Xəbər lenti

Şah İsmayılın ölüm ayağında içdirdiyi andı kim və necə pozmuşdu? ("Gizli Azərbaycan")
Ölkə15:16 06.11.2026

Şah İsmayılın ölüm ayağında içdirdiyi andı kim və necə pozmuşdu? ("Gizli Azərbaycan")

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaynarinfo.az saytı "Gizli Azərbaycan" adlı layihəsini davam etdirir.

Layihənin məqsədi Azərbaycanın uzaq və yaxın tarixi ilə bağlı qaranlıq səhifələrə işıq tutmaq, mübahisəli məqamlara aydınlıq gətirməkdir.

Şair, araşdırmaçı publisist Elnur Astanbəylinin hazırladığı "Gizli Azərbaycan” başlıqlı bu silsilə yazılarda hər həftə keçmişimizlə bağlı doğru bilinən yanlışları, yanlış bildiyimiz doğruları yalnız və yalnız tarixi sənədlərin, mötəbər qaynaqların köməyi ilə gözdən keçirəcəyik.

Tariximizlə bağlı qeyd-şərtsiz həqiqət kimi qəbul etdiyimiz hansı hadisələr əslində mif, mif kimi qəbul etdiyimiz nələr əslində həqiqətdir?

Layihə çərçivəsində növbəti yazını təqdim edirik:

Şah İsmayılın ölüm ayağında içdirdiyi andı kim və necə pozmuşdu?

Elnur Astanbəyli

1524-cü ildə Səfəvilər dövlətinin banisi və ilk şahı I İsmayıl həyata gözlərini yumdu. Həmin vaxt onun 37 yaşı vardı.

İsmayılın ölümü ilə bağlı ən dəqiq tarix olaraq 930-cu il Rəcəb ayının 19-u (1524-cü il mayın 23-ü) göstərilir. Bəzi müəlliflər həmin vaxt onun 37, bəziləri də 38 yaşında olduğunu vurğulayırlar. Bu fərq həmin vaxt türklər tərəfindən istifadə edilən On iki heyvan təqvimindən qaynaqlanırdı.

Qacar tarixçisi İmamqulu Mirzənin yazdığına görə, Şah İsmayıl “piçin” (biçin/meymun) ilində vəfat edib.

Şah İsmayılın ölümünə dair gizlinlər

İlk Səfəvi şahının vəfat səbəbi ilə bağlı çoxsaylı suallar var. Bəzi iddialara görə, o, ov ətindən zəhərlənib.

XVI yüzilliyin görkəmli tarixçilərindən Həsən bəy Rumlu və Əbdi bəy Şirazinin yazdığına görə, İsmayıl 1524-cü ilin yazında “çöl atı” (cüyür) ovlamaq üçün getdiyi Şəkidə xəstələnib. Qızılbaş hökmdarının ova mart-aprel aylarında çıxdığını, xəstəliyə isə mayda tutulduğunu nəzərə alsaq, onun ov ətindən zəhərlənməsi mümkün görünmür. Belədə şahın ölüm səbəbi müəmma olaraq qalır.

Səfəvi şahı haqqında ən məşhur qaynaqlardan sayılan “Aləmara-yi Şah İsmayıl” əsərinin naməlum müəllifi isə İsmayıla vəfatının qabaqcadan – yuxusunda məlum olduğunu bildirir. Naməlum müəllifin yazdığına görə, İsmayıl ov məqsədilə Şirvana yollanmış, ancaq atası Şeyx Heydəri yuxusunda görüncə və onun “axirət səfərinə hazırlaşmalı olduğu” barədə sözlərini eşidincə səfərini yarımçıq qoyaraq Ərdəbilə qayıdıb.

Şah İsmayılın ölümü ilə bağlı versiyalardan biri ömrünün son günlərində içki məclislərində çox vaxt keçirdiyi, düzgün qidalanmadığı, bununla da səhhətinin getdikcə pisləşməsi ilə bağlıdır. Bəzi mənbələrin yazdığına görə, onun yaxın ətrafındakılar hökmdarı bu həyat tərzindən çəkindirməyə çalışsalar da, onların bütün səyləri nəticəsiz qalıb. XVI əsr tarixini öyrənmək üçün ən qiymətli mənbələrdən sayılan “Zeyli-tarixi-həbibus-siyər” əsərinin müəllifi Mahmud Xandəmirin yazdıqlarına əsaslanan Şəfaəddin Dənizin yazdığına görə, Şah İsmayılın uzun müddət içki qəbul etməsi və qidalanmasının pozulması onun daxili orqanlarının fəaliyyətinə mənfi təsir göstərmişdi. Nəticədə qaraciyərlə əlaqələndirilən ishal və ümumi zəiflik meydana çıxmışdı. Lakin əksər tədqiqatçılar bu cür iddialardan çıxış edərək ilk Səfəvi hökmdarının, müasir dillə desək, alkoqol zəhərlənməsindən öldüyü barədə fikir söyləməyin doğru olmadığı qənaətindədirlər.

Tarix üzrə fəlsəfə doktoru Namiq Musalı yazır ki, dinə əsaslanan dövlət qurmasına baxmayaraq, bəzi tarixçilər Şah İsmayılı, az qala, içki düşkünü kimi təqdim edirlər: "Məsələn, Faruk Sümer Şah İsmayılın “miniatürlərdə təsvir olunduğu kimi, uzun bığlı, üzləri qırxılmış, türkmən görkəmli bəyləri ilə gecə-gündüz içki içdiyini” göstərmişdir. Məşhur tarixçi miniatürlərdə təsvir olunan qədəhlərdəki içkinin şərab olduğunu necə müəyyənləşdirdiyini açıqlamasa da, “içkiyə həddindən artıq aludə olması, yəqin ki, onun gənc yaşda həyatdan köçməsində çox mühüm amil olmuşdur” iddiasını irəli sürmüşdür... Əslində, Şah İsmayıl müsəlman türk hökmdarları arasında şərab içən ilk və sonuncu şəxs deyildi. Səlcuqlu, Teymuri, Qaraqoyunlu, Ağqoyunlu, Osmanlı və digər sülalələrə mənsub bir çox hökmdarların da şərab içdikləri məlumdur. Bəzi müəlliflər Çaldıran döyüşündən əvvəl qızılbaş ordusunun şərab içərək sərxoş olduğunu bildirirlər... Lakin araşdırdığımız digər mənbələr Şah İsmayılın orduda şərab içilməsinə və sərxoşluğa mənfi münasibət bəslədiyini göstərir... Həddindən artıq eyş-işrətdən xoşlanmayan Şah İsmayıl öz ölkəsinin ətrafında daim at çapdırması ilə fəxr edirdi. Hətta Teymuri hökmdarı Sultan Hüseyn Bayqaranın ona hədiyyə olaraq göndərdiyi rəqqasələr dəstəsini də qəzəblə geri qaytarmışdı... Dini ideologiyanı ön plana çəkərək öz hakimiyyətinə müqəddəslik qazandırmağa çalışan Şah İsmayıl ibadətə xüsusi əhəmiyyət verirdi. Onun İraqdakı Kərbəla, Nəcəf, Kazimeyn və Samirra ziyarətgahlarında, eləcə də Məşhəddə İmam Rzanın məqbərəsində xüsusi ayinlər icra etdiyi məlumdur. O, hətta Nəcəfdəki Həzrət Əlinin məqbərəsində saatlarla təkbaşına ibadət etmişdi... Bəzən də bütün gecəni yatmayaraq minacatla keçirirdi... Bütün bunlarla yanaşı, o, həmişə ədəb-ərkanı gözləyirdi. Hətta təhqiramiz məktub və tələblərlə gələn özbək elçiləri ilə belə nəzakətlə söhbətləşmiş, etik qaydalardan kənara çıxmamış və onlara bəxşişlər verərək yola salmışdı...” (Namiq Musalı. Anonim bir kaynağın işığında Şah İsmail’in hayatı ve şahsiyeti. Ahmet Yesevi Dergisi, 2023/1, səh. 81-82).

Şah İsmayılın yoluxucu xəstəlikdən vəfat etdiyinə dair də versiya var. Məsələn, “Şah İsmayıl Səfəvi şəxsiyyəti tarixi qaynaqlar güzgüsündə” adlı məqalədə (30.03.22, “525-ci qəzet”, müəllif: Mübariz Ağalarlı, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi) onun vərəm xəstəliyindən vəfat etdiyi vurğulanır, lakin bu məlumatın qaynağı göstərilmir. Eyni iddiaya Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsi tərəfindən çapa hazırlanan “Gəncə hökmdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” adlı nəşrin (“Elm” nəşriyyatı, 2020) 57-ci səhifəsində də rast gəlirik. Lakin burada da iddianın əsaslandığı mənbə verilməyib.

Türkiyənin tanınmış araşdırmaçılarından Tufan Gündüzün “Şah İsmâil” məqaləsində (Türkiye Diyanet Vakfı İslam Ansiklopedisi, 38-ci cild, səh. 253-255, İstanbul-2010) vəfat tarixi verilsə də, ölüm səbəbi barədə danışılmır.

Səfəvi müəllifləri isə şahın vəfatı ilə bağlı ötəri bəhs edirlər. Onlar Səfəvilərin başqa şahlarının zəhərlənməsi, sui-qəsdə məruz qalması barədə danışsalar da, Şah İsmayılın ölümünün konkret səbəbi haqqında susurlar. Məsələn, Həsən bəy Rumlu şahın anidən xəstələndiyini, həkimlərin bütün müdaxilələrinə baxmayaraq “saatbasaat zəiflədiyini, bədənin xəstəliyə müqavimət göstərməkdə aciz qaldığını” yazır. Rumlunun sadaladığı əlamətlərdən şahın zəhərləndiyini təxmin etmək olar.

“Aləmara-yi Şah İsmayıl”ın naməlum müəllifinə görə isə şahın səhhəti ölümündən 3 gün əvvəl pisləşməyə başlayıb, getdikcə ağırlaşıb, onun hərarəti artıb, nəticədə hətta namazını belə oturaraq qılmaq məcburiyyətində qalıb.

“Aləmara-yi Səfəvi” də adlanan həmin əsərdə Şah İsmayılın atası Şeyx Heydəri yuxuda görməsi və onun tərəfindən axirət səfərinə hazırlaşmağa çağırılması da təsvir edilir. Rəvayətə görə, Şah İsmayıl ov məqsədilə Şirvana yollanmışdı. Şirvanşah onu qarşılamaq üçün hazırlıq görmüş, ov heyvanlarının bir yerə toplanmasını əmr etmişdi. Lakin Şah gecə yuxuda atasını görür. Şeyx Heydər ona belə bir nida ilə müraciət edir: “Artıq gəlmək vaxtıdır, səni gözləyirəm”.

Yuxudan oyanan Şah İsmayıl ovdan imtina edir, hökmdarlıq və fatehlik libaslarını çıxararaq ağ geyim geyinir. Əmirləri bunun səbəbini soruşduqda isə onları əbədi dünyaya çağırdıqlarını bildirir. Bu hadisədən sonra Şah İsmayılın səfərini yarımçıq qoyaraq geri qayıtdığı nəql edilir.

Burada mənbənin yazılma tarixi xüsusi əhəmiyyət daşıyır. “Aləmara-yi Şah İsmayıl” ilk Səfəvi hökmdarının ölümündən təxminən 150 il sonra, 1675–1676-cı illərdə qələmə alınıb. Əsərdə tarixi məlumatlarla yanaşı, rəvayətlərə də əsaslandığını nəzərə alsaq, yuxu epizodunu Şah İsmayılın ölümünün tarixi səbəbi kimi deyil, sonrakı dövrlərdə onun şəxsiyyəti ətrafında yaranmış dini-mistik təsəvvürlərin ifadəsi olaraq qiymətləndirmək daha doğrudur. Dediklərimizi eyni əsərdə Şah İsmayılın başqa bir yuxusu ilə bağlı deyilənlər də təsdiqləyir. Naməlum müəllifin yazdığına görə, həmin yuxuda Əli ibn Əbu Talib (Həzrət Əli) Şah İsmayıla oğluna Təhmasib adı verməyi məsləhət görür. Bundan başqa, eyni əsərdə Nəsir Tusi adlı bir şəxsin ulduz falına baxaraq körpənin (Təhmasibin) gələcəkdə Səfəvi taxtına çıxacağını, osmanlılarla iyirmi beş il müharibə aparacağını, ardınca isə otuz il sülh dövrü yaşayacağını əvvəlcədən xəbər verməsi barədə yazılanlar da bu qaynağa müəyyən məqamlarda ciddi şübhələrlə yanaşmağı zəruri edir.

Şah İsmayıl harada vəfat edib?

İlk Səfəvi hökmdarının harada vəfat etdiyi də mübahisəlidir.

Qaynaqlarda onun həyata gözlərini yumduğu yerlər olaraq Təbrizin, Ucanın (Təbrizdən təxminən 55–60 kilometr cənub-şərqdə yerləşib), Sərabın və Sayın keçidinin adı göstərilir. Sonuncu Ərdəbil–Təbriz yolu üzərində, Savalan dağının şimal-qərb istiqamətindəki dağlıq ərazidə yerləşən tarixi dağ keçidi idi. Ucan isə orta əsrlərdə Azərbaycanın mühüm şəhərlərindən biri sayılırdı. XIII əsrin sonlarında Elxanlı hökmdarı Qazan xan bu şəhəri yenidən quraraq genişləndirmiş və “Şəhr-i-İslam” adlandırmışdı. Elxanlı hökmdarları buradan yay iqamətgahı kimi istifadə edirdilər. Təbriz, Marağa, Sərab və Rey istiqamətlərini birləşdirən yolların üzərində yerləşən Ucanın günümüzə qalıqları çatıb.

Əksər qaynaqlar Şah İsmayılın ölüm yeri olaraq Sayın keçidi (gədiyi) üzərində dayanır. Bəzi tarixçilər isə daha dəqiq məkan olaraq Sayın keçidini adladıqdan sonrakı düzənlikdə yerləşən Mankutay (Manqutay) kəndini göstərirlər. Lakin Şah İsmayılla bağlı bir çox mənbələrdə və müasir elmi tədqiqatların çoxunda həmin ada, demək olar ki, rast gəlinmir.

Türkiyəli tarixçi Şəfaəddin Dəniz qeyd edir ki, İsgəndər bəy Münşinin “Aləmara-yi Abbasi” əsərində Mankutay adını müəyyənləşdirdikdən sonra (Münşi belə yazır: “Sərab mahalının Mənqutay adlı yerində əbədi dünyaya köçdü”), bu ərazini daha ətraflı araşdırmaq məqsədilə Muğan-Ərdəbil və Təbriz istiqamətində yerləşən yaşayış məntəqələrinə səfər edib: “Şah İsmayılın Şəkidən qayıdarkən keçdiyi marşrut üzərində yerləşən Göytəpəni, daha sonra Savalan dağının şərq yamacındakı qışlaq və yaylaqları gəzdik, Ərdəbildə Şeyx Səfiəddin türbəsini ziyarət etdik. Oradan Sayın keçidinə yollandıq. İsgəndər bəyin adını çəkdiyi kəndin bu gün də mövcud olduğunu müəyyənləşdirdik. Kənd muxtarı və sakinləri ilə söhbətimiz zamanı Şah İsmayılın məhz burada vəfat etməsi barədə təəssüf ki, onların heç bir məlumatlarının olmadığını öyrəndik”.

“Encyclopaedia Iranica”dakı məqaləsində Səfəvi tarixinin ingilis araşdırıcısı Rocer Seyvori (1925–2022) Şah İsmayılın Təbriz yaxınlığında vəfat etdiyini yazır. “Türk Edebiyatı Eserler Sözlüğü”ndə (TEES) isə onun Təbrizdə həyata gözlərini yumduğu göstərilir.

Bütün bu deyilənləri müqayisəli şəkildə ümumiləşdirincə, ilk Səfəvi hökmdarının Sayın keçidində vəfat etməsi fikri daha ağlabatan görünür.

İlk Səfəvi şahının havada qalan vəsiyyəti

Naməlum müəllifin yazdığı “Aləmara-yi Şah İsmayıl” əsərində qızılbaş hökmdarının vəfatından bir qədər əvvəl əmirlərinə etdiyi vəsiyyətdən danışılır. Belə ki, Səfəvi şahı səhhəti ağırlaşınca Ərdəbilə qayıtmağa qərar verir. Şirvandan ayrılmağa hazırlaşdığı vaxt o, əmirlərindən Üləma Sultan Təkəliyə oğlu şahzadə Təhmasibin Ərdəbilə gətirilməsini buyurur. Ardınca əmirlərini öz ətrafına toplayan Şah İsmayıl öncə vəsiyyətini açıqlayır, sonra da vəsiyyətinə əməl ediləcəyi barədə and içdirir.

Səfəvi şahının vəsiyyətində deyilirdi: “Sufi olmağın yolu və ərkanı nifaqdan əl çəkmək, ittifaq etməkdir. Belə olduqda düşmən... üstünüzə hərəkət edə bilməz. Nə qədər ki sizin aranızda birlik var, qızılbaşlarla vuruşmağa heç bir hökmdarın qüdrəti və iradəsi çatmaz...”

Şah İsmayıl özündən sonra taxta oğlu Təhmasibin çıxmasını buyurdu. Ancaq onun azyaşlı olduğunu nəzərə alıb 7 il boyunca qızılbaş sərkərdəsi və əmirül-ümərası (əmirlər əmiri) Div Sultan Rumlunun Təhmasibə vəkillik etməsini tapşırdı. İsmayılın vəsiyyəti ilə oğlu yalnız 18 yaşına çatdıqda dövlət işləri tamamilə onun öz öhdəsinə buraxılacaqdı.

Şah həyata gözlərini yumduqdan sonra onun xanımı Taclı bəyim ərinin əmrini yerinə yetirərək 10 yaşlı oğlunun əlindən tutub Qızılbaş taxtına oturtdu. Ancaq naibliklə bağlı İsmayılın buyruğu söz olaraq qaldı – Təhmasibin vəkili Div Sultan Rumlu yox, elə Taclı bəyimin özü oldu.

Lakin hardasa 15-16 il sonra ana ilə oğulun münasibətləri pozulacaq, Təhmasib öz işlərinə Taclı bəyimin müdaxiləsi ilə barışmayacaq və onu Şiraza sürgün etdirəcək, Şah İsmayılın ən sevimli xanımı çox keçmədən elə oradaca müəmmalı şəkildə həyata gözlərini yumacaqdı. Bundan sonra kimi onun zəhərlənərək, kimi isə oğlunun özünə qarşı münasibətindən sarsılaraq öldüyünü yazacaqdı.

Əsas qaynaqlar:

Şefaattin Deniz. Safevî Devleti’nin Kurucusu Şah İsmail’in Ölümü. Türkiyat Mecmuası 33, 2 (2023): 753-779, İstanbul Üniversitesi Yayınevi.

Əkbər N. Nəcəf. Şah İsmayıl. “Altun kitab” nəşriyyatı, Bakı-2025.