
Sosial şəbəkədə tanış olduğu qadının intim görüntülərini gizlicə qeydə alaraq onu şantaj edən, iki nəfərin mobil telefonunu isə danışmaq bəhanəsi ilə ələ keçirən şəxs barəsində apellyasiya qərarı verilib. Məhkəmə onun dələduzluq epizodları üzrə cinayət məsuliyyətindən azad edilməsinə qərar versə də, şantajla bağlı ittiham üzrə təyin edilmiş cəzanı dəyişməyib.
Qaynarinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində baxılan iş üzrə təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin hökmündən şikayət verərək cəzanın yüngülləşdirilməsini istəyib.
İş materiallarına görə, o, 2025-ci ildə Sumqayıtda tanıdığı şəxslə kafedə görüşərkən həmin şəxsin istifadə etdiyi “iPhone 15” markalı mobil telefonu danışmaq bəhanəsi ilə götürərək uzaqlaşıb və geri qayıtmayıb. Nəticədə zərərçəkmişə telefonun 2 min manatlıq dəyəri və mobil nömrənin 10 manatlıq qiyməti nəzərə alınmaqla, ümumilikdə 2010 manat maddi ziyan dəyib.
Təqsirləndirilən şəxs başqa bir şəxslə restoranda görüşü zamanı da eyni üsuldan istifadə edərək “iPhone 15 Pro” markalı telefonu ələ keçirib. Bu epizod üzrə zərərçəkmişə dəymiş ziyan 1510 manat təşkil edib.
Lakin işin daha ağır tərəfi qadının intim görüntüləri ilə bağlı olub. Məhkəmə materiallarında göstərilir ki, təqsirləndirilən şəxs 2025-ci ilin iyul ayının sonlarında sosial şəbəkədə tanış olduğu qadının şəxsi görüntülərini onun razılığı olmadan qeydə alaraq saxlayıb.
Daha sonra həmin görüntüləri qadının həyat yoldaşına göstərəcəyi ilə hədələyib, rüsvayedici məlumatlar yayacağını bildirərək ondan 2 min manat tələb edib.
Müxtəlif vaxtlarda qadınla əlaqə saxlayaraq pul istəyən şəxs bir epizodda 1080 manat, 200 manat dəyərində qızıl sırğa və 20 manatlıq qol saatı əldə edib. Digər epizodda isə qadını bank kartına 300 manat köçürməyə məcbur edib.
Bununla kifayətlənməyən şəxs sonrakı müraciətində qadından daha 2 min manat tələb edib. Həmin epizod üzrə pulun faktiki ələ keçirilməsi deyil, hədə-qorxu yolu ilə tələb edilməsi məhkəmə qərarında öz əksini tapıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar törədildikdə dələduzluq) və 182.2.2-ci (təkrar törədildikdə hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilərək, onu ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayətində gənc olmasını, cinayəti ilk dəfə törətməsini, peşmanlığını, dəymiş ziyanı ödəməsini və zərərçəkmişlərlə barışmasını əsas gətirərək cəzanın yüngülləşdirilməsini xahiş edib.
Apellyasiya baxışı zamanı müəyyən edilib ki, mobil telefonların ələ keçirilməsi ilə bağlı dələduzluq epizodları üzrə zərərçəkmişlərə dəymiş ziyan tam ödənilib və tərəflər barışıblar. Bundan əlavə, təqsirləndirilən şəxs vurulmuş ziyanın 25 faizi həcmində, yəni 885 manat vəsaiti dövlət büdcəsinə ödəyib.
Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi müəyyən əmlak cinayətləri üzrə zərərçəkmişlə barışıq əldə edildikdə, dəymiş ziyan tam ödənildikdə və ziyanın 25 faizi həcmində dövlət büdcəsinə ödəniş edildikdə şəxsin cinayət məsuliyyətindən azad olunmasına imkan verir. Məhkəmə də bu hüquqi normanı tətbiq edərək dələduzluq epizodları üzrə cinayət təqibinə xitam verib.
Lakin intim görüntülərlə şantaj məsələsində məhkəmə daha sərt mövqe nümayiş etdirib. Qərarda vurğulanıb ki, hədə-qorxu yalnız zərərçəkmiş qadına deyil, onun ailə üzvlərinə və yaxınlarına da ciddi mənəvi zərbə vurub. Bu səbəbdən məhkumun cəzasının şərti hesab edilməsi üçün əsas görülməyib.
Nəticədə apellyasiya şikayəti qismən təmin olunub. Birinci instansiya məhkəməsinin 6 illik həbs cəzası ilə bağlı hökmü dəyişdirilərək dələduzluq epizodları üzrə cinayət məsuliyyətinə xitam verilib. Bununla belə, hədə-qorxu ilə tələb etmə ittihamı üzrə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Beləliklə, iki mobil telefonun ələ keçirilməsi ilə bağlı epizodlar üzrə cinayət məsuliyyətindən azad edilən məhkum intim görüntülərlə şantaj əməlinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Seyid