Xəbər lenti

Günəş sisteminin kənarında suyun mövcudluğuna dair sübutlar tapıldı
Dünya17:52 12.11.2026

Günəş sisteminin kənarında suyun mövcudluğuna dair sübutlar tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Günəş sisteminin Neptun planetindən kənarda yerləşən ən ucqar bölgələrindən birində suyun mövcudluğuna dair yeni elmi sübutlar əldə edilib. Alimlər Yer atmosferində toplanmış kosmik toz hissəciklərini araşdıraraq milyardlarla il əvvəlki suyun kimyəvi izlərini aşkar ediblər.

Qaynarinfo xəbər verir ki, NASA-nın Conson Kosmik Mərkəzindən Lindsi Kellerin rəhbərlik etdiyi tədqiqat qrupu bu nəticəyə gəlib. Araşdırma Science Advances elmi jurnalında dərc olunub.

Tədqiqatçılar Yer stratosferində yüksək hündürlükdə uçan təyyarələr vasitəsilə toplanmış, ölçüləri 10-30 mikrometr arasında dəyişən 12 kosmik toz hissəciyini tədqiq ediblər. Hissəciklərin mənşəyini müəyyənləşdirmək üçün onların mineral kristallarında Günəşdən gələn yüksək enerjili zərrəciklərin yaratdığı izlər araşdırılıb.

Nəticələr göstərib ki, bu hissəciklərdəki radiasiya zədələnmələrinin sıxlığı asteroid qurşağından və Yupiter ailəsinə aid kometlərdən gələn tozlarda gözlənilən göstəricidən təxminən 100 dəfə çoxdur. Bu isə onların uzun müddət planetlərarası fəzada qaldığını və Neptunun orbitindən kənarda yerləşən Kuiper qurşağından gəldiyini göstərir.

Araşdırma zamanı hissəciklərin tərkibində gil də daxil olmaqla, su saxlayan minerallar aşkarlanıb. Alimlərin fikrincə, bu minerallar ilkin süxurların buzlu səma cisimlərinin daxilində su və karbon qazı olan maye ilə reaksiyası nəticəsində yaranıb.

Oksigen izotoplarının təhlili isə həmin suyun tərkibində oksigen-17 və oksigen-18-in miqdarının Günəş sisteminin daxili bölgələrindəki su nümunələri ilə müqayisədə daha yüksək olduğunu üzə çıxarıb.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticələr Günəş sisteminin ilkin formalaşma dövründən qalan, daxili bölgələrdəki maddələrlə az qarışmış qədim buz ehtiyatının mövcudluğuna işarə edir. Beləliklə, kosmik toz hissəcikləri Günəş sisteminin uzaq keçmişi və onun kənar bölgələrindəki suyun kimyəvi tərkibi barədə yeni məlumatlar verə bilər.

Aydın