
Qırğızıstan və Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov ölkəsinin Müstəqillik Gününün 35-ci ildönümünə həsr olunmuş tədbirdə bildirib.
"Qırğızıstanla Azərbaycan arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edir. Bu münasibətlər davamlı siyasi dialoq, iqtisadi əlaqələrin fəallaşması və müxtəlif sahələrdə əməkdaşlığın ardıcıl genişlənməsi ilə xarakterizə olunur", - o deyib.
Səfirin sözlərinə görə, son illərdə ikitərəfli əməkdaşlıq strateji müstəviyə keçib və bir neçə istiqamətdə inkişaf edir.
"Yüksək səviyyəli müntəzəm təmaslar, birgə dövlətlərarası mexanizmlərin, o cümlədən Dövlətlərarası Şura, İqtisadi və Humanitar Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, eləcə də Azərbaycan-Qırğızıstan İnkişaf Fondu vasitəsilə konkret layihələrin həyata keçirilməsi uzunmüddətli tərəfdaşlığımızın möhkəmlənməsindən xəbər verir", - diplomat qeyd edib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin 30-31 iyul tarixlərində Qırğızıstana dövlət səfərini xüsusi qeyd edib.
"Bu səfər ikitərəfli münasibətlərimiz tarixində əlamətdar hadisə oldu və müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması sayəsində Qırğızıstan-Azərbaycan əməkdaşlığını müttəfiqlik tərəfdaşlığı səviyyəsinə çıxardı", - səfir bildirib.
Mamıtkanov həmçinin qeyd edib ki, səfər zamanı İssık-Kul gölünün sahilində beşulduzlu "Baku Hotel" mehmanxana kompleksinin açılması, eləcə də Azərbaycan-Qırğızıstan İnkişaf Fondu çərçivəsində yeni layihələrin işə salınması iqtisadi qarşılıqlı fəaliyyətin nəticəsi olub.
Onun sözlərinə görə, iki ölkənin əməkdaşlığı Mərkəzi Asiya və Cənubi Qafqazın nəqliyyat bağlantısının möhkəmlənməsinə kömək edərək, daha geniş regional əhəmiyyətə malikdir.
"Ölkələrimiz Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, həmçinin Orta Dəhliz kimi tanınan marşrutla birləşdirilməsinin vacibliyi barədə eyni mövqedədir. Bu sahədə həyata keçirilən layihələr Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni imkanlar yaradır", - diplomat vurğulayıb.
Səfir həmçinin ölkələr arasında humanitar əlaqələrin inkişafına da diqqət çəkib. O, xüsusilə də Ağdam rayonundakı "Ayköl Manas" orta məktəbini Qırğızıstan və Azərbaycan xalqlarının tarixi yaxınlığının rəmzi adlandırıb.
Digər əhəmiyyətli birgə təşəbbüslər sırasında Mamıtkanov 2022-ci ilin oktyabrında Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının və Nizami Gəncəvi adına orta məktəbin, eləcə də 2024-cü ilin aprelində Bakıda qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışını xatırladıb.
O əlavə edib ki, Azərbaycanda Qırğızıstanın Mədəniyyət Günləri, Qırğızıstanda isə Azərbaycanın Mədəniyyət Günləri qarşılıqlı əsasda müntəzəm olaraq keçirilir.