Xəbər lenti

İtaliyada ilk görmə məhdudiyyətli qadın pilot 200 saatdan çox uçuş həyata keçirib
Dünya22:11 11.11.2026

İtaliyada ilk görmə məhdudiyyətli qadın pilot 200 saatdan çox uçuş həyata keçirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İtaliyada görmə qabiliyyəti olmayan ilk qadın pilot kimi tanınan 56 yaşlı Lüçiya Sabrina Papa indiyədək 200 saatdan çox uçuş təcrübəsi qazanıb. O, xüsusi hazırlanmış sistemin köməyi ilə müxtəlif təyyarələri idarə etməyi öyrənib.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Torlu qişa xəstəliyi səbəbindən anadangəlmə görmə qabiliyyəti olmayan Lüçiya uşaqlıqdan aviasiyaya böyük maraq göstərib. Ailəsi Qalatina şəhərində hərbi aerodromun yaxınlığında yaşadığından o, təyyarələrin səsini eşidən kimi həyətə qaçırmış. Həmin vaxt onun ən böyük arzusu quşlardan da yüksəyə qalxmaq olub.

Uzun müddət bu istək onun üçün əlçatmaz görünsə də, Lüçiya təhsil aldıqdan sonra informasiya texnologiyaları sahəsində çalışıb. 2016-cı ildə isə ilk dəfə kiçik təyyarəni idarə etmək imkanı əldə edib. Əvvəlcə uçuşlarda sərnişin kimi iştirak edən qadın daha sonra təlimatçının köməyi ilə təyyarənin cihazlarını və idarəetmə mexanizmlərini öyrənməyə başlayıb.

Onun üçün xüsusi sistem hazırlanıb. Bu texnologiya toxunma vasitəsilə təyyarənin vəziyyətini müəyyənləşdirməyə və cihazların göstəricilərini anlamağa imkan verir.

İllər ərzində Lüçiya Cessna 152 və 172, eləcə də Extra EA-200 aerobatik təyyarəsi daxil olmaqla bir neçə hava gəmisini idarə etməyi mənimsəyib. Onun uçuş təcrübəsi artıq 200 saatı ötüb. Bununla belə, qadın hələlik müstəqil uçmur və bütün uçuşlarda yanında vəziyyətə nəzarət edən təlimatçı olur.

Lüçiya yaxın günlərdə Romanın Fiumicino hava limanındakı dispetçer qülləsində də olub. İtaliyanın hava hərəkətinin idarə olunması qurumu ENAV onu ölkənin ilk görmə məhdudiyyətli pilot tələbəsi kimi təqdim edib.

Qadın hətta helikopter idarə etməyi də sınadığını, lakin təyyarələrə daha çox üstünlük verdiyini bildirib.

Aydın