
“Axios” nəşri "Nvidia" şirkətinin baş direktoru vəzifəsinə mümkün namizədlərin siyahısını açıqlayıb. Şirkət Censen Huanın istefasından sonra yeni rəhbər axtarışındadır. İddialara görə, onun şəxsi münasibətləri ilə bağlı yayılan məlumatlar istefa qərarına səbəb olub.
Qaynarinfo xəbər verir ki, nəşr media və ekspert müzakirələrində ən çox adı çəkilən 11 şəxsi sıralayıb. Namizədlər arasında həm "Nvidia"nın hazırkı əməkdaşları, həm də digər texnologiya şirkətlərinin rəhbərləri var.
Siyahının ön sıralarında hazırda şirkətə müvəqqəti rəhbərlik edən maliyyə direktoru Kollett Kress və "Nvidia"nın vitse-prezidenti, CUDA platformasının hazırlanmasında iştirak etmiş İen Bak yer alır. Şirkətin həmtəsisçisi Kris Malaxovski də mümkün namizədlərdən biri kimi göstərilir.
Maraqlı məqamlardan biri isə Censen Huanın qızı Medisonun adının da siyahıya daxil edilməsidir. O, şirkətdə fiziki süni intellekt məhsullarının marketinqi ilə bağlı fəaliyyət göstərir. Bununla belə, Medisonun hazırkı vəzifəsi təcrübəli rəhbərlərlə müqayisədə daha aşağı səviyyədədir. Nəşr onun mümkün namizədliyini daha çox uzunmüddətli perspektivlə əlaqələndirir.
Xarici namizədlər arasında "Arm" şirkətinin baş direktoru Rene Haas, AMD-nin rəhbəri Lisa Su və "Apple"da aparat təminatı istiqamətinə cavabdeh olan Coni Srouci də var. Haas əvvəllər "Nvidia"da çalışıb.
Bundan başqa, "Palo Alto Networks" şirkətinin rəhbəri Niş Arora və "Google Cloud"un baş direktoru Tomas Kurianın da adları çəkilir. Lakin nəşr onların təcrübəsində müəyyən fərqlərə diqqət çəkir: Aroranın əsas fəaliyyəti kibertəhlükəsizlik və digər texnoloji sahələrlə bağlıdır, Kurian isə çip dizaynı sahəsində çalışmayıb.
Siyahıda "Apple"ın sabiq rəhbəri Tim Kuk və "Intel"in keçmiş baş direktoru Pet Gelsinger də yer alıb. ABŞ Prezidenti Donald Tramp Kukun "Nvidia" rəhbərliyinə namizəd kimi nəzərdən keçirilməsini təklif etsə də, onun bu vəzifəyə maraq göstərib-göstərmədiyi məlum deyil.
Qeyd edək ki, "Nvidia"nın direktorlar şurası yeni baş direktor seçimi zamanı həm şirkətin daxili kadrlarını, həm də kənar namizədləri nəzərdən keçirməyi planlaşdırır. Censen Huan isə indiyədək özünün mümkün varisi barədə açıq açıqlama verməyib.
Aydın