Xəbər lenti

Hikmət Babaoğlu: "Azərbaycanın qələbəsində lider faktoru həlledici oldu"
Siyasət12:00 07.11.2026

Hikmət Babaoğlu: "Azərbaycanın qələbəsində lider faktoru həlledici oldu"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu gün biz tarixi zəfərimizdən, bu zəfəri bizə bəxş edən Müzəffər Ali Baş Komandanımızdan və onun ordusundan nə qədər fəxr etsək, azdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə həyata keçirdiyi siyasəti xarakterizə edərkən deyib.

Deputat hesab edir ki, bu gün tarixi zəfərimizin növbəti ildönümünü qeyd edərkən xalq olaraq bir daha özümüzə hesabat vermiş oluruq:

“Azərbaycan dövləti hansı yollardan keçərək, hansı siyasi qərarları qəbul edərək, özünü necə gücləndirərək, xalq və dövlət birliyini necə təmin edərək xalqımızı bu tarixi zəfərə gətirdi? Bax, bu zaman heç şübhəsiz ki, lider faktoru ortaya çıxır. Çünki Azərbaycan xalqının həmişə ermənilərə qalib gəlmək potensialı olub, amma bu potensial elə potensial olaraq da qalıb. Bəs bu ümummilli potensialı real gücə kim çevirdi? Əlbəttə ki, Prezident İlham Əliyev çevirdi”.

Hikmət Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, həyata keçirdiyi xarici siyasət, qurduğu qətiyyətli ordu, təmin etdiyi ictimai-siyasi həmrəylik qələbəmizin əsas meyarına çevrilib:

“Ona görə də biz burada mütləq Azərbaycan Prezidentinin liderliyinə, onun hərbi strategiyasına və diplomatik, siyasi qərarlar qəbul etmək keyfiyyətlərinə diqqət yetirməliyik. Çünki hazırkı mərhələdə müharibələr, o cümlədən bizim tarixi zəfərə gedən 44 günlük müharibəmiz müxtəlif komponentlərdən ibarət idi. Yəni bunlar hibrid komponentlərdir. Burada yumşaq güc, ordu gücü, texnologiyanın gücü, informasiyanın gücü var idi. Və biz qısa müddətdə qəti qələbə əldə etmək üçün bu güc vasitələrinin hər birindən maksimum və xətasız istifadə etməliyik. Bax, Azərbaycan Prezidenti bunu etdi”.

Deputat əlavə edib ki, Azərbaycan Prezidenti bütün güc komponentlərindən maksimum və xətasız istifadə etməklə tarixi zəfərimizə imza atıb:

“Öz güclü ordusu və güclü dövləti ilə. Amma bu zəfəri dərhal sülh missiyasına çevirdi”.

Bahar Rüstəmli