
İnsanın bioloji yaşı təqvim yaşından beş il və daha çox irəlidədirsə, bu, orqanizmdə sürətli qocalma prosesinin getdiyinə işarə edə bilər. Mütəxəssislər bildirirlər ki, bəzi laborator və instrumental müayinələr bu prosesi erkən mərhələdə müəyyənləşdirməyə kömək edir.
Qaynarinfo xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq Anna Nevolnikova “Gazeta.Ru”ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, eyni təqvim yaşında olan iki insanın orqanizminin vəziyyəti tamamilə fərqli ola bilər. Buna görə də sağlamlığın qiymətləndirilməsində bioloji yaş mühüm göstərici hesab olunur. Bioloji yaşın pasport yaşını beş il və daha çox üstələməsi gizli sağlamlıq problemlərinin və sürətlənmiş qocalmanın xəbərdaredici əlaməti sayılır.
Nevolnikova bildirib ki, ilk növbədə metabolik göstəricilərə diqqət yetirilməlidir. Qanda qlükoza və insulin səviyyəsi, eləcə də lipid mübadiləsini əks etdirən analizlər karbohidrat və yağ mübadiləsindəki pozuntuları, insulin müqavimətini və diabet riskini aşkar etməyə kömək edir.
Digər mühüm göstəricilər iltihabi proseslərlə bağlıdır. Ümumi qan analizi, EÇS, C-reaktiv zülal və ferritin orqanizmdə gizli sistemik iltihabın mövcudluğunu müəyyənləşdirmək üçün qiymətləndirilir. Həkim qeyd edib ki, belə iltihab prosesləri uzun müddət nəzərə çarpmadan toxumalara zərər verə və qocalmanı sürətləndirə bilər.
Bundan başqa, damar və oksidləşdirici stress göstəriciləri də əhəmiyyətlidir. Laxtalanma sistemi ilə bağlı analizlər və damarların daxili qatının vəziyyətini qiymətləndirən müayinələr ateroskleroz və digər ürək-damar fəsadlarının riskini üzə çıxara bilər.
Endokrinoloq sümük və əzələ sisteminin yoxlanılmasının da vacibliyini vurğulayıb. Sümük toxumasının sıxlığının ultrasəs müayinəsi və bioimpedans analizi sarkopeniya, yəni əzələ kütləsinin azalması, eləcə də osteoporoz riskini erkən müəyyənləşdirməyə imkan verir.
Həmçinin D vitamini səviyyəsi və hormonal balans qiymətləndirilməlidir. Mütəxəssisin fikrincə, bu göstəricilərin kompleks təhlili orqanizmdəki dəyişiklikləri xəstəliklər aşkar simptomlarla üzə çıxmazdan əvvəl müəyyən etməyə kömək edə bilər.
Qeyd edək ki, sadalanan analizlər ayrı-ayrılıqda bioloji yaşı və ya sürətli qocalmanı təsdiqləmir. Onların nəticələri həkim tərəfindən ümumi sağlamlıq vəziyyəti və digər müayinə göstəriciləri ilə birlikdə qiymətləndirilməlidir.
Aydın