
Yadplanetli sivilizasiyalarla əlaqə yaratmaq üçün sözlərə deyil, riyaziyyata müraciət etmək lazımdır. Alimlərin fikrincə, kainatın hansı nöqtəsində yerləşməsindən və necə düşünməsindən asılı olmayaraq, istənilən ağıllı sivilizasiya sadə ədədləri və natural ədədlər ardıcıllığını anlaya bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin Nüvə Fizikası Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi əməkdaşı, astrofizik Aleksandr Panov gazeta.ru-ya açıqlamasında bildirib.
Alimin sözlərinə görə, yadplanetli varlıqların düşüncə tərzi və ünsiyyət sistemi insanlardan tamamilə fərqli ola bilər. Buna görə də Yer kürəsində istifadə olunan dillərin onlara çatdırılması çətin görünür. Riyaziyyat isə kainatın hər yerində eyni qanunlara əsaslanır.
Panov hesab edir ki, planetlərarası mesajlar əvvəlcə natural ədədlər ardıcıllığı ilə başlamalıdır. Söhbət 1, 2, 3, 4 və sair kimi rəqəmlərdən, eləcə də yalnız özünə və vahidə bölünən sadə ədədlərdən – 2, 3, 5, 7, 11, 13 və digərlərindən gedir.
Astrofizikin fikrincə, bu ardıcıllıqları təbii kosmik siqnallarla qarışdırmaq mümkün deyil. Onlar ağıllı varlığın fəaliyyətinin göstəricisi kimi çıxış edə bilər.
Bu yanaşma əvvəllər də tətbiq olunub. Məsələn, 1974-cü ildə Aresibo rəsədxanasından kosmosa göndərilən məşhur radio siqnalı birdən ona qədər sayma ardıcıllığı ilə başlayıb. Mesajın əsas məqsədi mümkün yadplanetli sivilizasiyalara insanlığın mövcudluğu barədə məlumat vermək olub.
Alim izah edib ki, rəqəmsal məlumatın ən kiçik vahidi olan bitlərdən istifadə etməklə istənilən mesajı sıfır və birlər ardıcıllığı şəklində ötürmək mümkündür. Beləliklə, sadə ədədlər vasitəsilə qurulan siqnal onun təsadüfi təbii proses deyil, düşünülmüş mesaj olduğunu göstərə bilər.
Bununla belə, Panov xəbərdarlıq edib ki, qeyri-adi kosmik siqnalın aşkarlanması yadplanetli həyatın mövcudluğunu sübut etmir. Bunun üçün siqnalın daxilində məntiqi ardıcıllıq və mənalı informasiya müəyyənləşdirilməlidir.
Astrofizikin sözlərinə görə, indiyədək yadplanetlilərdən gəldiyi ehtimal edilən heç bir siqnal bu yoxlamadan keçməyib. Başqa sözlə, bəşəriyyət hələ də kosmosdan təsdiqlənmiş ağıllı mesaj almayıb.
Aydın