığını daha həssas vəziyyətə gətirib.

Çihuahua qubernatoru Maru Kampos isə ştat administrasiyasının MKİ-nin fəaliyyətlərindən xəbərdar olmadığını iddia edib. Kampos administrasiyası MKİ ilə əməkdaşlığın üzə çıxmasından sonra vəzifələrindən ayrılan Zuani və həmin dövrdə ştatın baş prokuroru vəzifəsini tutan Sezar Xaureqini məsuliyyətli hesab edib.

Keçmiş baş prokuror həbs edildi, Zuani haradadır?

Hadisədən sonra Gilyermo Zuani və Çihuahua ştatının keçmiş baş prokuroru Sezar Xaureqi vəzifələrindən istefa veriblər.

Xaureqi MKİ-nin ştatdakı fəaliyyətlərindən xəbərdar olmadığını iddia edib. Lakin Çihuahua rəsmiləri iki keçmiş məmur barəsində MKİ-ni ştata qəbul etdikləri və federal hökumətin səlahiyyətlərini kənarda qoyduqları iddiası ilə həbs qərarı çıxarıblar.

Xaureqi ötən ay polis tərəfindən saxlanılıb və vətənə xəyanət ittihamı ilə üzləşib.

Zuani isə hələ də axtarışdadır.

Zuani “New York Times” qəzetinə göndərdiyi mesajlarda vəzifəsini hər zaman etik və peşəkar şəkildə yerinə yetirdiyini müdafiə edib. O, xəbərdə yer alan iddiaların özünə qarşı mənfi münasibət bəsləyən şəxslərin ifadələrinə əsaslandığını irəli sürüb.

Qeyd: Məqalə “New York Times” qəzetinin “The Man Who Helped the C.I.A. Secretly Operate in Mexico” (MKİ-nin Meksikada gizli fəaliyyət göstərməsinə kömək edən şəxs) başlıqlı materialı əsasında hazırlanıb.

Aydın