
Dünyanın bütün ölkələri istixana qazı emissiyalarını azaltmaqla bağlı verdikləri vədləri yerinə yetirsələr belə, əsrin sonunadək planetdə orta temperaturun sənayedən əvvəlki dövrlə müqayisədə 1,9 dərəcə artacağı gözlənilir. Mövcud iqlim siyasəti dəyişməz qalarsa, istiləşmə 2,7 dərəcəyə çata bilər.
Qaynarinfo xəbər verir ki, bu nəticələr beynəlxalq “Climate Action Tracker” (CAT) qrupunun yeni təhlilində əksini tapıb.
Araşdırmaya görə, hər iki ssenari Paris İqlim Sazişində nəzərdə tutulan 1,5 dərəcəlik istiləşmə həddinin aşılması deməkdir. Alimlər hesab edirlər ki, bu hədd yaxın illərdə artıq keçiləcək. Temperaturun cüzi artımı belə ekstremal istilər, quraqlıqlar, daşqınlar və dağıdıcı fırtınalar riskini əhəmiyyətli dərəcədə yüksəldir.
Tədqiqat müəllifləri bildirirlər ki, bir çox dövlətlər iqlim dəyişikliyi ilə mübarizə üzrə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. ABŞ, Kanada və Yeni Zelandiya da daxil olmaqla bəzi ölkələrdə bu istiqamətdə tədbirlərin tempi zəifləyir.
“Climate Analytics” təşkilatının rəhbəri Bill Heyr xəbərdarlıq edib ki, fosil yanacaqlara dəstəyin davam etdirilməsi istilərlə və iqlim fəlakətləri ilə bağlı ölüm hallarının artmasına, eləcə də ciddi iqtisadi itkilərə səbəb ola bilər.
Ümidverici dəyişikliklər hələ kifayət etmir
Hesabatda müsbət tendensiyalar da qeyd olunub. Belə ki, təmiz enerji sahəsinə yatırılan investisiyalar artıq fosil yanacaqlara yönəldilən sərmayələri iki dəfə üstələyir. Elektrik avtomobillərinin istifadəsi sürətlə genişlənir, Braziliyanın Amazon bölgəsində meşələrin qırılması isə nəzərəçarpacaq dərəcədə azalıb.
Bundan başqa, 2026-cı ildə fosil yanacaqların yandırılması nəticəsində yaranan karbon qazı emissiyalarında cüzi azalma gözlənilir.
Lakin mütəxəssislər bu irəliləyişlərin qlobal iqlim hədəflərinə çatmaq üçün yetərli olmadığını vurğulayırlar.
Araşdırma müəlliflərinin fikrincə, qlobal istiləşməni 1,5 dərəcə həddində saxlamaq artıq mümkün olmasa belə, emissiyaların azaldılması istiqamətində atılan hər bir addım əhəmiyyətlidir. Temperatur artımının məhdudlaşdırılması gələcəkdə iqlim fəlakətlərinin miqyasını və onların yaratdığı fəsadları azaltmağa kömək edə bilər.
Aydın