
Rahid Ulusel
Azərbaycan Milli Elmlər Akademiyası
Fəlsəfə elmləri doktoru, professor
XXI əsrdə də irəli və geri sivilizasiyaların, ötkün və batqın cəmiyyətlərin ağlasığmaz ayırımı üzərində düşünərkən, 50-70-100 min il öncəyə sıçrayıb oradan üzü bəri baxmaq gərək: Afrikadan digər kontinentlərə ayaq açan insan sonuncu buzlaq dövründən sonra məhz oralarda həm oxşar, həm də bir-birindən fərqli erkən sivilizasiyaları yaratmaq və inkişaf etdirmək bacarığını ideya və fəaliyyət mübadiləsi ilə qazana bilmişdi. Afrikanın özünün ibtidai cəmiyyətlərinin kiçik bir qismi isə yalnız onun şimalında – Nil çayı sahillərində – çağdaşı olduğu ən qədim sivilizasiyalarla (Şumer, Het, Minoy, Mikena, Finikiya, Mitanni və s.) tarixdə ilk beynəlxalq bağlantıları quran antik Misirlə yüksəldi, zirvəsinə çatdı və söndü. Min illərdən sonra, planetin çoxsəviyyəli sivilizasiya münasibətlərindən (yəni həm də tarixdən!) özünü kənarda saxlayan, öz yaşam çevrəsində heç bir əhəmiyyətli dönüş yaratmadan yalnız yabançı təsirlərə məruz qalan Afrika bütünlüklə müstəmləkəçi Avropanın qolubağlı quluna çevrildi...
İndi mətbuatdan iki xəbəri ardıcıl oxuyuram: ABŞ-da İlon Maskın “SpaceX” şirkəti “Starship” kosmik gəmisi vasitəsilə tarixdə ilk dəfə (28 sentyabr 2026) Yer kürəsindən 270 km. yüksək orbitdə 26 yeni nəsil “Starlink V3” peykini fəaliyyətə göndərib (https://www.spacex.com/launches/starship-flight-14?_sp=58249f95-1ec4-46d7-a82b-bb7005c74284.1794489198509). Türkmənistanda isə hakimiyyəti oğluna verən, özü isə Arkadağ titulunu möhürləyən Qurbanqulu Berdiməhəmmədov cəmi bir gün sonra (29 sentyabr) böyük stadionda onu şit-şit vəsf edən mahnıların müşayiəti ilə Dağxan adlı axal təkə atını çapır (https://azpolitika.info/?p=842689). Nə olar, adam istəsə at da çapar, eşşək də, dəvə də, lap dəvəquşu da. Cıdır yarışlarında da iştirak edə bilər. Ancaq məsələ burasındadır ki, Arkadağ bir xalqın lideri olaraq, ata – minmək, insanlara isə – özünü əzəmətli göstərmək vasitəsi kimi baxır. O, atın da, xalqın da belindədir. O, atla xalq kimi, xalqla at kimi davranır. Ancaq o, ata xalqdan daha yaxındır. Onu xalqdan daha əziz tutur, naz-nemət içərisində bəsləyir. O, xalqla dialoqu yalnız bu formada qurur. Həm də məsafədən! Təcrid və passiv vəziyyətə salınmış, siyasi dili kəsilmiş xalqın sözü – yalnız alqışları, bəh-bəhi, öygüsüdür. Axaltəkə və Türkmənin vəhdətindən “ənənəvi cəmiyyətin” yeni boyutu yaranır... Doğrudanmı, Türkmənistan qonşuluğundakı “gözü çıxan qardaşını” – İranı, Əfqanıstanı görmür?!
Tarixin ironiyası həm də bundadır: tərəqqinin daşıyıcıları ilə yamsıqları – qalstuklu primitivlər eyni zamanda yaşaya bilir. Zahirən onları heç ayırd edə bilməzsən...
Bir ölkədə kapital sivilizasiyanın artıq yeni kosmik mərhələyə yüksələn inkişafına, digər ölkədə isə “Ruhnamə” ilə böyüdülmüş, Saparmurad Niyazovun 12 metrlik qızıla bükülü heykəlinə baxan xalqı yüz illər də geri atan şəxsiyyətə pərəstiş bataqlığına xərclənir. İlon Maskın kosmik gəmisi insanı tarixin irəlisinə uçurur, Qurban Qulunun atı isə insanı şıllaqlayıb tarixin dərəsinə tullayır.
Elmin başına deyil, Kəbənin (diktatorun, kralın, şeyxin!) başına, Qanunun deyil, Şəriətin başına dolananlar – mehvərindən çıxmış, tarixdən kənarda qalmış sivilizasiyalar, qısır mədəniyyətlərdir. Onların indiki və gələcək taleyi – Qərbin, Çinin və ya hər hansı bir qlobal hegemonun yedəyində gedən, zəncirində qıvrılan günümüzün lokal afrikaları olmaq deyil, bəs nədir?!
Paleo-antropoloji genetika sübut edir ki, 70 min il öncə artıq Afrikaya sığmayan homo sapiens ilə müasir insan təxminən oxşar biologiyaya sahibdir. Yəni bu gün eyni təkamül yolu keçsələr də, öz tarixinin və düşüncəsinin ayrı-ayrı pillələrində (hətta kontinentlərində!) dayanan İlon Mask və Qurban Qulu eyni homo sapiens anatomiyasına (DNK quruluşu, beyin, fiziologiya, somatika və s.) malikdirlər. Ancaq birinin beyni İdeya ilə, digəri Samanla dolub (Belə bir paradoksal fərqi biz 1950-ci illərədək eyni tarixi yaşayan Cənubi və Şimali Koreyanın siyasi-ideoloji cəhətdən parçalanmasında, hətta bir-birinə düşmən olmasında görürük). Samanla doldurulmuş beyinlər nəinki 4-cü, 5-ci, hətta 50-ci sənaye inqilabı dövründə də “Mersedes”dən düşüb axaltəkəyə, “Rolls-royce”dan düşüb dəvəyə minərlər. Özünü rəsmi saytında “Lider, Ata, Şair” kimi təqdim edən, 23 uşaq atası, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri, Zati-Aliləri Şeyx Məhəmməd ibn Rəşid Əl Maktumun uzaqgörənlikə dediyi kimi – “Mənim babam, atam dəvədə gəzib. Mən “Mersedes”də gəzirəm, oğlum isə “Land Rover”də. Lakin oğlumun oğlu dəvədə gəzəcək!”
Yalın təfəkkürlü cəmiyyətlər cürbəcür şəkildə, lakin özünüyaratma təməlində İnsan Suvereniteti dayanan eyni təməl prinsiplərin pozulmasına göz yummaları ucbatından qapanır. Üstü bağlı, altı açıq cəmiyyətlər ört-basdır etdikləri dəlmə-deşiklərdən sıza-sıza tükənir. Onların bərq vuran göydələnləri də fundamental dəyərlər üzərində yüksəlişin deyil, yerə-göyə sığmayan iddiaların, rəqabətin deyil, bəhsəbəhsin üzərində ucaldılır. Onlar sanki yolla deyil, labirintlərlə hərəkət edirlər. Süni, saxta, formal müasirləşmələri havadaca qəbul edib, labirintin sonunda eləcə lüm-lüt, çıxdıqları başlanğıc nöqtəyə qayıdırlar. Qaçılmazdır bu qanunauyğunluq: dialektik və sinergetik hərəkət qaynağı olduğu üçün, azad düşüncə meydanı daim genişlənir və dərinləşir. Belə bir qaynaqdan məhrum olduğu üçün, qapalı düşüncə meydanı daim daralır, yarğanlaşır və sozalır.
Zahirən müasirləşən – hətta hamıdan yaxşı müasirlik qiyafəsində görünən, – ancaq o müasirliyin ayrılmaz parçasına, öncülünə çevrilməyə can atmayan cəmiyyətlər çağdaş dünyanın əsil parazitləridir. Onlar dünyanın bütün texnoloji nailiyyətlərindən bolluca bəhrələnir, fəqət onların yaradılmasının yox, yalnız istifadəsinin, istehlakının iştirakçısı olurlar. Qlobal arxitekturanın bu zəif bəndləri ötkəm-ötkəm car çəkirlər ki, biz dünyanın “enerji təhlükəsizliyində” rol oynayırıq. Ancaq əslində deməlidirlər ki, biz dünyanın “xammal mənbəyiyik!”
Mərkəzindəki “qara dəliyin” – avtokratik rejimin başına eyforiya içərisində, gicəllənə-gicəllənə dolanan bu cəmiyyətlər, adətən, çığırqan, bağırqan, şişirgən olur, öz gözündə tiri yox, özgənin gözündə qılı görür, yüksək cəmiyyətləri məharətlə pisləyir, “ayıb yerlərindən” sərrast vururlar. Onlar tarazlığı – özlərini öymək, başqalarını yamanlamaqla tapırlar. Dünyanı öyrənsələr də (əgər öyrənsələr!) həmişə ondan tərs nəticələr çıxarırlar. “Tərs nəticələr” dünyasında yaşadıqca və buna alışdıqca, psixologiyaları da kirəcləşib bərkiyərək “sümükləşmiş mentalitet” şəklini alır və onlar reallığı – dünyanın dəyişən qanını! – qiymətləndirmək kimi ana duyğunu itirirlər: gerçəkdən doğan həqiqətə deyil, ilğımdan doğan absurda tuşlanırlar. Hərgah belə bir cəmiyyətin içərisində kimsə və kimsələr “tərs yozumlar” dünyası ilə barışmasa və ona etiraz etsə, Lider bir yana, potensial fanatiklər ordusu dərhal onu dışlayır və “yad ünsür” sayırlar. “Yad ünsürlər” başın lazım olmadığı ölkədən baş götürüb gedir, hansısa mütərəqqi ölkənin ilonmaskları olmaq imkanı əldə edirlər, başından başqa hər yeri işləyənlər isə qurbanqulular olub qalırlar.
Siyasi dinamikadan məhrum olan cəmiyyətlər içərisinə də, dışarısına da çevik reaksiyaları itirirlər. Özlərinə qapandıqca, çevrələrinə də yadlaşırlar. Belə cəmiyyətlərin insanları yaradıcı millətin və dövlətin vətəndaşları olmadıqlarından, zahirən bir-birinə təbəssüm göstərsələr də, bir-birilərinin toylarında şıdırığı oynasalar da, bir-birilərinə qarşı potensial aqressiyanı hər zaman, hər yerdə püskürə bilərlər.
Özünütəşkil zərurətinin təkzibolunmaz məntiqi isə deyir ki, əsas məsələ fərdin də, cəmiyyətin də, millətin və onun qurduğu hakimiyyətin də öz yaradıcı enerjisini hədər yerə – zahiri təmtəraqlara xərcləmədən, daha çevikcə, sürətlə və optimal vasitələrlə amansız rəqabət dünyasında irəliləməklə, həm də verimli mübadilə mədəniyyətinə yiyələnməklə özünün yeni, rasional sivilizasiya dəyərlərini yarada bilmək bacarığındadır. Müasir dünyanın idarə olunan yox, idarə edən siyasi arenasında yer almağa obyektiv canatmaları olan müstəqil türk dövlətləri də özlərinin böyük tarixinin başlanğıcından – Göy Türk imperiyasından üzü bəri öz dəyərləri üzərində bərqərar olan sekulyar Türk sivilizasiyasını inkişaf etdirməklə XXI əsrin gərgin dünya nizamında üstün yer tuta bilərlər. Özəlliklə Avrasiyanın nüvəsini təşkil edən Mərkəzi Asiya türk respublikaları böyük ərazi, təbii ehtiyatlar və əhali potensialının formal deyil, yalnız gerçəkdən demokratik siyasi sistemə transformasiyası şərtləri daxilində proqressiv dünya dövlətlərinin platformasına qoşula bilərlər. Yoxsa, onlar da böyük kapitala sahib olan (ancaq söz sahibi olmayan!), Qərb dominantlarından asılı, daim İsrail və İran çömçəsi ilə qarışdırılmaq təhlükəsi yaşayan ərəb dünyasının taleyini yaşayacaqlar.
Türkün XXI əsrdə həlledici dönüş yaradacaq böyük tarixi özünüdərki – məhz Türk sivilizasiyasına mənsub olduğunu öz dayaqları üzərində möhkəmlənməklə təsdiq etməsidir. Əks halda, ulu Mirzə Ələkbər Sabirin sözlərini xorla perefraz etməkdən başqa çarəmiz qalmayacaq: “Əcnəbi seyrə kosmik gəmilərlə çıxır, biz hələ axaltəkə belindən düşməyirik!..”