
Avropanın bir neçə ölkəsində sərnişin təyyarələrinə bomba yerləşdirilməsi ilə bağlı təhdidlər qeydə alınıb. Hadisələr səbəbindən bəzi hava gəmiləri marşrutlarını dəyişərək başqa hava limanlarına enməli olub, İtaliyada isə sərnişin təyyarəsini müşayiət etmək üçün qırıcılar havaya qaldırılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Məlumata görə, Dublindən Romaya uçan “Aer Lingus” aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsi barədə məlumat daxil olduqdan sonra Fransanın Normandiya bölgəsinə yönləndirilib. Təyyarə hərbi aviasiya bazası olan Evre aerodromuna təhlükəsiz eniş edib. Göyərtədəki 151 sərnişin və altı ekipaj üzvünün təhlükəsizliyi təmin olunub. Hazırda hava gəmisi hərbi mütəxəssislər tərəfindən yoxlanılır.
Oxşar hadisələr Bolqarıstanda da yaşanıb. Yerli mətbuatın məlumatına görə, Kopenhagendən və Madriddən gələn təyyarələr Sofiyada, Londondan uçan hava gəmisi isə Plovdivdə məcburi eniş edib.
İtaliyada Finlandiyanın paytaxtı Helsinkidən Romaya uçan “Finnair” təyyarəsi bomba təhdidindən sonra ölkənin hərbi qırıcıları tərəfindən müşayiət olunub. Belçikada isə Polşanın LOT aviaşirkətinə məxsus təyyarə Brüsselin Zaventem hava limanına yönləndirilib.
Çexiya polisi də Praqaya uçan dörd təyyarənin bomba təhlükəsi barədə məlumat aldığını açıqlayıb. Hüquq-mühafizə orqanları təhdidlərin ilkin qiymətləndirməyə əsasən, aşağı etibarlılıq səviyyəsinə malik olduğunu bildirsə də, təhlükəsizlik tədbirlərinin gücləndirildiyini vurğulayıb. Təyyarələrin enişindən sonra onların pirotexniki yoxlamadan keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bu hadisələr Avropada aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir vaxtda baş verib. Bir neçə gün əvvəl də ən azı yeddi aviareysə, o cümlədən Böyük Britaniyadan həyata keçirilən iki uçuşa bomba təhdidləri daxil olub. Həmin vaxt bəzi təyyarələr istiqamətlərini dəyişməyə, bir sıra hava limanları isə fəaliyyətlərini müvəqqəti dayandırmağa məcbur qalıb.
Təhdidlərin arxasında kimin dayandığı hələlik məlum deyil. Bununla belə, aviasiya təhlükəsizliyi üzrə ekspert Metyu Bori Avropada insidentlərin eyni dövrə təsadüf etməsinin mümkün Rusiya izi ilə bağlı suallar yaratdığını bildirib. O, eyni zamanda, İranın da Avropanın bəzi bölgələrində hibrid müharibə apardığını xatırladıb.
Aydın