Xəbər lenti

Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər
Sağlamlıq15:47 02.11.2026

Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tütün tüstüsündəki zərərli maddələr qan dövranına keçərək birbaşa tüstü ilə təmasda olmayan orqanlara da zərər verə bilər. Onkoloq Anastasiya Fatyanovanın sözlərinə görə, siqaret qida borusu, mədəaltı vəzi, böyrək, sidik kisəsi və mədə xərçəngi riskini artırır.

Qaynarinfo xəbər verir ki, həkim bu barədə “RT”yə açıqlamasında danışıb.

Mütəxəssis bildirib ki, tütün tüstüsünün uzun müddət təsirinə məruz qalmaq orqanların selikli qişasını zədələyə və hüceyrələrdə dəyişikliklərə səbəb ola bilər. Bu xəstəliklərin bəziləri ilkin mərhələdə ciddi əlamətlərlə özünü büruzə vermədiyindən, vaxtında aşkarlanması çətinləşir.

Fatyanovanın sözlərinə görə, qida borusu xərçəngi zamanı udqunma çətinliyi və yeməkdən sonra döş sümüyünün arxasında narahatlıq yarana bilər.

Mədəaltı vəzi xərçəngini erkən müəyyənləşdirmək isə xüsusilə çətindir. Səbəbsiz çəki itkisi, sarılıq, qarının yuxarı hissəsində başlayaraq kürəyə yayılan ağrı bu xəstəliyin mümkün əlamətləri sırasındadır. Həkim qeyd edib ki, belə simptomlar bəzən başqa xəstəliklərlə səhv salınır və ya yorğunluq, stresslə əlaqələndirilir.

Onkoloq böyrək və sidik kisəsi ilə bağlı problemlərə də diqqət çəkib. Sidiyə çıxma zamanı ağrı, sidiyə getmə tezliyinin dəyişməsi, ödem, yüksək təzyiq və sidiyin rəngində fərqlilik müşahidə edildikdə həkimə müraciət etmək tövsiyə olunur.

Fatyanova siqaretin mədə xərçəngi ehtimalını da artırdığını vurğulayıb. Xüsusilə bu vərdişin Helicobacter pylori infeksiyası ilə birlikdə olması riski daha da yüksəldə bilər. Uzun müddət davam edən mədə yanması, qarının yuxarı hissəsində ağrı, az miqdarda qida qəbulundan sonra toxluq hissi, ürəkbulanma və səbəbsiz arıqlama müayinə üçün əsas ola bilər.

Həkim risk qrupuna daxil olan şəxslərə zərurət yarandıqda qastroskopiya müayinəsinin təyin edilə biləcəyini bildirib.

Aydın