
“Ravenna” bu ilin iyununda Ronaldinyonu transfer etdiyini açıqlayanda əksəriyyət bunun sadəcə reklam məqsədli addım olduğunu düşünürdü. Bütün zamanların ən sevilən futbolçularından birinin 46 yaşında yenidən meydana qayıdacağına, demək olar ki, heç kim inanmırdı.
Lakin görünür, bu dəfə qayıdış həqiqətən baş tutacaq. Ronaldinyo İtaliyanın şərq sahilində yerləşən, indiyədək heç vaxt A Seriyasında çıxış etməmiş üçüncü liqa təmsilçisinin heyətində futbolçu karyerasını yenidən davam etdirəcək.
“Ravenna”nın prezidenti İqnatsio Çipriani bu qeyri-adi hekayənin ilk günündən etibarən Ronaldinyonun yerli rəqib “Forli” ilə derbi matçında debüt etməsinin onun arzusu olduğunu deyirdi. İndi isə bu arzu reallaşmaq üzrədir. 2005-ci ildə “Qızıl top” mükafatına layiq görülmüş futbolçunun bazar günü “Bruno Benelli” stadionunda keçiriləcək C Seriyası matçında müəyyən müddət forma geyinməsi gözlənilir.
Bəs əslində nə baş verir? Ronaldinyo niyə karyerasını başa vurduqdan sonra futbola qayıdır? Bu dönüş yalnız bir oyunla məhdudlaşacaq, yoxsa o, həqiqətən də daimi olaraq yaşıl meydanlara qayıdır?
“Jogo bonito”nun təcəssümü

Ronaldinyo qeyri-adi istedadı ilə yanaşı, üzündən əskik olmayan təbəssümü ilə də azarkeşlərin rəğbətini qazanıb.
Çipriani 2024-cü ilin iyununda doğma şəhərinin klubunu satın alarkən əsas məqsədinin “Ravennadakı gənclərə futbolu sevdirmək” olduğunu bildirmişdi. Onun fikrincə, buna nail olmaq üçün uşaqlıq illərində heyranlıq duyduğu futbolçunu komandaya cəlb etməkdən daha yaxşı nə ola bilərdi?
“Düşünmürəm ki, Ronaldinyo qədər insanlara futbol sevgisi aşılaya bilən başqa bir futbolçu var”, – deyə Nyu-Yorkda yaşayan iş adamı “Gazzetta dello Sport” nəşrinə bildirib. Bu fikirlə razılaşmamaq çətindir.
Futbol dünyasında Ronaldinyonu sevməyən birini tapmaq olduqca çətindir. O, demək olar ki, hər kəsin hörmətini qazanmış nadir futbolçulardandır. Onun dünyanın hər yerində sevilməsinin səbəbi “jogo bonito” anlayışının, yəni gözəl futbolun canlı təcəssümü olması və meydanda sanki təkbaşına karnaval yaratmasıdır.
Lakin Çipraniyanın planında ciddi bir problem var idi: Ronaldinyo 2018-ci ildə, 37 yaşında futbolçu karyerasını başa vurmuş, 2015-ci ildə “Fluminense”dən ayrıldıqdan sonra isə peşəkar səviyyədə meydana çıxmamışdı.
Buna baxmayaraq, Lorentso Tonettinin vasitəçiliyi ilə tanış olan ikili arasında “həqiqi dostluq” yaranmışdı. Tonetti Ronaldinyonun 2008-ci ilin iyulundan 2011-ci ilin yanvarınadək “Milan”da çıxış etdiyi iki il yarımlıq dövrdə tez-tez baş çəkdiyi məşhur “Giannino” restoranının keçmiş ortaqlarından biri idi.
Bu səbəbdən Çiprani Ronaldinyoya “Ravenna”nın heyətində peşəkar futbola qayıtmağı təklif edəndə dünya çempionu “dərhal razılıq verib”.
“Ronnie ilə işlər məhz belə gedir. Əgər əylənmək və insanları həyəcanlandırmaq üçün fürsət varsa, o, bu işə bütünlüklə qoşulur”, – deyə Çiprani “Il Resto del Carlino” nəşrinə bildirib.
Sadəcə marketinq gedişi deyil

Ronaldinyonun həyatsevər xarakteri hər kəsə məlumdur. Avqust ayında “Ravenna”da ilk dəfə iştirak etdiyi möhtəşəm mətbuat tədbirində onun qəhrəman kimi qarşılanması futbolçunu gözlə görünəcək dərəcədə duyğulandırmışdı.
Azarkeşlərin onu görmək üçün toplaşmasını nəzərdə tutan Ronaldinyo jurnalistlərə belə demişdi: “Məhz buna görə geri qayıtdım! İndi başa düşürsünüz?”
Lakin jurnalistlərin tam anlaya bilmədiyi məsələ onun həqiqətən də rəsmi oyunda meydana çıxıb-çıxmayacağı idi.
Çiprani Ronaldinyonun klubun formasını ən azı bir dəfə geyinəcəyini, bazar günü baş verənlərdən asılı olaraq daha çox oyunda da iştirak edə biləcəyini bildirmişdi. Bununla belə, o, razılaşmanın futboldan daha geniş məzmun daşıdığını açıq şəkildə etiraf edib.
“Ronaldinyo özünün R10 adlı idman geyimləri brendini də bazara çıxarmaq istəyir. Maykl Cordan modelini düşünün. Bu məhsulları geyinən ilk komanda da ‘Ravenna’ olacaq”, – deyə klub prezidenti “Gazzetta”ya bildirib.
Tərəfdaşlığın bu istiqaməti artıq real gəlir gətirməyə başlayıb. İtaliyanın “Maneskin” rok qrupunun üzvü Damiano David avqust ayında sosial şəbəkələrdə “R10 Ravenna” formasını haradan ala biləcəyini soruşub.
Cavab isə belə olub: heç bir yerdən. Çünki məhdud sayda istehsal olunan formaların ilk partiyası artıq tamamilə satılmışdı.
Təəccüblü deyil ki, sonradan məhsulların ehtiyatı yenilənib. Ronaldinyo ilə bağlı müxtəlif məhsulları artıq internet vasitəsilə, eləcə də bu həftəsonu keçiriləcək derbi matçına marağın artması səbəbindən yeni lojalar əlavə edilmiş stadiondan almaq mümkündür.
Bu, Ronaldinyo üçün ikiqat sevindirici xəbərdir. Çünki o, “Ravenna”ya yalnız futbolçu kimi qoşulmayıb.
“Ronaldinyo buraya konkret və romantik bir məqsədlə gəlib: karyerasının son qolunu vurmağa çalışmaq. Lakin onun buradakı rolu sadəcə simvolik jestdən və ya klubumuz haqqında danışılmasını təmin edən marketinq gedişindən ibarət deyil. Ronaldinyo klubun səhmdarlarından biri olacaq”, – deyə Çiprani bildirib.
Növbəti “Komo”?

Hazırda bütün diqqətlər Ronaldinyonun verdiyi sözə əməl edərək bazar günü meydana qayıtmasına yönəlib.
“Ravenna”nın baş məşqçisi Andrea Mandorlini braziliyalı ulduzun təxminən 30 dəqiqə oynayacağını bildirib. Üstəlik, Ronaldinyo cümə günü şəxsi təyyarə ilə İtaliyaya gəldikdən sonra cəmi bir dəfə məşq edib.
Gözlənildiyi kimi, biletlər adi qiymətindən iki dəfədən də baha satılır. Xüsusi olaraq bu tədbir üçün müvəqqəti tribunalar da quraşdırılıb. Tribunanın adı isə təbii ki, “R10”dur.
Çiprani adətən diqqətdən kənarda qalan aşağı liqanın futbol dünyasının marağını cəlb etməsindən xüsusi qürur duyduğunu gizlətmir.
“Ronaldinyo və ‘Ravenna’ dünya çempionatı zamanı beynəlxalq mediada manşetlərə çıxanda əyalət futbolunun hər yerdə maraq doğura biləcəyini göstərdik. Əgər diqqətləri üzərimizə çəkə bilsək, televiziya yayım hüquqlarından sponsorluğa və tamaşaçı sayına qədər bütün liqa bundan faydalanacaq”, – deyə o bildirib.
Bu baxımdan Ronaldinyonun qayıdışı, ən azı “Ravenna” üçün, daha böyük hədəfə doğru atılan ilk addımdır.
“Bunu açıq şəkildə deyəcəyəm, çünki ictimaiyyət qarşısında söz verəndə daha yaxşı işləyirəm: ‘Ravenna’ A Seriyasına yüksəlməli və zamanla Avropa səviyyəsində mübarizə aparmalıdır. Bunun üçün səbir və möhkəm struktur lazımdır, lakin irəlilədiyimiz istiqamət məhz budur”, – deyə Çiprani vurğulayıb.
O, sözlərinə belə davam edib:
“Ronaldinyo yalnız bir gecəlik formamızı geyinən futbolçudan daha artıq biridir. O, bizim qlobal səfirimiz və bu layihənin uzunmüddətli tərəfdaşıdır”.
Çiprani “Ravenna”nın İtaliya futbolunda yüksəlmək üçün yalnız Ronaldinyonun cəlbedici imicinə güvənə bilməyəcəyini yaxşı anlayır.
Məhz buna görə də “Milan”ın əfsanəvi keçmiş baş icraçı direktoru və idman direktoru Ariedo Braidanı klubun vitse-prezidenti vəzifəsini qəbul etməyə razı salması onu, demək olar ki, Ronaldinyo transferi qədər sevindirib.
Hazırda 80 yaşı olan Braidanın layihəyə qoşulması kluba böyük etibarlılıq qazandırır. “Ravenna”nın artıq “yeni Komo” adlandırılması da təsadüfi deyil.
“Bu müqayisə, əlbəttə ki, bizi qürurlandırır. Lakin əsas fərq ondadır ki, klubumuzun sahibləri buradandır və yerli icma ilə dərin bağlara malikdirlər. Ravenna mənim evimdir. Həyatım boyu arzum bölgədəki hər bir gənc futbolsevəri şəhərimizin klubunun azarkeşinə çevirmək olub. Qarşıda, xüsusilə infrastruktur sahəsində, görüləsi çox iş var”, – deyə Çiprani “Gazzetta”ya bildirib.
O, fikirlərini belə davam etdirib:
“Əla iş görən baş menecerimiz Paolo Skokko yanvar ayına qədər hazır olmalı olan yeni və müasir məşq mərkəzimizin tikintisinə rəhbərlik edir. Daha sonra diqqətimizi stadiona yönəldəcəyik. Hazırda ‘Benelli’ stadionunda yenidənqurma işlərini başa çatdırırıq. Lakin məqsədimiz ofisləri və ‘Hotel Cipriani’ni də əhatə edən tamamilə yeni stadion inşa etməkdir.
Beləliklə, çoxsaylı ideyalarımız və böyük hədəflərimiz var. Ronaldinyo layihəsi isə yalnız başlanğıcdır”.
Mənbə: Goal.com
Tərcümə: Qaynarinfo