Xəbər lenti

Finlandiya Rusiya ilə mümkün müharibəyə hazırlaşır
Dünya17:31 07.11.2026

Finlandiya Rusiya ilə mümkün müharibəyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Finlandiya Rusiya ilə mümkün hərbi qarşıdurma riskini nəzərə alaraq müdafiə strategiyasını yenidən qurur. Ölkə Ukraynanın müharibə təcrübəsini öyrənir, Rusiya ilə sərhədin möhkəmləndirilməsi və quru qoşunlarının yenidən təşkilinə xüsusi diqqət ayırır.

Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” Finlandiya ordusunun komandanı, general-leytenant Pasi Valamakinin açıqlamalarına istinadən məlumat yayıb.

Finlandiya Ukraynanın müdafiə təcrübəsinə əsaslanaraq Rusiya ilə sərhəddə tank əleyhinə maneələrin qurulması imkanlarını araşdırır. Ukrayna müharibə zamanı Rusiya ordusunun irəliləyişini ləngitmək üçün geniş müdafiə xətləri və tank əleyhinə istehkamlar yaradıb.

Valamakinin sözlərinə görə, hazırda tərəflərdən heç biri belə maneələri yarıb genişmiqyaslı hərbi manevrləri bərpa etmək üçün etibarlı üsul tapa bilməyib. Bununla belə, Finlandiyanın iqlim və coğrafi şəraiti bu cür müdafiə qurğularının tikintisini çətinləşdirir.

“Finlandiyada şərait daha mürəkkəbdir. Ukraynadakı kimi dərin tank əleyhinə xəndəklər və maneələr qursaq, ətraf mühitin onları süni gölməçələrə çevirməsi nə qədər vaxt aparacaq?” deyə ordu komandanı bildirib.

General-leytenant Rusiyanın silah ehtiyatlarını bərpa etmək istiqamətində müəyyən irəliləyiş əldə etdiyini də vurğulayıb. Onun sözlərinə görə, Rusiya anbarlarına T-90 tankları, BMP-3 piyadaların döyüş maşınları və 2S19 özüyeriyən haubitsalar daxil olmağa başlayıb.

Valamaki Finlandiyanın Rusiyanın yenidən silahlanmasının qarşısını almaq imkanlarının məhdud olduğunu bildirib. Buna görə də ölkənin əsas məqsədi mümkün hücumun qarşısını alacaq müdafiə səddi yaratmaqdır.

Məlumata görə, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Finlandiya döyüş hazırlığını artırıb. Son iki ildə 60 min nəfər üçün yenidən hazırlıq kursları təşkil edilib, strateji əhəmiyyətli hərbi ehtiyatların artırılmasına başlanılıb.

Quru qoşunlarının yenidən təşkili prosesi isə 2030-cu illərin sonunadək davam edəcək. Dəyişikliklər silahlanma, qoşunların strukturu, döyüş hazırlığı və hərbi əməliyyatların aparılması imkanlarını əhatə edəcək.

“Bloomberg”in məlumatına görə, bu məqsədlə ayrılacaq vəsait Finlandiyanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin hazırkı strateji proqramlarına birlikdə xərclədiyi məbləğdən az olmayacaq. Həmin proqramların ümumi büdcəsi 11,6 milyard avrodur.

Finlandiya həmçinin K9 özüyeriyən haubitsalarının sayını artırır, reaktiv yaylım atəşi sistemlərini təkmilləşdirir və BMP-2 döyüş maşınlarını yeniləri ilə əvəzləməyə hazırlaşır. Modernləşdirilən raket sistemlərinin atəş məsafəsinin təxminən 500 kilometrə çatdırılması nəzərdə tutulur.

General-leytenantın fikrincə, müasir müharibədə yalnız raket və dronları havada məhv etmək kifayət deyil. Müdafiə qüvvələri qarşı tərəfin raket buraxılış qurğularını atəş açmamışdan əvvəl vurmaq imkanına da malik olmalıdır. Lakin bu yanaşma Finlandiya üçün mürəkkəb məsələdir, çünki Rusiya ərazisindəki hədəflərə zərbələr endirilməsini nəzərdə tutur.

Finlandiya ABŞ istehsalı olan F/A-18 Hornet qırıcılarını da mərhələli şəkildə 64 ədəd F-35A təyyarəsi ilə əvəz edir. İlk təyyarə artıq ölkəyə çatdırılıb. Bundan başqa, Helsinki İsrail istehsalı olan “David's Sling” raketdən müdafiə sistemini də sifariş edib.

Valamaki hesab edir ki, dronların müasir müharibədə əhəmiyyəti artsa da, ənənəvi silahlar öz aktuallığını itirməyib. Onun sözlərinə görə, Finlandiya sülh dövründə hərbi hazırlıq və gündəlik ehtiyacları təmin edəcək, böhran və müharibə zamanı isə istehsalını on dəfəyədək artıra biləcək müdafiə sənayesi qurmalıdır.

Aydın