Xəbər lenti

Aydan İsgəndərzadə: "Autizmin möcüzəvi müalicəsi yoxdur, təlimlə 60-70 faiz nəticə əldə edilir" - VİDEO ANONS
Ölkə15:51 06.11.2026

Aydan İsgəndərzadə: "Autizmin möcüzəvi müalicəsi yoxdur, təlimlə 60-70 faiz nəticə əldə edilir" - VİDEO ANONS

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo-nun "Bir Plus" verilişinin qonağı uşaq və yeniyetmə psixiatrı Aydan İsgəndərzadə olub. Verilişin aparıcısı Çinarə Ömrayın suallarını cavablandıran mütəxəssis uşaqlarda inkişaf fərqlilikləri, autizm diaqnozu, cəmiyyətdəki yanlış yanaşmalar və inklüziv təhsillə bağlı əhəmiyyətli məlumatlar verib. Aydan İsgəndərzadə bildirib ki, uşağın inkişafında problem olduğunu göstərən konkret yaş kəsmə xətti olmasa da, əsas əlamətlər 1 yaşından sonra daha aydın görünməyə başlayır:

"1 yaşındakı uşaq artıq yadı yaxından tanımalıdır, ananın arxasınca ağlamalıdır ya da anaya yönəlməsi daha çox olmalıdır. Bəsit komandaları başa düşməlidir: "aç", "gətir", "götür". Uzun göz kontaktı olmalıdır. Ən önəmlisi də ətrafın marağını öz üzərinə çəkməyə motivasiyalı olmalıdır, öz aləmində qalmamalıdır".

Həkim vurğulayıb ki, uşağın fiziki qüsurları, gec yeriməsi, qıcolması və motorikası ilə nevroloq məşğul olduğu halda, psixoloji, emosional və davranış sferasındakı ləngimələri uşaq psixiatrı müayinə etməlidir. Ailələrin tez-tez nevroloqa gedib "problem yoxdur" cavabı alaraq vaxt itirdiyini deyən psixiatr, vaxtında mütəxəssisə müraciətin vacibliyini qeyd edib. Autizm diaqnozu ilə üzləşən valideynlərin şok, inkar, qəzəb və bazarlıq kimi mərhələlərdən keçərək nəhayət qəbullanma nöqtəsinə çatdığını bildirən İsgəndərzadə, cəmiyyətdə təklif olunan müxtəlif möcüzəvi üsullardan xəbərdarlıq edib:

"Neyroinkişaf pozuntuları – bunun içində inkişaf ləngiməsi, sindromlar, autizm spektr pozuntusu – bunların heç biri bu gün var idi, sabah yox oldu olmur. Möcüzəvi vasitələr yoxdur. Müalicə dediyimiz şey təlimdir. Məqsəd uşağı daha yaxşı versiyasına çatdırmaq, həyatda qalma bacarığını yüksəltmək və biz olmadan da həyatına davam etdirə bilməsi üçün mübarizə aparmaqdır. Biz bu nəticəyə uşaqların ən azı 60-70 faizində nail ola bilirik".

İnklüziv təhsil məsələsinə də toxunan mütəxəssis, cəmiyyətdəki qorxuların əsassız olduğunu qeyd edib:

"Autizmli, sindromik uşaqlardan daha zərərsiz, daha şəfqətli varlıqlar yoxdur. Onların sosial bilişi hansısa hiyləyə və plan qurmağa uyğun deyil. Bəli, hərəkətli ola bilərlər, amma başqa uşaqlara qəsdən zərər verməzlər. Normotipik uşağın inklüziv uşaqla bir sinifdə oxuması ona mərhəmət və empatiya hissini aşılayır". Psixiatriyada dərman təyinatına da aydınlıq gətirən həkim, ehtiyac olmadığı halda ailənin təkidi ilə dərman yazılmadığını, lakin uşağın özünə zərərvermə və ya ağır təşviş vəziyyətlərində protokol əsasında dərman müalicəsinin qaçılmaz olduğunu vurğulayıb.

Xatırladaq ki, veriliş hər cümə günü, saat 20:00-da Qaynarinfo-nun Youtube kanalı - Qaynar TV-də yayımlanır.