Xəbər lenti

257 min avroluq saatı oğurlayan şəxs onu üzrxahlıq məktubu ilə geri qaytardı
Dünya10:11 05.11.2026

257 min avroluq saatı oğurlayan şəxs onu üzrxahlıq məktubu ilə geri qaytardı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaponiyanın paytaxtı Tokioda dəyəri təxminən 257 min avro olan lüks qol saatını oğurlayan naməlum şəxs bir neçə gün sonra onu kuryer vasitəsilə mağazaya qaytarıb. Bağlamanın içərisində əl yazısı ilə qələmə alınmış üzrxahlıq məktubu da olub.

Qaynarinfo xəbər verir ki, bu barədə “The Japan Times” nəşri məlumat yayıb.

Hadisə oktyabrın 29-da axşam saatlarında Tokionun Nakano rayonunda yerləşən “Nakano Broadway” ticarət mərkəzində baş verib. Qara geyimli kişi özünü müştəri kimi təqdim edərək saat mağazasına daxil olub və bahalı modellərdən birinə baxmaq istədiyini bildirib.

Satıcı saatı ona təqdim etdikdən sonra şübhəli şəxs onu sol biləyinə taxaraq qəfil mağazadan qaçıb. Oğurlanan saatın İsveçrənin “Audemars Piguet” markasına aid olduğu və dəyərinin 46 milyon yen (təxminən 257 min avro) təşkil etdiyi bildirilir.

Lakin noyabrın 1-də mağaza əməkdaşları kuryer vasitəsilə göndərilmiş bağlama alıblar. Bağlamanın içərisində oğurlanan saat və “Çox üzr istəyirəm” sözləri yazılmış qeyd olub. Seriya nömrəsinin yoxlanılması saatın oğurlanan nümunə olduğunu təsdiqləyib.

Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir. Bağlamanın üzərində göstərilən göndərən məlumatlarının saxta olduğu müəyyən edildiyindən, şübhəlinin kimliyini hələlik müəyyənləşdirmək mümkün olmayıb.

Aydın