
İranın hərbi sənayesinə ABŞ və İsrailin zərbələri nəticəsində ciddi ziyan dəysə də, ölkə ballistik raket istehsalını davam etdirmək imkanına malikdir. Tehran hər ay təxminən 50 ballistik raket istehsal edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” nəşri Qərb kəşfiyyatının məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, İranın silah arsenalının böyük hissəsi ABŞ və İsrail tərəfindən məhv edilsə də, ölkənin ehtiyatında hələ də 1700-dən çox ballistik raket var. Tehran mövcud arsenalını artırmaq niyyətindədir və hərbi istehsalı dayandırmaq fikrində deyil.
“İranın ABŞ və İsrailə cavab zərbələri endirmək üçün əhəmiyyətli imkanları mövcuddur”, deyə materialda qeyd olunub.
“Bloomberg” İranın ballistik raket və “Shahed” tipli pilotsuz uçuş aparatlarının dəqiq sayını müəyyənləşdirməyin çətin olduğunu da vurğulayıb. Buna səbəb müharibədən əvvəlki sursat ehtiyatları, eləcə də istifadə edilmiş və ya məhv edilmiş raketlərin nə qədərinin bərpa olunduğu barədə dəqiq məlumatın olmamasıdır.
Nəşrin hesablamalarına əsasən, fevralın 28-dən indiyədək İran hərbçiləri azı 2200 ballistik raket və 4900-dən çox pilotsuz uçuş aparatı istifadə ediblər. ABŞ isə bu müddətdə “Patriot” hava hücumundan müdafiə sistemləri üçün təxminən 1000 ədəd PAC-3 raketindən yararlanıb.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampdan İrana qarşı zərbələrin yenidən başlanmasını hər gün tələb edib. Bununla belə, Ağ Evdə və Yaxın Şərqdəki bəzi qüvvələr İsrail hökumətini hərbi əməliyyatları bərpa etmək əvəzinə danışıqlara qayıtmağa inandırmağa çalışırlar.
Aydın