
Yaş artdıqca beyində tullantı maddələrin təmizlənməsi prosesi zəifləyə bilər. Alimlər bu prosesin normal fəaliyyətini dəstəkləmək və beyin sağlamlığını qorumaq üçün iki gündəlik vərdişə – keyfiyyətli yuxuya və müntəzəm fiziki aktivliyə diqqət yetirməyi tövsiyə edirlər.
Qaynarinfo Polşanın “Zwierciadlo” nəşrinə istinadən xəbər verir ki, beyində hüceyrələrin fəaliyyəti nəticəsində yaranan maddələrin xaric edilməsinə qlimfatik sistem cavabdehdir. Bu sistem beyin damarları boyunca yerləşən kanallar vasitəsilə onurğa-beyin mayesinin hərəkətini təmin edir. Maye beyin toxumalarını yuyaraq artıq maddələrin uzaqlaşdırılmasına kömək edir.
Lakin yaşla əlaqədar bu mexanizmin fəaliyyəti zəifləyə bilər. Nəticədə beyində bəzi maddələrin, o cümlədən Alzheimer xəstəliyi ilə əlaqələndirilən beta-amiloid zülalının toplanması riski artır.
Kopenhagen və Roçester universitetlərinin professoru Mayken Nederqardın sözlərinə görə, xroniki iltihab və ürək-damar sisteminin fəaliyyətindəki pozuntular da qlimfatik sistemə mənfi təsir göstərə bilər.
Beyin sağlamlığı üçün iki vacib vərdiş
Mütəxəssislərin diqqət çəkdiyi ilk amil keyfiyyətli yuxudur. Xüsusilə dərin yuxu mərhələsində beyində maye dövranı dəyişir və tullantı maddələrin xaric edilməsi prosesi daha fəal gedir. Buna görə də hər gün eyni saatlarda yatıb-durmaq, yuxu rejimini qorumaq və yuxusuzluqla bağlı həddindən artıq narahatlıq keçirməmək tövsiyə olunur.
İkinci vacib amil müntəzəm fiziki aktivlikdir. Gəzinti, üzgüçülük, velosiped sürmək və rəqs kimi fəaliyyətlər ürək-damar sisteminin sağlamlığını dəstəkləyir. Bu isə beyində maye dövranı üçün də əhəmiyyətlidir.
Məqalədə 2025-ci ildə aparılmış 12 həftəlik tədqiqatın nəticələrinə də diqqət çəkilir. Araşdırmada müntəzəm velotrenajor məşqləri edən sağlam yetkin insanlarda beyin mayelərinin hərəkətində müsbət dəyişikliklər müşahidə olunub.
Viktoriya Universitetinin tədqiqatçısı Ceyms Broç isə fiziki aktivliyin davamlı vərdişə çevrilməsinin vacibliyini vurğulayır. Onun tövsiyələrinə gündəlik piyada gəzmək, pilləkənlərdən istifadə etmək və uzun müddət oturaq vəziyyətdə qalmamaq daxildir.
Mütəxəssislər bildirirlər ki, beyin sağlamlığını qorumaq üçün ağır məşqlərə ehtiyac yoxdur. Əsas məsələ kifayət qədər yatmaq və hərəkəti gündəlik həyatın ayrılmaz hissəsinə çevirməkdir.
Aydın