Xəbər lenti

Çarli Manqerdən həyat dərsi: İnsanları yanlış qərarlara aparan 10 vərdiş
Dünya16:21 08.11.2026

Çarli Manqerdən həyat dərsi: İnsanları yanlış qərarlara aparan 10 vərdiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerikalı milyarder və məşhur investor Çarli Manqer hesab edirdi ki, yüksək intellekt insanın uğur qazanması üçün kifayət deyil. Onun fikrincə, daha vacib olan düşünmə qabiliyyətini düzgün istiqamətləndirmək, səhvlərdən yayınmaq və insanın öz biliklərinin sərhədlərini dərk etməsidir.

Qaynarinfo xəbər verir ki, bu barədə “New Trader U” nəşri Manqerin fikirlərinə əsaslanan məqaləsində yazıb.

“Berkshire Hathaway” şirkətinin mərhum vitse-prezidenti və Uorren Baffetin uzun illər biznes tərəfdaşı olmuş Manqer 99 yaşında vəfat edib. O, həyatı boyu insanların, hətta kifayət qədər ağıllı və təhsilli şəxslərin belə, niyə təkrar-təkrar yanlış qərarlar verdiyi ilə maraqlanıb.

Milyarderin fikrincə, uğurun əsas şərtlərindən biri hər zaman ən ağıllı görünməyə çalışmaq deyil, ardıcıl şəkildə düşünülməmiş addımlardan qaçmaqdır. O, bu baxımdan insanları səhvlərə sürükləyən 10 davranış modelini xüsusi qeyd edib.

1. Hər şeyi bilməyə çalışmaq

Manqer hesab edirdi ki, insan bilmədiyi məsələlərdə bunu etiraf etməkdən çəkinməməlidir. O və Uorren Baffet investisiya qərarlarını üç kateqoriyaya ayırırdılar: “Bəli”, “Xeyr” və “Anlamaq üçün həddindən artıq mürəkkəbdir”. Onlar sonuncu qrupa düşən məsələlərdən uzaq durmağa üstünlük verirdilər.

2. Əks arqumentləri öyrənmədən öz fikrini müdafiə etmək

Milyarderə görə, insan qarşı tərəfin mövqeyini dərindən anlamadan öz fikrində israr etməməlidir. O hesab edirdi ki, hər hansı məsələdə mövqe bildirməzdən əvvəl həmin fikrə qarşı irəli sürülən arqumentləri də yaxşı bilmək lazımdır.

3. Bütün problemlərə eyni üsulla yanaşmaq

Manqer bunu əlində çəkic olan insanın hər problemi mismar hesab etməsinə bənzədirdi. Onun fikrincə, müxtəlif problemləri həll etmək üçün psixologiya, biologiya, fizika və tarix kimi fərqli sahələrin biliklərindən istifadə etmək vacibdir.

4. Daim məşğul görünməyə çalışmaq

İnvestor hesab edirdi ki, fasiləsiz fəaliyyət həmişə məhsuldarlıq demək deyil. Bəzən düzgün qərar qəbul etmək üçün gözləmək və tələsməmək daha faydalıdır. Manqerin məşhur fikirlərindən biri belə idi: böyük pullar alqı-satqıdan deyil, gözləməkdən qazanılır.

5. Sevdiyi fikirlərdən imtina edə bilməmək

İnsanların ən çox yol verdiyi səhvlərdən biri yanlış olduqlarını qəbul etmək istəməmələridir. Manqer isə fikrini dəyişməyi və yeni məlumatlar əsasında əvvəlki qənaətlərə yenidən baxmağı vacib bacarıq sayırdı. O, həyatı boyu öyrənməyə davam edən insanları yüksək qiymətləndirirdi.

6. Çox hesablamaq, az düşünmək

Milyarderin fikrincə, insanlar bəzən rəqəmlərə həddindən artıq güvənərək əsas məsələləri nəzərdən qaçırırlar. Hətta dəqiq görünən hesablamalar yanlış ilkin fərziyyələr üzərində qurula bilər. Buna görə də rəqəmlərlə yanaşı, hadisələrin mahiyyətini və səbəblərini anlamaq vacibdir.

7. Kütlənin ardınca kor-koranə getmək

Manqer başqalarının qərarlarını düşünmədən təkrarlamağı təhlükəli hesab edirdi. Xüsusilə investisiya sahəsində insanların ətrafındakıların davranışına əsaslanaraq qərar verməsi ciddi itkilərə səbəb ola bilər.

8. Paxıllıq və kin saxlamaq

İnvestor paxıllığı insanın özünə zərər verən emosiyalardan biri hesab edirdi. Başqalarının uğurunu qısqanmaq insanı imkanlarından artıq xərcləməyə, riskli qərarlar verməyə və öz həyatından narazı qalmağa sövq edə bilər.

9. Gələcək qazanc əvəzinə ani məmnuniyyəti seçmək

Manqer səbrin, xüsusilə maliyyə məsələlərində, böyük əhəmiyyət daşıdığını vurğulayırdı. Onun fikrincə, kiçik və ani qazanc naminə uzunmüddətli imkanlardan imtina etmək düzgün deyil. O, mürəkkəb faiz prinsipinin vacibliyini xüsusi qeyd edirdi.

10. Uğursuzluq ehtimalını əvvəlcədən nəzərə almamaq

Milyarder problemləri həll etmək üçün yalnız uğura aparan yolları deyil, uğursuzluğa səbəb ola biləcək amilləri də araşdırmağı tövsiyə edirdi. O, riyaziyyatçı Karl Yakobinin “Həmişə əks istiqamətdən düşün” prinsipini əsas götürürdü. Yəni insan əvvəlcə hansı addımların onu uğursuzluğa aparacağını müəyyənləşdirməli, sonra həmin səhvlərdən yayınmalıdır.

Manqerin əsas həyat fəlsəfəsi

Məqalədə vurğulanır ki, sadalanan vərdişlər insanın intellekt səviyyəsini müəyyən edən elmi meyarlar deyil. Manqerin yanaşmasının əsas mahiyyəti ağıllı görünməkdən daha çox, düşünülməmiş qərarlardan qaçmaq, daim öyrənmək və öz səhvlərini etiraf etməkdir.

Onun fikrincə, həyatda uğur qazanmaq üçün mütləq hamıdan ağıllı olmaq lazım deyil. Bəzən eyni səhvləri təkrar etməmək və düzgün qərarlar vermək daha böyük üstünlük yaradır.

Aydın