
ABŞ-da “Playboy” jurnalı üçün çəkilişləri və realiti-şoularda iştirakı ilə tanınan model Keri Enn Penişe elektrikli velosipedin batareyasının partlaması nəticəsində evini itirib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Need to Know” nəşri məlumat yayıb.
Modelin sözlərinə görə, hadisə baş verən zaman əvvəlcə evdə qəribə qoxu hiss edib. O, qoxunun qonşuların yemək bişirməsindən qaynaqlandığını düşünüb. Daha sonra isə pişiyin küçədən ölü heyvan gətirə biləcəyini ehtimal edib.
Bu vaxt onun 15 yaşlı oğlu dostu ilə birlikdə qoxunun mənbəyini araşdırmağa başlayıb. Yeniyetmənin dostu elektrikli velosipedin batareyasından tüstü çıxdığını görüb. Qısa müddət sonra batareya alışaraq partlayıb və evdə güclü yanğın başlayıb.
“Əşyalarımızı götürməyə vaxtımız olmadı. Heç nə düşünə bilmədik, sadəcə evdən qaçmalı olduq”, – deyə Penişe hadisəni xatırlayıb.
Yanğın nəticəsində beşotaqlı ev tamamilə yararsız vəziyyətə düşüb. Model geyimlərini, mebellərini, elektron cihazlarını və ailə fotoşəkillərini itirib. Onun “Playboy” və digər jurnallar üçün çəkilişlərindən qalan nəşrlər, rəsm əsərləri, eləcə də gözəllik müsabiqələrində geyindiyi paltarlar da yanaraq məhv olub.
Penişe hazırda hadisənin daha ağır nəticələrə səbəb ola biləcəyini düşünür. Onun sözlərinə görə, batareya ailə yatmağa hazırlaşdığı vaxt alışsaydı, tüstünü vaxtında hiss etməyə və evdən çıxmağa imkan olmaya bilərdi.
Aydın