
Şişkinliyi aradan qaldırmaq üçün sidikqovucu bitkilərdən istifadə, sauna, isti vanna və intensiv masaj gözlənilən nəticəni verməməklə yanaşı, sağlamlıq üçün əlavə problemlər yarada bilər. Mütəxəssislər bu üsulların bəzi hallarda vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə damar cərrahı və fleboloq Konstantin Surtaev gazeta.ru-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, ödem müstəqil xəstəlik deyil, toxumalarda mayenin toplanmasıdır. Buna uzun müddət oturmaq, həddindən artıq duz qəbulu və ya travma səbəb ola bilər. Lakin şişkinlik ürək, böyrək, qaraciyər, damar və qalxanabənzər vəz xəstəliklərinin də əlaməti ola bilər. Buna görə də bütün hallarda təsirli olan universal ev müalicəsi yoxdur.
Mütəxəssis xüsusilə sidikqovucu bitkilərin nəzarətsiz istifadəsini təhlükəli hesab edir. Mərcangilə yarpağı, qatırquyruğu, ayıqulağı və cəfəri sidik ifrazını artıra bilər, lakin ödemin əsas səbəbini aradan qaldırmır. Bu vasitələrin həddindən artıq qəbulu susuzlaşmaya, təzyiqin aşağı düşməsinə və orqanizmdə elektrolit balansının pozulmasına gətirib çıxara bilər.
Həkim tanışların məsləhəti ilə aptekdən alınan sidikqovucu dərmanların qəbulunu da məsləhət görmür. Belə preparatların dozası böyrəklərin vəziyyəti və elektrolit göstəriciləri nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Əks halda əzələ qıcolmaları, ürək ritminin pozulması və böyrəklərin fəaliyyətinin pisləşməsi mümkündür.
Surtaev su qəbulunun kəskin azaldılmasının da düzgün yanaşma olmadığını vurğulayıb. Bu üsul bəzi hallarda susuzlaşmaya səbəb ola bilər. Eyni zamanda sauna və isti vannaların şişkinliyi müalicə etmədiyini, əksinə, təzyiqin düşməsi və maye itkisi ilə nəticələnə biləcəyini qeyd edib.
Hansı hallarda həkimə müraciət edilməlidir?
Mütəxəssis qəfil şişən ayağın intensiv masaj edilməsinin xüsusilə təhlükəli olduğunu bildirib. Bir ayaqda yaranan şişkinlik ağrı, qızartı və həmin nahiyədə istilik hissi ilə müşayiət olunursa, bu, dərin vena trombozunun əlaməti ola bilər. Belə vəziyyətdə vaxt itirmədən tibbi yardım almaq lazımdır.
Həkim kələm, kartof, duz və soda ilə hazırlanan kompreslərin də artıq mayeni toxumalardan çıxarmadığını bildirib. Sərin kompres narahatlığı müvəqqəti azalda bilsə də, xəstəliyi müalicə etmir. Spirtli və yüksək konsentrasiyalı duz məhlulları dərini qıcıqlandıra, düzgün tətbiq edilməyən sıx sarğılar isə qan dövranını poza bilər.
Aydın