
Ukraynada davam edən müharibə, kütləvi miqrasiya, cəbhə itkiləri və doğum səviyyəsinin kəskin aşağı düşməsi ölkədə demoqrafik böhranı dərinləşdirir. BMT-nin proqnozlarına görə, mövcud vəziyyət dəyişməzsə, 2040-cı ilədək Ukraynanın hökumətin nəzarətində olan ərazilərində əhalinin sayı 25 milyona qədər azala bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb.
Nəşrin məlumatına görə, Rusiyanın 2022-ci ildə başlatdığı genişmiqyaslı işğaldan sonra Ukraynanın nəzarətindəki ərazilərin əhalisi təxminən 37 milyondan 27-28 milyona düşüb. Demoqrafik azalmanın əsas səbəbləri arasında xaricə köçənlər və işğal altında qalan ərazilərdə yaşayan insanlar göstərilir. Hazırda həmin ərazilərdə 3-5 milyon ukraynalının olduğu ehtimal edilir.
Müharibə səbəbindən ölkəni tərk edənlərin sayı 5 milyonu ötüb. Üstəlik, qaçqınların vətənə qayıtmaq istəyi də getdikcə azalır. İqtisadi Strategiya Mərkəzinin məlumatına əsasən, 2022-ci ilin sonunda Ukraynadan gedənlərin 74 faizi geri dönməyi planlaşdırırdısa, hazırda bu göstərici 43 faizə enib.
Demoqrafik vəziyyəti ağırlaşdıran digər mühüm amil doğum səviyyəsinin aşağı düşməsidir. Ekspertlərin fikrincə, səfərbərlik, cəbhədəki itkilər və gələcəklə bağlı qeyri-müəyyənlik bir çox ailəni uşaq sahibi olmaq qərarını təxirə salmağa vadar edir. Ukraynada bir qadına düşən orta doğum sayı 2020-ci ildəki 1,2-dən 0,8-0,9-a qədər azalıb. Halbuki əhalinin təbii artımını təmin etmək üçün bu göstərici ən azı 2,1 olmalıdır.
Ukrayna hökuməti vəziyyəti dəyişmək məqsədilə yeni sosial dəstək mexanizmləri tətbiq edir. Qəbul edilən qanuna əsasən, uşağın doğulmasına görə 50 min qrivna birdəfəlik ödəniş, ilk il ərzində isə hər ay 7 min qrivna yardım nəzərdə tutulub. Bundan başqa, sonsuzluğun müalicəsi dövlət hesabına maliyyələşdirilir, hərbçilərə isə yumurta hüceyrələrini və spermanı ödənişsiz dondurmaq imkanı yaradılır. Bununla belə, mütəxəssislər müharibə şəraitində bu tədbirlərin demoqrafik böhranın qarşısını almaq üçün yetərli olmayacağını düşünürlər.
Nəşr yazır ki, müharibədən sonra işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün xarici vətəndaşların ölkəyə cəlb edilməsi də gündəmə gələ bilər. Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, Ukraynada hazırda təxminən 2,5 milyon işçi çatışmır.
“The Economist”in diqqət çəkdiyi digər məqam isə müharibənin başa çatmasının demoqrafik vəziyyəti dərhal yaxşılaşdırmayacağıdır. Belə ki, 1990-2000-ci illərdə doğulan nəsillər ölkə tarixində say baxımından ən kiçik nəsillərdən olduğundan, müharibədən sonra kütləvi doğum artımına ümidlər də məhduddur.
Aydın