
Azərbaycanda yaşı 100-ü ötən 264 nəfərin 229-u qadın, cəmi 35-i isə kişidir.
Bəs qadınların kişilərlə müqayisədə daha uzunömürlü olmasının səbəbi nədir?
Professor Adil Qeybulla Qaynarinfo-ya bu statistikanı şərh edərkən kişilərin orta hesabla qadınlardan daha az yaşamasının bir sıra tibbi və sosial səbəblərlə bağlı olduğunu bildirib.
Professorun sözlərinə görə, kişilərdə aterosklerozun daha çox inkişaf etməsi və ağırlaşmalarla müşayiət olunması, siqaret və alkoqol istehlakının yüksək olması ömür uzunluğuna təsir göstərən əsas amillərdəndir:
“Əslində, orta statistik göstəricilərə nəzər saldıqda kişilərin qadınlardan daha az yaşadığını görürük. Bu, bir çox amillərlə izah olunur. Aterosklerozun kişilərdə daha çox inkişaf etməsi, ağırlaşmalar verməsi, çox siqaret çəkmək, həddindən artıq alkoqol qəbulu və s. Bütün bunlar insanların ömür uzunluğuna təsir edən amillərdir”.

Adil Qeybulla yaşı 100-dən yuxarı olan pensiyaçıların sayının dövlət üçün ciddi sosial yük kimi qiymətləndirilməsinin düzgün olmadığını vurğulayıb. Onun fikrincə, insanların uzun ömür sürməsi və pensiya təminatından yararlanması sosial rifahın göstəricilərindən biri hesab edilməlidir:
“Yəni, bu qədər insan müəyyən yaş həddinə çatıb və pensiya alır. Dövlətin ən mühüm göstəricilərindən biri onun sosial müdafiəyə ayırdığı vəsaitin həcmi və bu sahədəki imkanlarıdır. Cəmiyyətdə sosial müdafiəyə ayrılan vəsait nə qədər çoxdursa, bu, sosial rifahın göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Bu baxımdan, 200-dən çox insanın müəyyən yaşa çataraq pensiya alması heç də dövlət üçün yük hesab edilməməlidir”. Professor hesab edir ki, insanların uzunömürlülüyü təşviq olunmalı, onların sağlam və təhlükəsiz şəraitdə yaşaması üçün imkanlar genişləndirilməlidir: “İnsanlar yaşaya bilməlidirlər. Bu gün təbabətin imkanları çox genişdir. Ölkədə müharibə getmirsə, sabitlik hökm sürürsə, insanların uzun ömür sürməsi üçün lazımi şərait yaradılmalıdır”. Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) Azərbaycanda yaşlı pensiyaçıların sayını açıqlayıb. Məlumata görə, ölkənin ən yaşlı pensiyaçısının 122 yaşı var və o, qadındır. Statistikaya əsasən, Azərbaycanda yaşı 100-ü ötən 264 nəfərdən 229-u qadın, 35-i isə kişidir.
Bahar Rüstəmli