
Şimali Koreya lideri Kim Çen Inın gələcəkdə hakimiyyəti qızı Kim Çju Eyə ötürməyi planlaşdırdığı iddia olunur. Ölkədən qaçmış keçmiş məmurlar və hərbçilər onun mümkün varis kimi hazırlandığını düşünürlər.
Qaynarinfo xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi Şimali Koreyada əlaqələrini qoruyub saxlayan 11 keçmiş qaçqın arasında keçirdiyi sorğunun nəticələrinə əsasən məlumat yayıb.
Agentliyin məlumatına görə, təxminən 13 yaşlı Kim Çju E 2022-ci ilin sonlarından etibarən dəfələrlə ictimaiyyət qarşısına çıxıb. O, əsasən atasını mühüm tədbirlərdə, o cümlədən raket sınaqlarında və hərbi paradlarda müşayiət edib. Şimali Koreyanın dövlət mediası onu Kim Çen Inın “ən sevimli” və “hörmətli” övladı kimi təqdim edir.
Cənubi Koreya kəşfiyyatı da Kim Çju Eni Şimali Koreya liderinin ehtimal olunan varisi hesab edir.
Şimali Koreyanın Londondakı keçmiş diplomatı Txe Yon Ho bildirib ki, qızının raket poliqonlarına və hərbi zavodlara səfərləri zamanı yüksək vəzifəli şəxslər ona sadəcə liderin övladı kimi deyil, gələcək rəhbərə uyğun protokolla yanaşırlar.
Sorğuda iştirak edən 11 nəfərdən səkkizi onun varisliyə hazırlandığı qənaətindədir. Digər üç nəfər isə ölkədəki patriarxal idarəçilik ənənələrini nəzərə alaraq bu ehtimala şübhə ilə yanaşır.
Keçmiş Şimali Koreya hərbçisi Kim Çon A da ölkə daxilindəki əlaqələrinin bu yaşda olan bir qızın gələcək ali rəhbər kimi qəbul edilməsini inandırıcı saymadığını bildirib.
Bununla belə, analitiklər hesab edirlər ki, 40 yaşlarında olan Kim Çen In hakimiyyətin sülalə daxilində qalmasını təmin etmək üçün övladlarından birini varis seçə bilər.
Aydın