
BBC-nin araşdırması azyaşlı qızların cinsi istismarında ittiham olunan və 2019-cu ildə həbsxanada ölü tapılan amerikalı maliyyəçi Ceffri Epşteynin gənc qadınlara model agentlikləri vasitəsilə çatdığını göstərən yeni sənədləri və zərərçəkmişlərin ifadələrini üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, BBC Eye tərəfindən aparılan araşdırmada ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər və Epşteynin cinsi istismarına məruz qaldıqlarını bildirən qadınların ifadələri təhlil edilib.
Araşdırmada adı çəkilən Roza adlı qadın 2009-cu ildə, 18 yaşında olarkən Özbəkistandan ABŞ-yə gəldiyini və çalışdığı MC2 Model Management agentliyinin onu iki fotosessiya üçün Epşteynin Floridadakı evinə göndərdiyini bildirib. Onun sözlərinə görə, çəkilişlərdən sonra Epşteynin köməkçisi kimi işləməyə başlayıb və sistematik şəkildə zorlanıb.
Roza agentliyin onu qorumaq əvəzinə təhlükəyə atdığını deyərək məsul şəxslərin cavab verməli olduğunu vurğulayıb. O, agentliyin həmin dövrdəki rəhbəri Ceff Fullerin onun haraya göndərildiyindən xəbərdar olduğunu iddia edib. Fuller isə əvvəllər Rozanın Epşteynin evinə getdiyini və istismara məruz qaldığını bilmədiyini söyləsə də, BBC-nin yeni suallarını cavablandırmayıb.
Agentliyə 1 milyon dollar köçürülüb
ABŞ Ədliyyə Nazirliyinin sənədlərinə əsasən, MC2 agentliyində çalışan 10 model Epşteyn 2008-ci ildə cinsi cinayətlərə görə məhkum edildikdən sonra da onunla görüşüb və ya əlaqə saxlayıb. Sənədlərdə maliyyəçinin 2005-ci ildə həmin agentliyə 1 milyon dollar ödədiyi də göstərilir.
BBC-nin araşdırması zamanı keçmiş model təmsilçisi Remsi Elkholinin 18 yaşlı tələbə də daxil olmaqla 34 qadını Epşteynlə tanış etməyə çalışdığı müəyyən edilib. Həmin qadınlardan biri 19 yaşında Epşteynin Nyu-Yorkdakı evində onunla ilk görüşü zamanı cinsi istismara məruz qaldığını bildirib. Elkholi isə bu əməllərdən xəbərdar olduğu və ya onlara vasitəçilik etdiyi barədə iddiaları rədd edib.
200 dəfədən çox zorlandığını deyir
Araşdırmada Simona adı ilə təqdim olunan, əslən Şərqi Avropadan olan başqa bir qadın da Epşteyn tərəfindən 200 dəfədən çox zorlandığını iddia edib.
Onun sözlərinə görə, Epşteynlə 20 yaşında, Nyu-Yorkda model agentliyi ilə əməkdaşlıq etdiyi dövrdə tanış olub. Maliyyəçi onu dünyanın tanınmış model agentliklərindən biri olan Next Management-in rəhbəri Feyt Keytslə tanış edəcəyini vəd edib. Simona iddia edir ki, həmin görüşdə Keyts ona estetik əməliyyat etdirməyi məsləhət görüb və cərrahın əlaqə məlumatlarını Epşteynə göndərib.
Daha sonra Epşteyn onu modellikdən uzaqlaşdıraraq özünə köməkçi kimi işləməyə razı salıb. Simona təxminən iki il ərzində cinsi istismara məruz qaldığını və həyatının bütün sahələrinin Epşteyn tərəfindən nəzarətdə saxlanıldığını bildirib.
Epşteynin 100-dən çox zərərçəkmişini təmsil edən vəkil Siqrid MakKouli də model agentliklərində çalışan şəxslərin gənc qadınların maliyyəçiyə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.
Bu arada, Nyu-York ştatının senatoru Zellnor Mayri Epşteynin cinsi istismarına vasitəçilik etdiyi iddia olunan şəxslərin araşdırılmasına imkan verəcək yeni qanun layihəsi hazırlayıb.
Aydın