Xəbər lenti

Salah, Mahrez, Hakimi... - Ərəb futbolunun ən yaxşısı kimdir?
İdman17:00 15.11.2026

Salah, Mahrez, Hakimi... - Ərəb futbolunun ən yaxşısı kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ərəb futbol tarixinin ən yaxşı oyunçusunun kimliyi ilə bağlı müzakirələr illərdir davam edir. Məhəmməd Salah, Riyad Mahrez, Əşrəf Hakimi, Məcid Abdullah və Məhəmməd Əbu Trika kimi ulduzların hər birinin özünəməxsus uğurları olsa da, bu müqayisələr bəzən futbol müzakirəsindən çıxaraq azarkeşlər arasında qarşıdurmaya çevrilir.

Qaynarinfo xəbər verir ki, bu barədə “Goal” nəşrinin Türkiyə versiyasında dərc olunan analitik yazıda bəhs edilib.

Məqalədə qeyd olunur ki, Əlcəzair millisinin və “Mançester Siti”nin sabiq futbolçusu Riyad Mahrez bu mübahisədə əsas namizədlərdən biridir. O, “Lester Siti” ilə İngiltərə Premyer Liqasının sensasiyalı qalibi olub, “Mançester Siti” ilə də ölkə çempionluğu və Çempionlar Liqasını qazanıb. Mahrez 2019-cu ildə Əlcəzair millisi ilə Afrika Millətlər Kubokunda da zəfər yaşayıb.

Lakin onun namizədliyinə qarşı çıxanlar “Mançester Siti”də həmişə əsas heyət üzvü olmadığını və komandanın ən böyük ulduzu sayılmadığını əsas gətirirlər.

Digər iddialı namizəd “Liverpul”un hücumçusu Məhəmməd Salahdır. İngiltərə futbolunun son illərdəki ən parlaq simalarından olan misirli futbolçu Çempionlar Liqası və Premyer Liqanın qalibi olmaqla yanaşı, çoxsaylı fərdi mükafatlar və rekordlara imza atıb. Ancaq tənqidçilər onun Misir millisi ilə Afrika Millətlər Kubokunu qazana bilməməsini önə çəkirlər.

Mərakeş millisinin və PSJ-nin müdafiəçisi Əşrəf Hakimi də bu mübahisədə xüsusi yer tutur. Çempionlar Liqasının qalibi olan futbolçu 2022-ci il dünya çempionatında Mərakeşin yarımfinala yüksəlməsində mühüm rol oynayıb. Bununla belə, bəzi azarkeşlər onun müdafiəçi mövqeyində çıxış etməsini əsas gətirərək hücumçularla müqayisəsini düzgün hesab etmirlər.

Məqalədə Səudiyyə Ərəbistanı futbolunun əfsanəsi Məcid Abdullah və Misir futbolunun tanınmış siması Məhəmməd Əbu Trikanın da adları çəkilir. Abdullah “Əl-Nəsr” və Səudiyyə Ərəbistanı millisindəki məhsuldar çıxışı ilə, Əbu Trika isə “Əl-Əhli” və Misir yığmasındakı uğurları ilə seçilib. Lakin onların namizədliyinə də fərqli arqumentlərlə etiraz edənlər var. Xüsusilə Əbu Trikanın Avropanın böyük liqalarında çıxış etməməsi müzakirə mövzusudur.

Yazıda Hossam Hassan, Rabah Madjer, Badu Zaki, Sami Əl-Cabir, Səid Əl-Oveyan, Ləxdar Bellumi və digər tanınmış futbolçuların da ərəb futbol tarixində mühüm yer tutduğu vurğulanır.

Müəllifin əsas qənaəti isə budur ki, problem ən yaxşı futbolçunun kimliyi ilə bağlı fikir ayrılığında deyil, fərqli seçimlərə münasibətdədir. Bəzi azarkeşlər öz sevimli oyunçularını müdafiə etməklə kifayətlənmir, digər əfsanələrin uğurlarını da kiçiltməyə çalışırlar.

Məqalədə bildirilir ki, futbolçuları müqayisə edərkən onların oynadıqları dövrü, mövqelərini, rəqabət səviyyəsini və karyera şəraitini nəzərə almaq lazımdır. Bir futbolçunun böyüklüyünü sübut etmək üçün digərinin uğurlarını inkar etməyə ehtiyac yoxdur.

Yazının əsas mesajı belədir: Salahın böyüklüyünü qəbul etmək üçün Mahrezi, Mahrezin uğurlarını qiymətləndirmək üçün isə Salahı kiçiltmək lazım deyil. Ərəb futbolunun zəngin tarixi fərqli nəsillərin və ölkələrin əfsanələri ilə formalaşıb və bu irs rəqabət predmetinə deyil, ortaq qürur mənbəyinə çevrilməlidir.

Aydın