
Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyevə məxsus qeyri-yaşayış binası hərrac vasitəsilə satışa çıxarılıb.
Qaynarinfo Yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşən və icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 6 mərtəbədən ibarətdir.
Satışa çıxarılan obyektin torpaq sahəsinin ölçüsü 0,06076 hektara bərabərdir. 50 otaqdan ibarət olan və hazırda “GreenPark” adlı otel kimi fəaliyyət göstərən obyekt bu gün hərrac vasitəsilə satışa çıxarılsa da hərrac baş tutmayıb.
Qeyd edək ki, obyektin ilkin bazar qiyməti 6 milyon 543 min 400 manat həcmində dəyərləndirilib. Bu gün üçün nəzərdə tutulan və baş tutmayan hərracda obyekt dəyərindən ucuz – 5 milyon 561 min 890 manata satışa çıxarılıb. Noyabr ayının 22-də növbəti hərrac keçiriləcək və bu dəfə obyekt 4 milyon 253 min 210 manata təklif olunacaq.
Məlumat üçün bildirək ki, qeyd olunan binada daha əvvəl “İrşad” adlı otel də fəaliyyət göstərib. Hazırda “İrşad” İslam Araşdırmaları Mərkəzinin hüquqi ünvanı da Nəsimi rayonu, Vaqif prospekti, 11a ünvanında yerləşir.
Məlumat üçün onu da bildirək ki, bir neçə il əvvəl Rafiq Əliyev ilə Nəsimi Rayon İcra Hakimiyyəti arasında tikinti ilə bağlı qalmaqal yaşanıb. Rafiq Əliyev iddia edib ki, Nəsimi Rayon İcra Hakimiyyəti Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelinin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olub. Rafiq Əliyev hətta iddia edib ki, icra hakimiyyəti ondan tikintiyə icazə üçün 300 min manat rüşvət tələb edib. Daha sonra mətbuata verdiyi başqa bir açıqlamada mediada işıqlandırılan məlumatlardan sonra tikinti işlərinə icazə verildiyini bildirib.
Bundan başqa, “İrşad” oteli ilə bağlı daha bir qalmaqallı məlumat Dubayda yaşayan iş adamı İsa Məhəmməd Salih tərəfindən səsləndirilib. O, iddia edib ki, 1996-cı ildə Bakıda namizədlik dissertasiyasını müdafiə edib. Elmi rəhbəri isə Rafiq Əliyev olub. Elə həmin vaxt onlar Bakı İslam Universitetinin tələbələri üçün yataqxana tikintisi barədə razılığa gəliblər. Bildirilir ki, otel fəaliyyətə başladıqdan sonra İsa Məhəmməd Salihə 2 il ərzində gəlirlərdən pay verilib. Lakin Rafiq Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olduqdan sonra dubaylı iş adamı ilə əlaqələri kəsib və ona heç bir ödəniş etməyib.