
İsveçrənin Bazel Universitetinin alimləri müntəzəm soyuq duş qəbulunun insanın fiziki və psixoloji vəziyyətinə müsbət təsir göstərə biləcəyini müəyyən ediblər. Araşdırmaya əsasən, bu vərdişi mənimsəyən şəxslər xəstəlik səbəbindən işdən və ya dərsdən qalmaq üçün daha az müraciət ediblər.
Qaynarinfo xəbər verir ki, tədqiqatın nəticələri universitetin rəsmi saytında dərc olunub.
Eksperimentdə 18-65 yaş aralığında olan, əvvəllər soyuq duş qəbul etməyən 719 sağlam könüllü iştirak edib. 12 həftə davam edən araşdırma müddətində onlara mümkün qədər soyuq su ilə duş qəbul etmək tapşırılıb.
Nəticələr göstərib ki, bu qaydaya əməl edən iştirakçılar özlərini fiziki və psixoloji baxımdan daha yaxşı hiss etdiklərini bildiriblər. Həmin qrupda xəstəliklə əlaqədar işdən qalma halları da nəzarət qrupu ilə müqayisədə daha az qeydə alınıb.
Alimlərin sözlərinə görə, iştirakçıların bir çoxu soyuq duşdan sonra özlərini daha gümrah və enerjili hiss etdiklərini də qeyd ediblər. Bu vərdişin ekoloji baxımdan da müsbət tərəfi aşkarlanıb: suyun qızdırılması üçün daha az enerji sərf olunduğundan, hər bir iştirakçının duş qəbulu ilə əlaqəli karbon emissiyası təxminən 15 kiloqram azalıb.
Tədqiqat müəllifləri soyuq duşa başlamaq istəyənlərə suyun temperaturunu birdən-birə aşağı salmamağı, bunu tədricən və orqanizmin reaksiyasını nəzərə alaraq etməyi tövsiyə edirlər.
Bununla belə, alimlər vurğulayırlar ki, araşdırmanın nəticələri soyuq duşun infeksiyalardan birbaşa qoruduğunu sübut etmir.
Aydın