
Azərbaycanda minimum əməkhaqqının ildə azı bir dəfə nəzərdən keçirilməsi üçün Nazirlər Kabineti yanında işçi qrupu yaradılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Əmək siyasəti şöbəsinin müdiri Fuad Heydərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında məlumat verib.
Onun sözlərinə görə, Əmək Məcəlləsinə edilmiş son dəyişikliklərdən biri minimum əməkhaqqına ildə bir dəfədən az olmayaraq baxılması mexanizminin tətbiqidir. Artıq bununla bağlı Nazirlər Kabinetində işçi qrupu fəaliyyətə başlayıb. Qrupda aidiyyəti dövlət qurumlarının və sosial tərəfdaşların nümayəndələri iştirak edirlər.
Fuad Heydərov bildirib ki, minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı yaşayış minimumu ilə bağlı qanunvericilikdə nəzərdə tutulan meyarlar da nəzərə alınacaq. Eyni zamanda, minimum əməkhaqqının həm ümumi, həm də saatlıq məbləğinin müəyyən edilməsi planlaşdırılır.
İclasda əməkhaqqının rəsmiləşdirilməsi ilə bağlı yeni mexanizmin tətbiqi də gündəmə gəlib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bildirib ki, işçilərə əməkhaqqı və digər ödənişlərin elektron sistem üzərindən, onların seçdiyi bank hesabına köçürülməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, bu yenilik əməkhaqqının gecikdirilməsi, müqavilədə göstəriləndən az ödənilməsi və ya müəyyən hissəsinin gizlədilməsi hallarına qarşı nəzarəti gücləndirəcək. Həmçinin işçilər öz gəlirləri, əməkhaqqı və qanunla nəzərdə tutulan tutulmalar barədə məlumatları elektron qaydada əldə edə biləcəklər.
Deputat Musa Quliyev isə saatlıq əməkhaqqı sisteminin tətbiqinin yeni məşğulluq imkanları yaradacağını deyib. O bildirib ki, bu mexanizm xüsusilə kənd təsərrüfatı, turizm, məişət xidməti, daşıma və İT sektorunda çalışanlar üçün əhəmiyyətli ola bilər.
Deputatın sözlərinə görə, saatlıq əməkhaqqı sistemi tələbələrin, azyaşlı uşaqları olan qadınların və pensiyaçıların əmək bazarına çıxışını asanlaşdıra, qeyri-formal məşğulluğun rəsmiləşdirilməsinə də şərait yarada bilər.
Qeyd edək ki, əmək müqaviləsi bir aydan az müddətə bağlandıqda və ya həftəlik iş vaxtı 20 saatdan çox olmadıqda saatlıq əməkhaqqı sistemindən istifadə nəzərdə tutulur. Bu sistemin tətbiq ediləcəyi iqtisadi fəaliyyət sahələrinin siyahısını Nazirlər Kabineti müəyyən edəcək.