
İqlim dəyişikliyi Kür çayı hövzəsində ciddi fəsadlara yol aça bilər. Temperaturun yüksəlməsi, yay aylarında yağıntıların azalması, quraqlığın güclənməsi ilə yanaşı, daşqın, torpaq sürüşməsi və sel risklərinin artacağı proqnozlaşdırılır.
Asiya İnkişaf Bankının (AİB) “Buzlaqlardan fermalara kimi: iqlim risklərinin və potensialın qiymətləndirilməsi və tövsiyələr” adlı hesabatında qeyd olunur ki, 2035-ci ilədək Kür hövzəsində qış temperaturu təxminən 1°C, 2085-ci ilədək isə 5°C-yə qədər yüksələ bilər.
Hesabata əsasən, payız və qış aylarında yağıntıların miqdarında cüzi artım gözlənilsə də, yaz və yay ayları daha quraq keçəcək. Yayda temperaturun 5°C-yə qədər yüksələcəyi, yağıntıların isə 20 faizədək azalacağı ehtimal olunur.
Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında bunun hazırda ən aktual ekoloji problemlərdən biri olduğunu bildirib:

"Belə şəraitdə Kür hövzəsində yağıntıların azalması ehtimalı yüksəkdir. Quraqlığın güclənməsi də gözlənilir. Bu, dünyada baş verən iqlim dəyişikliyinin nəticəsidir. Azərbaycan da dünyanın bir hissəsidir. Xüsusilə bu ərazilərdə yay aylarında temperaturun yüksəlməsi və buxarlanmanın artması suya tələbatı artıracaq. Su çatışmazlığı kənd təsərrüfatında məhsuldarlığın əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Bu isə müəyyən mənada ərzaq təhlükəsizliyimizi sual altına alır”.
Xosrov Musayev hesab edir ki, iqlim dəyişikliyinin təsirlərini yumşaltmaq üçün indidən zəruri tədbirlər görülməlidir:
“Biz iqlim dəyişikliyinin təsirlərini azaltmaq istiqamətində işlər görməliyik. İlk növbədə, quraqlığa davamlı kənd təsərrüfatı bitkiləri yetişdirməli, yeni sortlar yaratmalıyıq. Digər tərəfdən, müasir texnologiyalardan, o cümlədən damcı suvarma sistemlərindən istifadə etməliyik. Bununla yanaşı, dövrün tələblərinə uyğun müasir əkinçilik metodlarına keçməliyik”.
Ekoloq iqlim dəyişikliyinin digər ciddi fəsadlarından birinin qısamüddətli intensiv yağıntılar olduğunu vurğulayıb:
“Bəzən bir ay ərzində düşməli olan yağıntı bir neçə saat ərzində yağır. Bu, xüsusilə yağıntıların çox olduğu Asiya ölkələrində torpaq sürüşmələrinə, daşqınlara və sellərə səbəb olur. Azərbaycanda da bəzən yağıntının miqdarı illik normanı ötür. Bütün bunlar dünyada baş verən iqlim dəyişikliyinin nəticəsidir. İqlim dəyişikliyi iqtisadiyyata da ciddi zərər vurur. 1980-ci illərdə dünyada təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 30 milyard dollar xərclənirdisə, 2000-ci ildə bu rəqəm 70 milyard dollara çatıb. Hazırda isə həmin xərclər 100 milyard dolları ötür. Bu vəsait təbii fəlakətlərin iqtisadiyyata vurduğu zərərin nəticələrinin aradan qaldırılmasına sərf olunur”.
Xosrov Musayev temperaturun yüksəlməsinin davam edəcəyini və bunun müxtəlif fəsadlara yol aça biləcəyini bildirib. Onun sözlərinə görə, söhbət ayrı-ayrı günlərdə qeydə alınan temperaturdan deyil, orta illik temperaturun artmasından gedir.
Bahar Rüstəmli