
Bakı şəhərində bir qadının həbsdə olan qızının cəzasını yüngülləşdirəcəyini vəd edərək ondan 14 min manat alan şəxs barəsində cinayət işi üzrə icraata xitam verilib.
Qaynarinfo xəbər verir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılan iş üzrə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) ilə ittiham olunub.
Məhkəmə materiallarına görə, hadisə zərərçəkmiş qadının qızının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi üzrə həbs edilməsindən sonra baş verib. Qadın qızını görmək üçün mütəmadi olaraq Bakı İstintaq Təcridxanasına gedib-gəlib. Bu müddətdə taksi sürücüsü ilə tanış olub və sonradan onların arasında münasibət yaranıb.
Taksi sürücüsü qadının qızının həbsdə olmasından xəbərdar olduğu üçün ona bu işdə kömək edə biləcək tanışının olduğunu deyib. Həmin şəxsin qızının cəzasını yüngülləşdirə biləcəyini bildirib və bu xidmət müqabilində 15 min manat tələb olunduğunu çatdırıb.
Qadın pul tapmaq üçün yaşadığı evi 34 min 500 manata satıb. 2022-ci ildə taksi sürücüsünün iştirakı ilə təqsirləndirilən şəxslə görüşüb və ona 14 min manat verib. Sonuncu qızının məhkəmə işinin həllinə kömək edəcəyini vəd etsə də, sonradan məlum olub ki, pulu şəxsi ehtiyaclarına xərcləyib.
Qızın işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ona 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bundan sonra zərərçəkmiş qadın pulunu geri tələb etməyə başlayıb. Təqsirləndirilən şəxs isə əvvəlcə idarə etdiyi “Mercedes” markalı avtomobili ona təklif edib. Lakin avtomobilin lizinqdə olması və texniki vəziyyəti ilə bağlı problemlər səbəbindən bu məsələ də nəticəsiz qalıb.
Daha sonra avtomobil taksi sürücüsünün istifadəsinə verilsə də, lizinq şirkəti ödənişlər və nasazlıqlarla əlaqədar nəqliyyat vasitəsini geri götürüb. Təqsirləndirilən şəxs digər avtomobilini sataraq borcunu ödəyəcəyini desə də, bu vədinə də əməl etməyib. Zərərçəkmişə ümumilikdə cəmi 1850 manat qaytarılıb.
Məhkəmədə təqsirləndirilən şəxs ilkin ifadəsində ittihamı qəbul etməsə də, sonrakı ifadəsində 14 min manatı aldığını və şəxsi ehtiyaclarına xərclədiyini etiraf edib. O, əməlindən peşman olduğunu, dəymiş zərəri tam ödədiyini və zərərçəkmişlə barışdığını bildirib.
İşə baxan məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan övladı var. O, həmçinin zərərçəkmişə dəymiş maddi ziyanı tam ödəyib və qarşı tərəfin ona qarşı şikayət və tələbi qalmayıb.
Bu halları nəzərə alan məhkəmə Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 2025-ci il tarixli qərarını tətbiq edib.
Nəticədə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməsinə və cinayət işi üzrə icraata xitam verilməsinə qərar verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri də ləğv olunub.
Seyid