Xəbər lenti

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər
Sağlamlıq00:00 04.11.2026

Payızda "xoşbəxtlik hormonu": Gündə bir ovuc qoz əhval-ruhiyyəni yaxşılaşdıra bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qoz yalnız ürək və beyin sağlamlığı üçün deyil, əhval-ruhiyyənin yaxşılaşmasına da müsbət təsir göstərə bilər. Yeni araşdırmaya əsasən, hər gün bir ovuc qoz yemək əhval pozuntularının azalması ilə əlaqəli ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hazipatika" nəşri yazıb.

İspaniyalı alimlərin “Food & Function” elmi jurnalında dərc olunan araşdırmasında 20-35 yaş arası 31 sağlam şəxs iştirak edib. Tədqiqat zamanı könüllülər səkkiz həftə ərzində gündə 40 qram qoz qəbul ediblər.

Nəticələr göstərib ki, qoz yeyən iştirakçıların sidiyində serotonin parçalanması nəticəsində yaranan 5-HIAA maddəsinin səviyyəsi artıb. Gündəlik dildə “xoşbəxtlik hormonu” adlandırılan serotoninlə əlaqəli bu göstəricinin yüksəlməsi daha yaxşı əhval-ruhiyyə ilə əlaqələndirilib.

Bununla belə, alimlər araşdırmanın az sayda iştirakçı ilə aparıldığını və qozun birbaşa beyində serotonin səviyyəsini artırdığını sübut etmədiyini vurğulayıblar. Müşahidələr yalnız bu məhsulun müntəzəm qəbulu ilə əhval-ruhiyyənin yaxşılaşması arasında mümkün əlaqəyə işarə edir. Təsirin mexanizmini dəqiqləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Qoz omeqa-3 yağ turşuları, triptofan, lif və polifenollarla zəngindir. Triptofan serotonin istehsalında iştirak edən maddələrdən biridir. Lif və polifenollar isə bağırsaq mikrobiomuna və sinir sisteminin fəaliyyətinə müsbət təsir göstərə bilər.

Mütəxəssislərin tövsiyəsinə görə, gündə təxminən 30-40 qram, yəni bir ovuc qoz qəbul etmək ürək-damar sağlamlığını dəstəkləməklə yanaşı, psixoloji rifaha da töhfə verə bilər.

Aydın