
Bakıda oğlunun toyuna hazırlaşan və həyətindəki dəmir hasarı daş hasarla əvəz edən vətəndaşa tətbiq olunan 800 manatlıq cərimə ləğv edilib.
Qaynarinfo-nun məlumatına görə, Səbail Rayon Məhkəməsi onun şikayətini qismən təmin edərək işi yenidən araşdırılması üçün Səbail Rayon İcra Hakimiyyətinə göndərib.
Məhkəmədə şikayətçi bildirib ki, ürəyinin cəmi 17 faizi işləyir. O, səhhətindəki problemlərə görə bankdan kredit götürdüyünü, pensiyasının 224 manatını kreditə, 220 manatını isə dərmanlara xərclədiyini deyib. Bu səbəbdən 800 manatlıq cəriməni ödəmək imkanının olmadığını vurğulayıb.
Vətəndaşın sözlərinə görə, kiçik oğlunun avqustun 31-də keçiriləcək toyuna görə həyətindəki 4 metr uzunluğunda, 1 metr 80 santimetr hündürlüyündə dəmir hasarı sökərək yerində daş hasar tikib. O, məqsədinin toy ərəfəsində həyətin daha səliqəli görünməsini təmin etmək olduğunu bildirib.
Şikayətçi məhkəmədə qeyd edib ki, sahə müvəkkili ilə söhbəti zamanı hasarı sentyabrın 3-də sökəcəyini vəd edib. Lakin bundan sonra İcra Hakimiyyətinin əməkdaşları gələrək tikilini söküblər. Vətəndaş isə toy səbəbindən dəmir hasarı yenidən yerinə qoyduğunu bildirib.
Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi isə tikinti işlərinin müvafiq icazə olmadan aparıldığını bildirərək cərimənin qanuni və əsaslı olduğunu müdafiə edib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, vətəndaş İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə 800 manat cərimələnib. Həmin maddə müvafiq icazə olmadan tikintisinə icazə tələb olunan obyektlərin inşasına görə fiziki şəxslər üçün 800 manatdan 1000 manatadək cərimə nəzərdə tutur.
Lakin məhkəmə hesab edib ki, inzibati qərarda iş üçün əhəmiyyətli hallar və şəxsin təqsirini təsdiqləyən sübutlar kifayət qədər göstərilməyib. Bu səbəbdən Səbail Rayon İcra Hakimiyyətinin qərarı ləğv edilib və işə yenidən baxılması üçün quruma qaytarılıb.
Beləliklə, 800 manatlıq cərimə ləğv edilsə də, iş üzrə yekun qərar hələ verilməyib.
Aydın